İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın sərhəd təxribatının SENSASİON PƏRDƏARXASI

 

Paşinyanın Azərbaycana quru əlaqə təklif etdiyi ərazidə silahları kim və niyə işə saldı?; ordusuna nəzarət edə bilməyən baş nazir sülhdən danışır... 

Şərti sərhədlərdə bir müddətdir hakim olan nisbi sabitlik yenidən düşmənin təxribatları nəticəsində pozulub. Martın 5-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Xnatsax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

Məlumata görə, martın 6-da Naxçıvanın Sədərək rayonu, Heydərabad qəsəbəsində açıq ərazidə Ermənistan tərəfindən yanğın törədilib. Yanğın nəticəsində təxminən 7 hektar sahədə quru ot və qamışlıq ərazi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Sədərək istiqamətində təxribata əl atılması İğdır-Naxçıvan qaz kəmərinin açılışından sonra törədildiyi üçün təsadüfə bənzəmir. Digər tərəfdən, Ermənistan Sədərəyin 36-cı ildir işğal altında olan Kərki kəndini azad etməkdənsə, bu bölgədə alçaq təxribata əl atırsa, deməli, gərginliyi tətikləmək tapşırığı alıb. Avropa İttifaqının Ermənistandakı missiyasının daha iki il bölgədə qalması razılaşdırılıb və heyətin sayının artırılması istəyi də mövcuddur. İstisna deyil ki, Gorusdan Sədərəyəcən davam edən təxribatlar həm də Aİ missiyasının sayının 209-dan yuxarı artırılması məqsədi daşıyır ki, bütün şərti sərhədləri əhatə edə bilsinlər. Kəsəsi, rəsmi İrəvan çox təhlükəli oyunlarla məşğuldur.

Yeri gəlmişkən, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə son həftələrdə sərhəddəki vəziyyət xüsusi müzakirə olunub. Müdafiə naziri komanda heyəti ilə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraitini təhlil edib. Şərti dövlət sərhədində döyüş növbətçiliyinin təşkili, təhlükəsizlik qaydalarının daim diqqət mərkəzində saxlanılması, ayıq-sayıqlığın artırılması, qarşı tərəfin fəaliyyətinin fasiləsiz müşahidəsinin və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib.

Əcaib olan budur ki, N.Paşinyan bir neçə gün əvvəl Laçın yolundan keçməklə Ermənistan üzərindən Azərbaycanın Naxçıvan istiqamətində yükdaşımaları həyata keçirməyə çağırmışdı. Düzdür, Paşinyanın təklifinin sadəcə blef olduğu və Zəngəzur dəhlizini arxa plana keçirmək məqsədilə ortaya atıldığı əvvəldən bəlli idi. Təsadüfi deyil ki, Azərbaycan XİN dərhal İrəvandan verilən təklifin anormallığını faktlarla sübuta yetirdi. Ermənistanın baş naziri Nikol Paşinyan martın 4-də ölkəsi və Azərbaycan arasında nəqliyyat əlaqələrinə toxunan məqalə ilə çıxış etmişdi. Məqalədə baş nazir Ermənistanın öz ərazisi üzərindən Azərbaycandan gələn yük və sərnişin daşımalarının Türkiyə və Naxçıvana getməsinə açıq olduğunu bildirib. Paşinyan bildirib ki, hələ 2022-ci ildə onun başçılıq etdiyi hökumət iki ölkə sərhədindəki gömrük-keçid məntəqələrini yük və sərnişin daşımalarına açmaq təklifi ilə Azərbaycana müraciət edib, lakin qarşı tərəf etiraz edib. Naxçıvana Ermənistan üzərindən giriş üçün infrastrukturun hələ də hazır olmadığını xatırladan baş nazir əvəzində müvəqqəti olaraq Azərbaycandan gələn yüklərin Laçın-Kornidzor buraxılış məntəqəsi ilə Ermənistana və sonra Marqara məntəqəsi ilə Türkiyəyə daşınmasını təklif edib. “Eynisi əks istiqamətə də aiddir. Bu cür tranzit yüklərin daşınması üçün lazım olan fiziki infrastruktur artıq hazırdır və görüləcək iş de-yure qərarın qəbul edilməsidir. Azərbaycan və Türkiyədən maraq olsa, belə bir qərarı qəbul etməyə hazırıq”, - deyə o bildirib. Paşinyan yük nəqliyyatının təhlükəsizliyinə təminat verdiyini bildirib və əlavə edib ki, əgər azərbaycanlı sürücülərin Ermənistan daxilində sükan arxasında olmaqla bağlı “psixoloji çətinliyi” olarsa, nəqliyyatı Türkiyə nömrəli yük maşınları ilə həyata keçirmək olar. Bununla belə, Ermənistan baş naziri qeyd edib ki, ölkəsi heç vaxt “suverenliyinin, yurisdiksiyasının və ya ərazi bütövlüyünün hər hansı yolla məhdudlaşdırılmasına” razılaşmayacaq və bu Ermənistanın cənubu üzərindən Azərbaycan və Naxçıvanı birləşdirəcək yola da aiddir. Paşinyan həm də qeyd edib ki, 2022-ci ildə sərhəd keçidlərində pasport və yük yoxlanışlarının beynəlxalq orqana həvalə edilməsini təklif ediblər, amma Azərbaycan buna da razılaşmayıb. O vurğulayıb ki, ölkəsi Azərbaycan-Naxçıvan əlaqəsi məsələsində maneə yaratmağa çalışmır. “Əgər Bakının narahatlığı Naxçıvanla və geriyə doğru etibarlı yük daşımalarını təmin etməkdirsə, bu məsələ həllini tapır. Bircə Azərbaycanın "hə" deməsi qalır. Ermənistan ərazisində dəmir yolunun tikintisi bir qədər vaxt aparacaq. Yerasx-Naxçıvan sərhədində daha bir qısa dəmir yolu xətti də çəkilməlidir, lakin bu, Ermənistan-Azərbaycan və Azərbaycan-Türkiyə dəmir yolu əlaqəsi üçün lazımdır və bu işi də tez yerinə yetirmək olar. Eyni prinsiplə biz Azərbaycandan Naxçıvana boru kəmərlərinin, elektrik xətlərinin, kabellərin tranzitini təmin etməyə hazırıq. Bu təkliflərin Azərbaycan tərəfindən niyə rədd edildiyi aydın deyil. Ümid edirəm ki, bu, eskalasiya üçün saxta bəhanə yaratmaq üçün deyil", - deyə o yazıb.

XIN-de yeni vezife alan Ayxan Hacizade kimdir? -

Ayxan Hacızadə 

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Paşinyana cavabında Ermənistanın “mahiyyətcə lüzumsuz, icrası mürəkkəb və praktiki olaraq uzun marşrutlarla bağlı təkliflər” irəli sürməsinin “diqqəti prosesdən və öhdəliklərdən yayındırmağa” xidmət etdiyini deyib. “Əgər Ermənistan tərəfi regionda kommunikasiyaların açılmasında həqiqətən maraqlıdırsa, öz öhdəliklərindən yayınmamalı və kommunikasiyaların açılmasını asanlaşdırmaq üçün yeni regional reallıqlara uyğun əməli addımlar atmalıdır”, - deyə o əlavə edib. Azərbaycan tərəfi uzun müddətdir ki, Ermənistan üzərindən Naxçıvana gedəcək yolda gömrük yoxlanışlarının olmamasında israr edir. Paşinyan isə məqaləsində bu tələbə cavab olaraq bildirir ki, Azərbaycanın İranla Naxçıvana gedəcək yol üzrə razılaşmasında hansı hüquqi anlaşmalar nəzərdə tutulubsa, eyni anlaşmaları həyata keçirə bilərlər.

Tural İsmayılov: Azərbaycan OPEC ilə əməkdaşlığını genişləndirir - AZƏRTAC

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirdi ki, Ermənistanın Azərbaycana qarşı çoxvektorlu cinayətləri davam edir:  “Bir tərəfdə Azərbaycan dövlətinin sülhpərvər mövqeyi var və Azərbaycan dünyada yeganə presedentlərdən birini yaradır. Biz 30 il ərzində torpaqlarımızın işğalı dövründə Ermənistana hər zaman barış əli uzatmışıq və müharibəni heç vaxt əsas variant kimi nəzərdən keçirməmişik. Eyni zamanda torpaqlarımızı işğal edən dövlətə müharibədən sonrakı dövrdə belə sülhlə bağlı dəfələrlə çağırışlar etmişik. Ermənistanın etnik zəmində 21-ci əsrin qayda-qanunlarına uyğun gəlməyən neofaşist siyasətinin dövlət ideologiyası halına gətirilməsi bütün bölgəni təhdid edir. Bu da Ermənistanın layiqli cavabı almağını zəruri edən bir hadisəyə çevrilir”. Ekspert qeyd etdi ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasında imzaladığı 10 noyabr bəyanatındakı öhdəliklərini müxtəlif havadarlarının təzyiqləri ilə yerinə yetirmir:  “Bu da Ermənistanın nə qədər qeyri-ciddi olduğunu göstərir. Ölkədə müstəqil xarici siyasət yoxdur. Ermənistan başqa təsir vasitələrinin, siyasi güc mərkəzlərinin əlində oyuncağa çevrilib. Cənab Prezident yerli mətbuata müsahibəsində bildirdi ki, Zəngəzur dəhlizi mütləq şəkildə açılacaq. Cənab İlham Əliyevin bu sözləri Zəngəzur dəhlizinin əleyhinə olanlara verilən ideal cavabdır”. T.İsmayılov qeyd etdi ki, bu dəhlizin əleyhinə aparılan bütün təxribatlara baxmayaraq mütləq şəkildə Zəngəzur dəhlizi reallaşmalıdır: “Hazırda Ermənistan Azərbaycanla Türkiyə arasında maneədir. Ermənistan bu gün Naxçıvana quru dəhlizin açılması ilə bağlı məsələdə bir çox xarici güc faktorlarının diqtəsini yerinə yetirir. Laçındakı sonuncu təxribat da bununla bağlıdır”.

E.PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Mart 2025

08 Mart 2025

BÜTÜN XƏBƏRLƏR