İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda anti-Türkiyə konfransı - Daşnaklar buna görə əl-ayağa düşüb

Rusun, farsın və erməninin sadiq dost-müttəfiqi, türk düşməni Bəşər Əsədin Suriyadan rüsvayçı qaçışından, qardaş Türkiyənin Suriya məsələsində tarixi uğurundan (demək, uduşda olan həm də Azərbaycandır) ən çox təlaşlanan, hətta şoka düşən üç ölkə artıq məlum. Bu - İran, Rusiya və bir də başına gələn faciələrdən hələ də dərs götürməyən və bu gün də böyük güclərin əlində maşa olmağa davam edən, “boyundan yuxarı” iddialarla yaşayan cırtdan Ermənistan.

Xüsusən də erməni toplumunun daşnaklar daxil, faşist təfəkkürlü radikal-revanşist kəsimi, “çörəyi” sülhdən, barışıqdan deyil, qandan, müharibələrdən çıxan erməni lobbisi əməllicə əl-ayağa düşüb. Bunun daha bir təzahürü “Daşnaksütyun” partiyasının bu gün İrəvanda təşkil etdiyi və tamamən təxribat xarakteri daşıyan “beynəlxalq konfrans”dır - adı ilk baxışda qulağı çox qıcıqlandırmasa da: “Ermənistan-Türkiyə münasibətləri: təhlükə, yoxsa fürsət”.

Əsas hədəf isə çıxışlardan da göründüyü kimi, təbii ki, əsla xoşməramlı deyil, Türkiyəni, Azərbaycanı növbəti dəfə qaralamaq, onlardan “əcinnə”, “vəhşi” obrazı düzəltməkdir...

Məsələn, Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) həmsədri Murad Papazyan çıxışında bildirib ki, Türkiyə ilə münasibətlər normallaşdıqdan sonra onun Ermənistan iqtisadiyyatına nəzarəti bərqərar etmək üçün cəmi 2,5 milyard dollar sərmayə qoyması kifayət edəcək. Ardınca deyir: “Ticarət əlaqələrinin bərpası ilə Türkiyə aqressiv iqtisadi ekspansiyaya başlayacaq. Birinci mərhələdə Ermənistan bazarı ucuz türk malları ilə dolacaq ki, bu da istər-istəməz erməni istehsalçılarını sıxışdırıb çıxaracaq. Sonra turizm biznesinə, daha sonra bank sektoruna nəzarət ələ alınacaq”.

Qatı anti-Türkçü kimi tanınan Papazyanın sözlərinə görə, “bu cür dəyişikliklər təkcə Türkiyədən iqtisadi asılılığın artmasına yox, eyni zamanda, Ermənistan-diaspor münasibətlərinin pisləşməsinə” (?! – red.) gətirib çıxaracaq: “Bu, kütləvi mühacirətə səbəb ola bilər. O halda 500 minə qədər insanın ölkəni tərk edəcəyi gözlənilir. Mən hələ “erməni soyqırımı”nı (dırnaqlar bizimdir – red.) tanımaqdan, təzminat ödəməkdən danışmıram, yalnız Ermənistandakı əhalinin gələcəyindən danışıram. Türkiyə sülhə can atmır, onun məqsədi Ermənistanı özünə tabe etmək və zəiflətməkdir. Ankara ilə münasibətləri normallaşdırmaq yollarının tapılması zəruridir, lakin bu qərarlar erməni xalqının maraqlarını nəzərə almalı və təhlükəsizliyinə təminat verməlidir”...

Bax, belə. Papazyandan bundan artıq nə gözləmək olar ki? Belə çıxır, Rusiyadan total hərbi-siyasi və iqtisadi asılılıq, lap dəqiqi, köləlik daha yaxşıdır eləmi? Erməni xalqının köklü mənafeyi bunumu tələb edir? Bu zavallı xalq təcrid durumda qalmaqdan bezmədimi? Axı qapıbir qonşularla normal əlaqələr qurmadan necə inkişaf ermək olar?

Hər necə olmasa, Türkiyə Rusiyadan fərqli olaraq, Ermənistanda hərbi baza yerləşdirməyəcək (buna ehtiyac yox), onun daxili işlərinə kobud şəkildə müdaxilə etməyəcək. Türkiyə dövləti, hansı qonşusunun daxili işlərinə qarışıb, onun pisliyini istəyib ki? Əlahəzrət gerçəklik var. Tam əksinə, tarix boyu Türkiyənin, Türkün əleyhinə məkrli planlar qurulub, ssenarilər yazılıb...

Əlbəttə ki, erməni lobbistinin sözləri, sadəcə, PR xətrinə deyilib və ən əvvəl Paşinyan hakimiyyətini və öz xalqını qorxutmağa, hədələməyə, toplumda onsuz da güclü olan Türkə nifrəti daha da artırmağa, Türkdən “əbədi düşmən” obrazı yaratmağa hesablanıb (Zatən, fars, rus da buna çalışır – öz maraqları naminə təbii ki).

Buna da şəkk-şübhə yox ki, erməni diasporu və onun Ermənistandakı uzantıları, özəlliklə daşnaklar əllərindən gələni edəcək, sonadək çalışacaqlar ki, iki qonşu xalq heç vaxt barışmasın, İrəvan Bakı və Ankara ilə münasibətlərini normallaşdırmasın. Kapitulyant ölkə yenə blokada vəziyyətində qalsın və rəzil taleyini davam etdirsin, Ermənistandan kütləvi köç dayanmasın.

İndi kim Ermənistanın yaxşılığını istəyir, onun əhalisinə nicat yolu, inkişaf vəd edir, kim isə zəlalət və miskinlik? Buyurub seçsinlər, yaxşını yamandan ayırd etsinlər. Vaxt daralır...

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR