Onlayn ictimai-siyasi qəzet
Bu gün, 20 iyun tarixində Ermənistan Müdafiə Nazirliyi guya saat 08:00-dan 09:00-a qədər Azərbaycanın Silahlı Qüvvələrinin Ermənistanın Sünik vilayətində (red. – Zəngəzur) yerləşən Nərkin Xənd kəndi istiqamətində atəş açdığı barədə bəyanat yayıb. Ermənistan tərəfinin iddiasına görə, guya açılan atəş nəticəsində bir yaşayış evi zərər görüb.
Musavat.com xəbər verir ki, Caliber.Az-a danışan etibarlı mənbələrin bildirdiyinə görə, bu bəyanat reallığı əks etdirmir. Azərbaycan Ordusunun həmin istiqamətdə heç bir atəş fəaliyyəti olmayıb və Ermənistan tərəfinin yaydığı iddialar uydurma və əsassızdır.
Azərbaycan Silahlı Qüvvələri mülki obyektlərə hücum etməmək prinsipinə ciddi şəkildə riayət edir və heç vaxt dinc əhaliyə qarşı təhdid yaratmayıb və yaratmır. Mənbələr qeyd ediblər ki, İrəvandan yayılan bu cür ittihamların məqsədi həm Ermənistan, həm də beynəlxalq ictimaiyyəti dezinformasiya etməkdir.
Son dövrlərdə Ermənistanın hərbi qurumları tərəfindən bu cür uydurma məlumatların yayılması sistemli xarakter alıb. Bu isə, şərti sərhəd boyunca gərginlik illüziyası yaratmaq məqsədi güdən xüsusi informasiya strategiyasının mövcudluğuna işarədir. Məqsəd aydındır — baş verən hadisələr barədə xarici müşahidəçilərdə yanlış təsəvvür formalaşdırmaq və Ermənistana "qurban" obrazı qazandırmaqdır, baxmayaraq ki, belə iddialar üçün heç bir real əsas yoxdur.
Regionun sabitliyə və davamlı sülhə doğru irəliləməyə ehtiyac duyduğu bir vaxtda bu cür bəyanatlar etimad mühitini sarsıdır və göstərir ki, Ermənistan tərəfi hələ də konstruktiv yanaşma əvəzinə informasiya (və yalnız bu deyil) təxribatları metoduna üstünlük verir.
Musavat.com
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ