Onlayn ictimai-siyasi qəzet
Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan mina sahələrinə dair 8 ədəd formulyarı Azərbaycan tərəfinə təqdim edib. Təqdim olunan formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir.
Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, əvvəl olduğu kimi son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib.
Ümumilikdə mina sahələrinə dair Ernmənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xətntinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zanman Ermənistan hərbi birləşmələri tərəfinndən minalanmış ərazilər barədə məlumatnlar hələ də təqdim edilməyib.
Qeyd edək ki, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqlıyi 25 faiz təşkil edib.
Azərbaycan rəsmilərinin verdiyi məlumata görə, 2020-ci il Qarabağ müharibəsi başa çatdıqdan sonra 345 nəfər Azərbaycan vətəndaşı mina və döyüş sursatlarının partlaması nəticəsində xəsarət alıb. 65 nəfər, o cümlədən 50 dinc sakin həlak olub, 278 nəfər yaralanıb.
Görünən odur ki, rəsmi açıqlamalara rəğmən, real nəticə yoxdur. Bu ilin əvvəlindən etibarən səslənən fikirlərə nəzər yetirək. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 23-də bildirib ki, mina xəritələri Bakıya təhvil verilə bilər. Yanvarın 25-də Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) daha dəqiq fikir ifadə edib - Azərbaycana 8 yeni mina xəritəsini təhvil verə bilərik. Bildirilmişdi ki, bu, yaxın günlərdə işçi kanallar vasitəsilə reallaşa bilər.
Yanvarın 31-də yayılan xəbər isə bütün bu açıqlamaların əsası olmadığını sübuta yetirdi. Belə ki, sərhəd görüşündə yeni mina xəritələrinin Azərbaycan tərəfə təhvil veriləcəyi xəbərini yayan ermənilər günün sonunda özlərini təkzib ediblər. Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisindən yerli mediaya verilən məlumata görə, baş nazir müavinlərinin iclasında minalanmış ərazilərin xəritələri Azərbaycana verilməyib.
Mina problemi Azərbaycan, özəlliklə bölgənin inkişafı üçün xüsusilə həssas məsələdir. Odur ki, rəsmi qurumlar və dövlət rəsmiləri mütəmadi olaraq bu mövzuya diqqət yetirirlər.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, mina insidentləri ilə bağlı araşdırmalar partlayışların əksəriyyətinin keçmiş qarşıdurma xəttinin arxasında, xüsusən də hərbi əhəmiyyəti olmayan ərazilərdə baş verdiyini göstərir. H. Hacıyev bu barədə X platformasında yazıb.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda mina qurbanları artmaqda davam edir: “Ermənistan 30 il davam edən işğalı zamanı Azərbaycan torpaqlarını milyonlarla mina ilə zəbt edib. Mina insidentləri ilə bağlı araşdırmalar göstərir ki, partlayışların əksəriyyəti keçmiş qarşıdurma xəttinin arxasında, xüsusən də hərbi əhəmiyyəti olmayan ərazilərdə baş verir. Bu, "kütləvi qırğın silahı" məntiqi ilə dinc əhalini terrora məruz qoymaq, öldürmək, geri qayıtmaq hüququndan məhrum etmək üçün minalardan qəsdən və fərq qoymadan istifadə edilməsi faktının sübutudur".
Səxavət Məmməd
Hərbi ekspert Səxavət Məmməd “Yeni Müsavat” qəzetinə şərhində bildirdi ki, 44 günlük Vətən müharibəsi bitdikdən sonra Azərbaycan və Ermənistan arasında mina xəritələri ilə bağlı çox sayda danışıq olub. Ekspert xatırlatdı ki, bu məsələ ilə əlaqədar Gürcüstan da prosesdə iştirakla bağlı təklif irəli sürmüşdü: “Yeri gəlmişkən, Gürcüstan tərəfinin vasitəçiliyi ilə Azərbaycana 2 mina xəritəsi təqdim olunmuşdu. Məsələ budur ki, həmin xəritələrdəki sahələr boşdur. Bundan sonra Azərbaycan tərəfi bununla bağlı açıqlamalar verdi. Mina xəritələrinin Azərbaycan üçün çox önəmli olduğunu düşünmürəm. Ümumiyyətlə, fikrimcə, Ermənistan bu məsələni əlində "kozır" kimi saxlayır. Mina xəritələri Azərbaycana təhvil verilsə belə, heç kim onların həqiqi məlumatları ehtiva etdiyinə zəmanət verə bilməz. Üstəgəl, Birinci Qarabağ müharibəsi zamanı hər iki tərəf minalar basdırıb. Birinci Qarabağ müharibəsi ilə bağlı araşdırma aparan zaman mühəndis istehkamçılardan mina xəritələrindən istifadə olunub-olunmadığını soruşmuşam. Onların çoxunun cavabı birdir - o zaman xəritələrin işlənməsinə imkan olmayıb. Yəni minaların çoxu xəritəyə işlənməyib. Bunu nəzərə almaq lazımdır. Hətta Azərbaycan tərəfinin mina axtarışları zamanı bəzi ərazilərdə mina olmadığı məlum olub. Yəni fikrimcə, bu məsələ xəritələrlə bağlı məsələ deyil. Dəqiq xəritələr verilsə belə, onlara güvənmək olmaz. Minalar adətən mövqelərin qarşısında, körpülər və yollar üzərində basdırılır. Müharibədən sonrakı dövrdə azərbaycanlıların ən çox minaya düşdüyü ərazilər qəbiristanlıqlar, bulaq başları, yaşayış binalarının ətrafı idi. Ermənilər həqiqi mina xəritələrini versələr, özlərini ifşa etmiş olarlar. Qəbiristanlığın hansı hərbi əhəmiyyəti ola bilər? Hesab edirəm ki, bu məsələdə güc yenə də Azərbaycanın üzərinə düşəcək. Avropa İttifaqı, yaxud BMT-yə müraciət etməklə yardım almaq olar. Hər bir halda mina məsələsi problemlidir. Yaxın zamanda işğaldan azad edilməyən Tərtər istiqamətində birinci müharibədən qalan mina partladı (red: fevralın 5-də saat 11 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlu sol ayağından xəsarət alıb). Mina təmizlənməsi çox çətin, ağrılı, uzun prosesdir. Birinci və İkinci Dünya müharibəsi zamanı basdırılan minalar indi də aşkarlanır. Hesab edirəm ki, bu, Ermənistan tərəfinin blefidir. Ermənistan əlində çox vacib sənədin olduğunu göstərib Azərbaycana təzyiq etmək, heç olmasa “mənim də sözüm var” deyib masaya oturmaq istəyir".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ