Onlayn ictimai-siyasi qəzet
“Ermənistan beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycana ötürülən mina xəritələrinin düzgünlüyünü yoxlamağa hazırdır”. “Yeni Müsavat” bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan özünün X səhifəsində İrəvanın Azərbaycana dürüst xəritələr verməməsi ilə bağlı rəsmi Bakının haqlı iradlarını şərh edərkən yazıb.
“Humanitar məsələlərin həllinə önəm verən Ermənistan birtərəfli qaydada Azərbaycana 2021-ci ilin 12 iyun, 3 iyul, 19 oktyabr, 1 noyabr və 29 noyabr tarixlərində heç bir şərt qoyulmadan 972 mina sahəsinin xəritəsini təqdim edib. Bundan əlavə, Ermənistan humanitar məsələlərdə əməkdaşlıq prinsiplərinə sadiq qalaraq, Azərbaycanın mina sahələrinə dair yeni məlumatlar toplayaraq ona təhvil verib”, - Badalyan iddia edib. Onun sözlərinə görə, Azərbaycan tərəfi ona təqdim olunan xəritələrin düzgünlüyünü daim şübhə altına alırsa, Ermənistan beynəlxalq ekspertləri cəlb etməklə onların həqiqiliyini yoxlamağa hazırdır.
Bakı İrəvanın təklifini qəbul edəcəkmi? Bu nəyi dəyişəcək?
Emin Həsənli
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli “Yeni Müsavat”a açıqlamasında Badalyanın bu mövqeyini həyasızlıq adlandırdı. “Ermənistan hər zaman olduğu kimi, şər-böhtan danışır. İlk növbədə, üzr istəməli idi ki, niyə Azərbaycan ərazisi dünyanın ən çirkləndirilmiş ərazilərindən biridir? Bəlkə də, birincisidir. Ağdam və Füzulidə özləri də etiraf edirlər ki, 97 min mina basdırılıb. Bu sayda minanı niyə basdırıblar? Mina adətən təmas xəttinə basdırılır. Bütün şəhərə, məzarlıqlara, məktəblərə, elə yerlərə minalar qoyulub ki, azərbaycanlılar geri qayıdanda birinci gedəcəkləri yer oralar olacaq. Məqsədləri bu olub ki, o yerlərdə insanlar daha çox minalara düşsün, mina qurbanları olsunlar, soyqırıma uğrasınlar və nəticədə geri qayıtmaq istəməsinlər”, deyə E.Həsənli vurğuladı.
Hərbi ekspert bildirdi ki, Ermənistan buna görə təzminat ödəməlidir: “Erməni hərbçiləri minaya düşmür, yaxud oradakı rus hərbçilərinin birinin minaya düşmə faktı yoxdur. Amma Azərbaycan ərazilərini azad edəndən sonra 392 nəfər mina qurbanı olub, həlak olub, yaxud yaralanıb. Əgər xəritələr düz idisə, 392 nəfər minaya düşməli idi? Demək, verdikləri mina xəritələri doğru deyilmiş. Vaxtı ilə dedilər ki, guya xəritələr yoxdur. Amma Azərbaycan sübut etdi ki, minaları ancaq peşəkarlar basdıra bilər. Qeyri-peşəkarlar bunu edə bilməzlər. Onun üçün ermənilər məcbur qalıb bu xəritələri verdilər. Amma bunu da əvəzsiz etmədilər. Azərbaycan diversant erməni hərbçiləri qaytardı. Həmçinin ermənilərin cəsədləri toplanıb verildi, 700-ə qədər əsir qaytarıldı. Halbuki, hələ də 4 minə yaxın azərbaycanlının taleyi məlum deyil. İndi-indi azad edilən ərazilərdə kütləvi məzarlıqlar aşkar olunur. Ermənilərin davranışına baxın, bir də Azərbaycanın”.
Ekspert dedi k, Azərbaycanın minalanmış ərazilərini Mina Agentliyi, eyni zamanda, Azərbaycan Ordusu, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti təmizləyir: “Ermənistan görür ki, ərazilərimizdə hava limanları tikilir, yollar çəkilir, kəndlər bərpa edilir, durub 5 ildən sonra hansısa fikirlər irəli sürürlər”.
Səxavət Məmməd
Hərbi icmalçı Səxavət Məmməd isə dedi ki, mina xəritələri ilə bağlı araşdırma aparıb: “Ermənistan bütün sahələrdə olduğu kimi, mina məsələsində də özünü haqlı çıxarmağa çalışır. İlk mərhələdə mina xəritələrini verməkdən boyun qaçıran rəsmi İrəvan sonra mərhələli şəkildə onları verməyə başladı. O mina xəritələrinin bir çoxu isə demək olar ki, yararsızdır. Araşdırmalarım zamanı mina xəritələrinin bir çoxu verilən koordinatlarla uyğun gəlmirdi. Bundan əlavə, müharibədən sonrakı dövrdə və bir neçə gün öncə də minaya düşən şəxslərin heç biri verilən xəritələr istiqamətində minaya düşməyiblər. Ermənistan istəsə belə, dəqiq mina xəritələri verə bilməz”.
S.Məmmədin sözlərinə görə, ermənilərin Qarabağda yaşadığı zamanda orada minaya düşənlərin sayı barmaqla sayılacaq qədər idi: “Sual yaranır, necə oldu ki, onlar o müddətdə minaya düşmürdü, ancaq azərbaycanlılar tez-tez minaya düşürlər? Özü də elə yerlərdə minaya düşürlər ki, orada nə hərbi obyekt olub, nə də müdafiə xətti keçib. Demək ki, erməni tərəfi bilərəkdən elə yerlərə minalar döşəyib. Ermənistan onu da unudur ki, minaların çıxarılması və partladılması prosesi məhz beynəlxalq qurumlarla işlənilərək həyata keçirilir. Azərbaycan təkcə daxildəki şirkətlərlə yox, xaricdən də firmalar cəlb edərək minaların təmizlənməsini həyata keçirməlidir”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
19 Aprel 2025
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ