İnsanlara hürriyət, millətlərə istiqlal!

"İrəvanın son addımları Laçın dəhlizinin bağlanmasına səbəb ola bilər” - politoloq

STM əməkdaşı: “Ermənistanın gülünc iddiaları heç bir formada Rusiya üçün sərfəli deyil”

 “Əvvəla, bizim üçün aydın olmalıdır ki, Ermənistan tərəfindən heç bir çərənləmə real əsaslı deyil. Ermənistanın qanunsuz olaraq “nəzarət etdiyi” anklavlarla bağlı Azərbaycan dövlətinin ortada rəsmi mövqeyi var. Azərbaycan XİN-in bu məsələdəki yekun mövqeyi özlüyündə hər şeyi ehtiva edir”.

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov bu fikirləri Musavat.com-a, son zamanlar rəsmi İrəvanın sülh prosesini pozmağa yönəlik cədhlərindən bəhs edərkən söylədi. Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının mayın 16-17-nə təyin edilmiş iclasının niyə baş tutmaması ilə bağlı sualı cavablandırarkən tərəflərin razılaşmalı olduğu bəzi texniki detalların olduğunu iddia edib. “Əmin edə bilərəm ki, biz bu görüşün təşkili ilə bağlı müzakirələrimizi davam etdirəcəyik. Tərəflərin razılaşmalı olduğu bəzi texniki detallar var. Ümid edirəm ki, yaxın günlərdə və ya həftələrdə görüş baş tutacaq”, - Mirzoyan iddia edib. Ancaq rəsmi İrəvanın Qazax rayonunun işğal altındakı 7 kəndini və Kərkini qaytarmağa hazırlaşmaması da aydın müşahidə olunur. T.İsmayılov bu mövzuda bəzi xatırlatmalar etdi: “Bir məsələni də unutmamalıyıq ki, Türkiyə rəhbəri Ərdoğan da hələ 2020-ci ildə Qazaxın kəndlərinin qaytarılacağını vurğulamışdı. Ona görə də Ermənistanın provokasion bəyanatları artıq adi hal alıb və heç bir əhəmiyyəti yoxdur. Özünə və atdığı imzalara heç bir hörmət etməyən dövlətin Azərbaycan kimi qalib, güclü tərəfə nələrsə diqtə etmək imkanları faktiki mövcud deyil”.

88jpg-1625729446.jpg (87 KB)

Bəzi müşahidəçilər Ermənistanın rus hərbçilərinə, daha doğrusu, Ermənistandakı rus sərhədçilərə güvənərək belə həyasızlıq etdiyini düşünürlər. T.İsmayılov isə Rusiyanın bu məsələdə pozucu mövqedə qalacağını düşünmür: “Bunun iki səbəbi var. Əvvəla, Rusiya iki ölkə arasında delimitasiya və demarkasiya prosesinin olmağında maraqlıdır. Çünki Ukrayna müharibəsindən sonra Rusiyanın özəlliklə iqtisadi manevr imkanları məhdudlaşıbdır. Regional kommunikasiya və tranzit imkanları isə delimitasiya prosesini mütləq tələb edir. İkincisi isə unutmamaq lazımdır ki, anklavlar mövzusunda Ermənistana hansısa bir dəstək verilməyi Rusiyanın korlanmış imicini daha da pis edəcək. O səbəbdən indiki situasiyada Rusiyanın anklavlarla bağlı Azərbaycanın əleyhinə addımlar atmağı real görünmür. Lakin Rusiya da güvəniləcək bir ölkə statusunda deyil hazırda, istənilən bəyənmədiyi bir situasiyada ermənilərdən anklavlar məsələsində oyuncaq kimi yararlana bilər”.

Bu mənada politoloq əminliklə qeyd etdi ki, Rusiyanın orada ərazilərin qaytarılması prosesində iştirakı gözləniləndir: “Çünki anklavların qaytarılması prosesində problemlər yarana bilər. Bu baxımdan hələlik Rusiyanın ora yaxın ərazilərdə torpaq icarəyə götürməsi ola bilsin ki, bu məqsədə xidmət etsin. İstənilən halda Ermənistan anklavlar mövzusunda da hansısa təxribatlara davam etsə biz mümkün 3 addım ata bilərik; Birincisi, “Dəmir Yumruq” yenidən işə düşə bilər. İkincisi, Azərbaycan sülhlə bağlı mövqeyindən geri çəkilə bilər. Üçüncüsü, bundan sonra Ermənistanla bütün delimitasiya danışıqlarından imtina edə bilər. Hazırda Ermənistanın gülünc iddiaları heç bir formada Rusiya üçün sərfəli deyil”.

zaur(8).jpg (76 KB)

Bakı Politoloqlar Mərkəzinin rəhbəri, politoloq Zaur Məmmədov isə hesab edir ki, Paşinyanın son bir ayda iki dəfə işçi qrupunun görüşünün vaxtını uzatması Avropa İttifaqı tərəfindən xoş qarşılanmamalı, Şarl Mişel tərəfindən müvafiq “qiymətə” layiq görülməlidir. “Üstəlik, dünən Ararat Mirzoyanın Minsk Qrupu və statusla bağlı səsləndirdiyi fikirlər bu dövlətin marionetka olduğunun bariz nümunəsidir”. Politoloqun fikrincə, əgər daha bir müddət də danışıqlardakı öhdəliklərə əməl edilməsə, Laçın yolu məsələsi gündəmə gətirilə bilər. “Ermənistanın son addımları Laçın dəhlizinin bağlanmasına və Azərbaycan - Ermənistan sərhəd xəttinin hərbçilərimiz tərəfindən “çəkilməsinə” səbəb ola bilər”-Z.Məmmədov əlavə edib.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR