Onlayn ictimai-siyasi qəzet
Göyçayda çalışdığı lombarddan 140 min manat mənimsəməkdə ittiham edilən Azad Usubovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Musavat.com xəbər verir ki, ittihama görə Azad Usubov lombarda girov olaraq qoyulan qızılları, müştərilərin ödədiyi aylıq ödənişləri mənimsəməklə yanaşı 32 nəfərin adına da girov olmadan kredit ayırıb. Bununla da lombard sahibinə 140 min manat ziyan vurub.
Azad Usubov elan edilmiş ittihamla özünü qismən təqsirli bilib. Deyib ki, məbləğ deyildiyi kimi 140 min manat yox, 25-30 min manatdır.
İstintaqda və audit yoxlamasında 140 min manatlıq ziyanla razılaşmasının səbəbini izah edən Azad Usubov bunları deyib: “Yoldaşım da mənimlə işləyirdi. Bir müddət sonra işdən çıxdı. Mən razılaşdım ki, bu işdə arvadımın adını çəkməsinlər, mən də məbləğlə razılaşım”.
İstintaq zamanı Azad Usubovun 32 nəfər qohumunun adına girov qoyulmadan kredit ayırdığı da müəyyən edilib.
İşdə diqqət çəkən detallardan biri budur ki, Azad Usubovun lombarda məxsus qızılları və nağd pulları ələ keçirdiyi müəyyən ediləndə audit yoxlaması başlayıb. Audit yoxlaması aparılan ərəfədə kassada olan 6 müştəriyə məxsus qızıllar və nağd pul da A.Usubov tərəfindən ələ keçirilib.
A.Usubov ifadəsində deyib ki, lombarddan götürdüyü qızılları başqa lombarda girov qoyaraq pul götürüb. Krediti ödəyə bilmədiyi üçün lombardlar həmin qızılları satıb.
Zərərçəkmiş kimi tanınan Vüqar adlı lombard sahibi A.Usubov barəsində qanunla nəzərdə tutulan cəzanın verilməsini istəyib.
A.Usubov əlavə edib ki, zərəri 25-30 min manat olaraq qəbul edir buna görə də evini və torpağını sataraq pulu ödəyə bilər.
Şəki Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Azad Usubov mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə də təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İ.Muradov
Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ