İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın növbəti demarşı - Paşinyan MDB liderləri ilə görüşə getmir

Bişkekdə keçirilən KTMT təlimlərindən imtina edən İrəvan sammitdə də iştirak etmir, Mirzoyan isə müavinini göndərir; erməni baş nazir videobağlantı ilə qoşula bilər

Azərbaycanın Avropa İttifaqının Qranada sammiti çərçivəsində Türkiyənin prosesə dəvət edilməməsini əsas gətirməklə Ermənistanla görüşdən imtina etməsi fonunda belə fikirlər səslənir ki, tərəflər arasında sülh sazişi MDB liderlərinin Bişkek görüşündə imzalana bilər. “Yeni Müsavat” xatırladır ki, MDB dövlət başçılarının Bişkek sammiti oktyabrın 12-də olacaq.

Putinin də toplantıda iştirakı gözlənilir. İddia edilir ki, Paşinyan da tədbirə gəlsə, sülh sənədinın ilk addımı Bişkekdə imzalana bilər. Amma məlum olub ki, Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 12-də Bişkekdə keçiriləcək MDB sammitində videoformatda iştirak edə bilər. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Uşakov “Paşinyan Bişkekə gedəcək, ya yox, bilmirəm. Fikrimcə, bunun videokonfrans vasitəsilə olacağı barədə məlumatlar var” deyib. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin isə MDB sammiti çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların aparılmasının mümkünlüyünü açıqlayıb. “Azərbaycan tərəfi artıq prinsipial razılığını verib. Və biz gözləyirik ki, Ermənistan tərəfi də bu məsələyə məsuliyyətlə yanaşacaq və belə danışıqlarda iştiraka razı olacaq”. Ancaq məlum olub ki, MDB Xarici İşlər Nazirləri Şurasının oktyabrın 12-də Bişkekdə keçirilməsi nəzərdə tutulan iclasında Ararat Mirzoyan yox, onun müavini iştirak edəcək.

Qarabağ ətrafında yaranmış vəziyyət fonunda Bişkek sammitində Ermənistan və Azərbaycanın iştirakı planları ilə bağlı sualı cavablandıran Lebedev qeyd edib ki, Birlik İcraiyyə Komitəsinin Ukrayna və Moldovadan başqa heç bir dövlətin bundan imtina etməsi barədə məlumatı yoxdur. “Qalanlarına gəlincə, heç kimin iştirakdan imtina edəcəyi ilə bağlı heç bir məlumatımız yoxdur. Ən azı, indi əldə etdiyimiz məlumat onu deməyə əsas verir ki, - və ümid edirik ki, Ukrayna və Moldova istisna olmaqla, əksər dövlətlər bu tədbirdə təmsil olunacaqlar”, - deyə MDB baş katibi əlavə edib. Maraqlıdır ki, Paşinyanın oktyabrın 18-də Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxış edəcəyi dəqiqləşib. Bunu Qranadada keçirilən Aİ-nin qeyri-rəsmi sammiti çərçivəsində keçirilən mətbuat konfransında AP rəhbəri Roberta Metsola deyib. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBC-yə müsahibəsində Ermənistanın Roma Statutuna qoşulmasını “tamamilə qeyri-dost addım” hesab edib. Onun sözlərinə görə, Avropa İttifaqı “Azərbaycan və Ermənistan arasında nizamlanmadan çox, Rusiyanı regiondan sıxışdırmaqdan çox narahatdır”. Göründüyü kimi, Paşinyan anti-Rusiya ritorikasını gücləndirir. Əvvəlcə Ermənistan parlamenti Roma əsasnaməsini ratifikasiya etdi, ardınca Bişkekdə keçirilən KTMT təlimlərində iştirakdan imtina olundu, indi isə Nikol Qırğızıstan paytaxtında MDB liderlərinin görüşünə getmir, əksinə, Strasburqa səfərə yollanır. Ən yaxşı halda onun videoformatda iclasa qatılacağı gözlənilir. İrəvanın getdikcə artan anti-Putin davranışları hara qədər davam edəcək?

Akif Nağı: “Qasım Süleymaninin terror aktı ilə qətlə yetirilməsini  qətiyyətlə pisləyirik” Pravda.az

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağının “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistan özünü belə aparması ilə demək istəyir ki, harada Rusiya var, orada mən yoxam: “Hətta xarici işlər naziri də getmədi, müavinini göndərir. Açıq surətdə nümayiş etdirirlər ki, Qərbin yanındayıq. Bir variant odur ki, ABŞ və Avropa Birliyi Ermənistana, deyəsən, ciddi dəstək vəd edib. İkinci versiya odur ki, Rusiyadan nəsə qoparmaq üçün belə görüntü yaradılır”. Onun sözlərinə görə, təbii ki, Qərb regionda təsirlərini gücləndirməyə çalışır, amma Rusiya ilə açıq şəkildə qarşıdurmaya da getmək istəmirlər: “İrəvan ümid edir ki, Qərb ona nəsə verə bilər. Qranada görüşü də təsdiqlədi ki, Avropa Ermənistanı dəstəkləyir. Avropa Parlamentinin qətnaməsini sanki Ermənistan Xarici İşlər Nazirliyi hazırlamışdı. Görünür ki, İrəvanı şirnikləndirirlər. Sadəcə, Qərb heç zaman axıra qədər verdiyi sözün arxasında dayanmır. Rusiyanın da ciddi təsir imkanları var. Böyük ehtimalla Ermənistan Rusiyanın orbitindən çıxa bilməyəcək”.

Vardanyanın həbs olunması ilə bağlı konkret addımlar atılmalıdır' — Oqtay  Qasımov

Oqtay Qasımov

Politoloq Oqtay Qasımovun dediyinə görə, Rusiya-Ermənistan münasibətləri getdikcə gərginləşir: “Son bir neçə ayda İrəvan Moskvanın təklif etdiyi görüş və tədbirlərdən imtina edib. Eləcə də Bişkekdəki iclasda iştirak etmir, KTMT təlimlərinə qatılmır, bu bloka təyin etdiyi nümayəndəni geri çağırdıqdan sonra yerinə başqasını ayırmayıb. Bir sözlə, Rusiyanın bütün formatlarından imtina etməkdədir, əvəzində isə Fransa-Ermənistan əməkdaşlığı genişlənməkdədir”. O.Qasımov xatırladır ki, Fransanın baş diplomatı Ketrin Kolonna İrəvanda səfərdə olarkən də bunu açıq şəkildə dilə gətirdi: “Eyni zamanda Hindistandan milyonluq silah-sursatın alınması və tədarükü başlanıb, Fransa Ermənistana zirehli texnika göndərmək qərarı verib. Bu cür davam etsə, yəni Qərbin Rusiyanı Ermənistandan çıxarmaqla bağlı addımları güclənsə, Kremldən də təzyiqlər sərtləşəcək. Bura Ermənistana qaz tədarükü, Rusiyada qeyri-qanuni yaşayan miqrantların geri qaytarılması, siyasi səhnədə olan fiqurlar vasitəsilə təzyiqləri aid ola bilər. Sadəcə, əgər Qərbdən Ermənistana dəstək artarsa, Paşinyan hakimiyyəti tab gətirə bilər. Hər halda, Ermənistan-Rusiya münasibətlərində gərginlik artacaq. Bu münasibətlərin normallaşacağını gözləmirəm. Rusiyanın atacağı addımları indidən proqnozlaşdırmaq çətindir, lakin pis ssenaridə təsəvvür edirəm. Rusiyaya bağlı keçmiş müdafiə naziri Arşak Karapetyanın meydana çıxması da Kremlin addımlarından biri sayıla bilər”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR