Onlayn ictimai-siyasi qəzet
Rusiya bu institutun dəfn olunduğunu çoxdan açıqlayıb, qalır ABŞ və Fransanın “hə” deməsi - analitiklərdən şərh
Prezident İlham Əliyevin dekabrın 18-də rusiyalı tanınmış telejurnalist Dmitri Kiselyoya müsahibəsi, gözlənildiyi kimi, Ermənistanda ən çox radikal-revanşist və separatçı ünsürləri təlaşlandırıb. Prezidentin xüsusilə də kapitulyant ölkənin sürətlə silahlanması və sülh müqaviləsi ilə bağlı fikirləri, etdiyi sərt xəbərdarlıqlar İrəvandakı “müharibə partiyası”nı bərk narahat edib.
“Yeni Müsavat” xatırladır ki, dövlət başçısı müsahibədə sülh sənədinin razılaşdırılmamış qalan son iki müddəasını açıqlamışdı: tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtinası; üçüncü ölkələrin nümayəndələrinin sərhəddə yerləşdirilməməsi. Prezident həmçinin müqavilə mətninə aidiyyəti olmayan iki mühüm məsələdən, daha doğrusu, şərtdən danışmışdı: Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası ilə bağlı müddəanın çıxarılması; ATƏT-in Minsk Qrupunun (MQ) ləğvi. Ermənistanın “qarın ağrısının” səbəblərindən biri də məhz MQ-nin de-yure ləğvi ilə bağlıdır. Özəlliklə radikal müxalifət düşərgəsində...
“Minsk Qrupunun heç bir həmsədr ölkəsi (Rusiya, ABŞ, Fransa - red.) öz aralarındakı kəskin ziddiyyətlərə rəğmən, "əqrəbi" Ermənistana yönəltməklə indiyədək MQ-nin ləğvi təklifini açıq və birbaşa dəstəkləməyib". Bunu Xocalı hərbi canisi, 2018-də inqilabla hakimiyyətdən devrilmiş sabiq prezident Serj Sərkisyanın rəhbəri olduğu Respublikaçılar Partiyasının sədr müavini, hazırda həbsdə olan Armen Aşotyan deyib. Onun sözlərinə görə, Nikol Paşinyanın bu məsələdə şəxsi marağı var. “Minsk Qrupunun ləğvi ”artsax" probleminin nizamlanması ilə bağlı bütün sənədlər paketini, o cümlədən “Serj Sərkisyanın "mirası" sayılan “artsax” xalqının öz müqəddəratını təyinetmə hüququnun tanınması və həyata keçirilməsi üçün əldə olunmuş zəmanətli mexanizmləri tarixin dərinliklərinə tullayacaq", - Aşotyan bildirib.
Məlumdur ki, üzdəniraq MQ-nin 26 illik fəaliyyəti dövründə (1994-2020) onun heç bir təklifi sənəd statusu almayıb. Yəni Bakı tərəfindən rəsmən qəbul edilməyib və təkliflər paketi, ideyalar kimi də qalıb. Eləcə də öz müqəddəratını təyinetmə də daxil, 3 prinsip təklifi. Onların heç biri Azərbaycan Prezidenti, sonra isə Azərbaycan parlamenti tərəfindən təsdiqlənərək hüquqi qüvvə qazanmayıb. Başqa sözlə, hamısı kağız parçalarıdır. Belədirsə, Serjikin tulası hansı sənəddən dəm vurur, görəsən? İkincisi, Fransanın mövqeyi bəlli, doğrudanmı ABŞ və Rusiya nə vaxtsa MQ-ni Azərbaycan əleyhinə diriltməkdə maraqlı ola bilər?
Qeyd edək ki, Minsk Qrupu zamanında keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məqsədilə yaradılmışdı. 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq artıq münaqişə həllini tapıb. Bununla Azərbaycan BMT-nin məlum qətnamələrinin icrasını öz gücünə təmin etdi. Artıq münaqişə keçmişdirsə, Minsk Qrupunun fəaliyyətinə hansısa bir lüzum varmı? Digər tərəfdən, Minsk Qrupunda təmsil olunan dövlətlərin vəziyyətinə baxaq. Bu gün kəskin qarşıdurmalar yaşayan Rusiyanın, ABŞ-ın və Fransanın eyni masa arxasında əyləşməsi praktiki cəhətdən mümkün deyil. Əgər onlar hansısa bir barışıq reseptinə malikdirlərsə, ilk növbədə bunu öz aralarındakı ixtilafların çözülməsində tətbiq etməlidirlər.
Qabil Hüseynli
Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Aşotyan kökündən səhv danışır. Onun sözlərinə görə, keçmiş həmsədr ölkələrdən Rusiya açıq şəkildə Minsk Qrupunun dəfn olunduğunu açıqlayıb. Professor Paşinyanın Əliyevin təklifini dəstəklədiyini xatırlayaraq bu formatın yaşamasının heç bir əhəmiyyəti qalmadığını əlavə etdi: “Lavrov da, nümayəndəsi Zaxarova da dəfələrlə bəyan ediblər ki, Minsk Qrupu artıq yoxdur. Ona görə Aşotyan yalan danışır ki, guya tərəflərdən qarşı çıxan olmayıb. Ümid edirəm ki, ATƏT-in yeni baş katibi bu məsələnin həlli ilə bağlı vəsatət qaldıracaq. Axı Minsk Qrupu hazırda nə iş görür? Azərbaycan bu məsələni sülh mətninə əlavə etməsə də, Ermənistan qarşısında vacib şərtlərdən biridir. Məncə, ABŞ və Fransa müdaxilə etməsələr, Minsk Qrupu de-yure ləğv edilə bilər”. Q.Hüseynli vurğuladı ki, Minsk Qrupunun varlığı Azərbaycan əleyhinə element kimi lazımdır, lakin Rusiyanın mövqeyi göz qabağındadır: “Bundan sonra Minsk Qrupu bir araya gələ bilməz. Rusiya da istəmir ki, Cənubi Qafqazı ABŞ və Fransa ilə müzakirə etsin. Bu halda, regionda proseslər yenidən qarışacaq. Üstəlik, sülh danışıqları gedir, özü də ikitərəfli qaydada, keçmiş həmsədr ölkələrin ürəyi çox yanırsa, yekun sənədin imzalanması üçün addım atsınlar”.
Asif Nərimanlıya
Siyasi şərhçi Asif Nərimanlıya görə, Minsk Qrupunun de-yure mövcudluğu bölgədə maraqları olan tərəflərin gələcəkdə “dayaq nöqtəsi”nə çevrilə bilər: “Ermənistan da regionda şərtlərin dəyişməsi və Azərbaycana qarşı təsir rıçağı əldə etmək ümidi ilə bu məsələdə maraqlı görünmür. Ermənistan Minsk Qrupu məsələsində razılaşa bilər, lakin bundan hələ ki danışıqlarda "əlini gücləndirmək" üçün kart kimi istifadə edəcəyi görünür. Konstitusiyanın dəyişdirilməsi isə qarşıdakı iki ildə nəzərdə tutulur". A.Nərimanlı prosesin uzanacağını istisna etmir.
Xatırladaq ki, qrupun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayır. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. 8 aprel 2022-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk Qrupunun ləğv edildiyini deyib. 18 fevral 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti Helqa-Mariya Şmidin görüşündə bildirib ki, ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda Minsk Qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtı çoxdan yetişib.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ