İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan yeni manevr - Trampa qarşı təhlükəli gediş

Ermənistan yenidən havadarına tərəf meyllənib; sülhü ləngitmə cəhdləri baş qaldırmaqdadır

“Minsk Qrupu məsələsi mahiyyətcə həll olunub: siyasi qərar var və texniki məsələlər dekabra kimi həll olunacaq”. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə birgə mətbuat konfransında deyib.

Nazir Bakının sülh sazişi imzalaması üçün şərtlərlə bağlı verilən sualı belə cavablandırıb: “Konstitusiyaya gəlincə, qeyd etməyi zəruri hesab edirəm ki, əvvəllər olduğu kimi, belə bir məsələ gündəmdə deyil. Konstitusiyaya dəyişiklik edilməsi və ya yenisinin qəbul edilməsi daxili siyasi məsələdir və bunu Ermənistan xalqı həll etməlidir. Mən təəccüblənirəm ki, bu qədər təminatlardan sonra bu məsələ hələ də qaldırılır. Ermənistan heç vaxt belə öhdəlik götürməyib. Bu, daxili məsələdir”.

Beləcə, Ermənistan hələ də konstitusiyaya dəyişikliyini riyakarcasına “daxili məsələ kimi” dəyərləndirir.

Faktiki olaraq bu ilin 8 avqustunda Vaşinqtonda Ermənistana sonuncu “ev tapşırığı” verilib və bu dövlət sülh sazişinin imzalanması üçün konstitusiyasını dəyişməlidir.

İndi Mirzoyan niyə belə danışır? Gec-tez son tələbimiz də icra olunacaqmı?

Elçin Mirzəbəyli: "Azərbaycan diplomatiyasının yeni mərhələsi milli gücün  institusional transformasiyasıdır" - Oxu.az

 Elçin Mirzəbəyli

Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Yeni Müsavat”da bildirdi ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın son bəyanatı İrəvanın növbəti “U dönüşü” kimi dəyərləndirilə bilər: “ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiya xarici işlər naziri Elina Valtonenlə birgə mətbuat konfransında səsləndirilən fikirlər əslində Ermənistan rəhbərliyinin daxili auditoriya və beynəlxalq tərəfdaşlar qarşısında apardığı ikili oyunun davamıdır. Mirzoyanın "Minsk Qrupu məsələsi mahiyyətcə həll olunub, yalnız texniki məsələlər qalıb" deməsi bir tərəfdən rəsmi İrəvanın real vəziyyəti qəbul etməyə məcbur olduğunu göstərsə də, digər tərəfdən, onun sülh danışıqlarında konstruktiv mövqe nümayiş etdirmək əvəzinə, prosesin tempini süni şəkildə ləngitmək cəhdinin izlərini də ortaya qoyur. Ermənistan rəhbərliyi üçün əsas dilemma ondan ibarətdir ki, daxildə revanşist dairələrin təzyiqi, müxalifət və kilsə çevrələrinin təsiri altında bəzən reallıqla manipulyasiya etməyə çalışır. Mirzoyanın “Konstitusiya dəyişiklikləri daxili məsələdir” ifadəsi də məhz bu cəhdin tərkib hissəsidir. Halbuki bu məsələ heç bir halda Ermənistanın “daxili işi” sayıla bilməz. Çünki Ermənistan konstitusiyasının preambula hissəsində bu ölkənin müstəqillik bəyannaməsinə istinadən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağa qarşı iddia açıq şəkildə yer alır. Belə bir sənədin mövcudluğu beynəlxalq hüququn, xüsusən də dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinin pozulması deməkdir".

Deputat hesab edir ki, Azərbaycan tərəfi bu məsələdə həm də hüquqi müstəvidə tam haqlıdır: “Əgər sülh sazişi imzalanacaqsa, bu sənədin hüquqi əsasları qarşılıqlı olaraq dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət üzərində qurulmalıdır. Yəni Ermənistanın konstitusiyasında Azərbaycanın ərazilərinə iddia qaldığı müddətcə, real sülhdən danışmaq mümkün deyil. Mirzoyanın "Ermənistan heç vaxt belə öhdəlik götürməyib" deməsi isə həm beynəlxalq ictimaiyyəti, həm də öz xalqını çaşdırmaq məqsədi daşıyır. Əslində İrəvan danışıqlar prosesində bu öhdəliyi dolayısı ilə qəbul edib. Həm Avropa İttifaqı vasitəçiliyi ilə keçirilən görüşlərdə, həm də ABŞ-də aparılan müzakirələrdə bu məsələ gündəlikdə olub. Məhz həmin səbəbdən də avqustun 8-də Ağ Evdə yekun sülh sazişinin imzalanması baş tutmadı. Prezident İlham Əliyev bu barədə açıq şəkildə bildirdi ki, Ermənistan konstitusiyasındakı ərazi iddiaları aradan qalxmadığı üçün sənəd yalnız paraflanıb, imzalanmayıb. ABŞ administrasiyası, xüsusən də Donald Trampın müşahidəçi mövqedə qalması Vaşinqtonun prosesdə bitərəfliyini qorumağa çalışdığını göstərir. Bununla belə, Trampın da etiraf etdiyi kimi, “ortada problem var”. Bu problem isə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır.

Əslində Ermənistan rəhbərliyinin bu davranışı həm ölkələr, həm də regionun sabitliyi üçün təhlükəlidir. İrəvan hələ də anlaya bilmir ki, 2020-ci ildən sonra yaranan yeni geosiyasi reallıqda status-kvo birdəfəlik dəyişib. Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, suverenlik tam təmin edilib və BMT də daxil olmaqla, beynəlxalq ictimaiyyət bu reallığı qəbul edib. Belə olan halda, Mirzoyanın konstitusiya məsələsini “daxili siyasət” kimi təqdim etməsi əslində Ermənistanın sülh prosesini sabotaj etməyə yönəlmiş addımdır.

Bununla yanaşı, Mirzoyanın bəyanatı daxili auditoriyanı sakitləşdirmək məqsədi daşıya da bilər. Paşinyan hökuməti hazırda ciddi təzyiqlərlə üz-üzədir. Həm revanşist müxalifət, həm də kilsə rəhbərliyi onu “erməni maraqlarını satmaqda” ittiham edir. Bu vəziyyətdə konstitusiya məsələsini “xalqın səlahiyyəti” kimi təqdim etməklə Paşinyan və Mirzoyan öz məsuliyyətlərini ictimaiyyətin üzərinə atmağa çalışırlar. Lakin bu, nə beynəlxalq hüququ, nə də regional təhlükəsizlik arxitekturasını dəyişə bilər.

Azərbaycan üçün prioritet məsələ sülhün real və davamlı olmasıdır. Bunun üçün isə yalnız sənəd imzalamaq kifayət deyil. Həmin sənədin hüquqi və siyasi məzmunu reallığa uyğun olmalıdır. Əgər Ermənistan Konstitusiyasındakı iddialar qalarsa, bu, sabah həmin sənədi formal kağıza çevirəcək. Ona görə də Azərbaycanın təkid etdiyi kimi, bu məsələ “daxili” deyil, beynəlxalq məsələdir və onun həlli Ermənistanın sülh müqaviləsinə sadiqliyinin əsas göstəricisi olacaq.

Görünən odur ki, rəsmi İrəvan hələ də sülhü tam qəbul etməyə hazır deyil. Amma gec-tez bu tələb yerinə yetiriləcək. Çünki başqa alternativləri yoxdur.

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyevanın fikrincə, son vaxtlar Ermənistan Rusiyaya bir qədər yaxınlaşmağa, Qərblə məsafəli davranmağa başlayıb: “Görünür, Kremlin İrəvana təzyiqləri durmadan artır. Halbuki ABŞ ilə Ermənistan arasında məlum xartiya imzalanmışdı və Ermənistanın təhlükəsizliyini Birləşmiş Ştatlar öz üzərinə götürmüşdü. Çox güman ki, Paşinyan Qərbdən istədiyini ala bilmədiyi üçün Avropaya Kreml vasitəsilə diş qıcamağa çalışır. İstənilən halda, Ermənistan konstitusiyaya dəyişiklik edəcək. İrəvandan gələn son açıqlamalar, sadəcə olaraq, nəbz yoxlaması, həm də Kremlin sifarişidir. Əgər Ermənistanda konstitusiya dəyişikliyi və ərazi iddiaları məsələsi ortadan qalxmasa, regiona əbədi sülh də gəlməyəcək. Üstəlik, Zəngəzur dəhlizinin İran variantı nəzərdən keçirilə bilər. Rusiya da bu variantı dəstəkləyəcək. O zaman tarixi fürsət İrəvanın əlindən çıxacaq. Bu isə Ermənistan və Paşinyan üçün siyasi intihar deməkdir. Bakı və Ankaradan sərt təpki gələn kimi İrəvan fikrini yenə dəyişəcək. Bu, Ermənistan siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR