Onlayn ictimai-siyasi qəzet
Ermənistan “rus-NATO”sunu tərk edə bilər; “Ermənistanı bu hərbi alyansdan çıxarmaq onu faktiki olaraq Qərbin qucağına atmağa bərabərdir”
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Ermənistanı öz təhlükəsizlik imkanlarını, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində kollektiv formatda səmimi və realist şəkildə yenidən qiymətləndirməyə çağırıb.
Pankin bildirib ki, Ermənistanın KTMT-dəki fəaliyyətini “dondurması” və qərarların qəbulunda iştirak etməməsi fonunda ölkənin öz təhlükəsizliyini necə təmin edəcəyi sual altındadır: “Bütün tərəflər anlayır ki, Ermənistan artıq təşkilatın qərarlarında iştirak etmir. Amma bu ölkə KTMT-nin kollektiv mexanizmlərinə və öz təhlükəsizlik ehtiyaclarına obyektiv yanaşmalıdır”.
Pankin həmçinin bildirib ki, Ermənistanın KTMT-yə üzvlük haqqını ödəməməsi məsələsi 2025-ci ilin dekabrından sonra müzakirəyə çıxarılacaq. Bu qərarın hansı formatda veriləcəyi isə hələlik bəlli deyil.
Ermənistan rəsmi olaraq KTMT-dən çıxmasa da, son illərdə təşkilatla əlaqələrini minimuma endirib: tədbirlərdə iştirakdan imtina edir, birgə təlimlərə qatılmır və maliyyə öhdəliklərini yerinə yetirmir. Moskvanın bu açıqlaması Ermənistanın Qərblə yaxınlaşmasına və KTMT-dən uzaqlaşmasına qarşı diplomatik xəbərdarlıq kimi qiymətləndirilir.
Pankinin timsalında rəsmi Moskva növbəti dəfə İrəvana xəbərdarlıq edib və ən əsası, ilin sonuna qədər vaxt verilib. Dekabrdan sonra Ermənistan KTMT ilə bağlı cığallığına və oyunpozanlığına aydınlıq gətirməli, seçim etməlidir - ya de-yure blokdan çıxır, ya da “dondurma”nı uzun müddət davam etdirə bilməyəcək.
Ekspertlərin qənaəti nədir, İrəvanın seçimi nə olacaq?
Rəşad Bayramov
Politoloq Rəşad Bayramov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Pankin artıq neçənci dəfədir ki, Ermənistanın KTMT üzvü olaraq öhdəliyini xatırladan bəyanatla çıxış edir: “Son olaraq bir neçə ay əvvəl oxşar açıqlama verən Pankin bildirmişdi ki, Ermənistan 2025-ci ilin sonuna qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə ödəniş etməsə, təşkilatın digər üzv ölkələri müxtəlif ssenariləri nəzərdən keçirə bilər. Lakin Ermənistanın qurumdan çıxarılması gözlənilmir. İndi də Ermənistanın KTMT-yə üzvlük haqqını ödəməməsi məsələsinin 2025-ci ilin dekabrından sonra müzakirəyə çıxarılacağını deyən Pankin yenə də qərarın hansı formatda veriləcəyinin bəlli olmadığını bildirib. Əslində Pankinin bu istiqamətdə bəyanatları başadüşüləndir. Ermənistan hələ də KTMT üzvü olaraq qalırsa, demək, müvafiq üzvlük haqqı ödənişlərini də etməlidir. Amma məsələ burasındadır ki, KTMT nizamnaməsində bu məsələ üzv ölkələrin öhdəlikləri kimi göstərilsə də, öhdəliyin yerinə yetirilməməsi halında hansı addımların atıla biləcəyi ilə bağlı konkret bir şey göstərilməyib.
Təbii ki, Rusiya başda olmaqla, üzv ölkələr müvafiq qərarlar qəbul edib, Ermənistanı öz sıralarından xaric edə bilərlər. Amma indiki halda bu, Rusiya üçün məqbul deyil. Çünki birincisi, Rusiyanın problemi Ermənistanla yox, Ermənistan hakimiyyəti ilə bağlıdır. İkincisi isə Ermənistanı bu hərbi alyansdan çıxarmaq onu faktiki olaraq Qərbin qucağına atmağa bərabərdir. Bu isə Rusiya üçün heç bir halda məqbul deyil".
Ekspert Rusiyanın bu istiqamətdə heç bir addım atmayacağı qənaətindədir: “Ermənistan özü də indiki mərhələdə KTMT üzvlüyündən çıxmağa tələsmir. Sadəcə, fəaliyyətini dondurmaqla özləri üçün Qərbin dəstəyini təmin edir. Qərbdən həm maliyyə, həm də silah və texnika alır. Digər tərəfdən isə Rusiyanı qıcıqlandırmamaqla üzərlərinə gələ biləcək təzyiqləri minimallaşdırır. Hər iki ölkənin iqtisadi cəhətdən bir-birindən faydalanması da burada əsas rol oynayır.
Odur ki, mən Ermənistanın KTMT-dən açıq şəkildə imtina edəcəyini düşünmürəm. Amma əgər KTMT üzvlüyündən çıxarılacaqsa, buna etiraz da etməyəcək, əksinə, sevinəcək. Çünki Rusiyadan tədricən də olsa uzaqlaşmaq Paşinyanın Qərb qarşısında götürdüyü öhdəlikdir və əslində elə KTMT-ni hər mənada boykot etməkdə də məqsəd məsuliyyəti digər tərəfin üzərinə atmaqdan ibarətdir.
Amma mən Rusiyanın da öz növbəsində Ermənistanı təşkilatdan çıxarmaq üçün hər hansı addım atmayacağı qənaətindəyəm. Ən maksimum halda müvafiq rüsumların ödənilməməsinə görə Ermənistanın təşkilatda səsvermə hüququnun əlindən alınması haqqında qərar qəbul oluna bilər ki, bu da faktiki olaraq heç nəyi dəyişmir".
Asif Nərimanlı
Siyasi analitik Asif Nərimanlının fikrincə, Ermənistan Rusiyanın onu qorumadığı məsələsini yenidən gündəmə gətirə bilər: “Mövcud şərtlərdə Ermənistanın KTMT-yə qarşı antireaksiya imkanları tükənir. Çünki Trampın gəlişindən sonra Qərbdə Ermənistana verilən dəstək azalıb. Əvvəllər Avropa İttifaqı ilə yanaşı, ABŞ da dəstək verirdisə, indi yalnız Avropadan dəstək var. Bununla yanaşı, Ukrayna müharibəsində başlanan danışıqlar mərhələsi Rusiyanın regiona qayıtması reallığını yaradır və Moskva ilk öncə ən çox itki verdiyi Ermənistanda mövqelərini gücləndirməyə çalışacaq. Bu vəziyyətdə Ermənistanın Rusiya və Rusiyanın lideri olduğu ittifaqlara qarşı sərgilədiyi mövqe zəifləyir. KTMT ilə bağlı seçim anının yaxınlaşması İrəvanı çətin vəziyyətə salacaq. Məsələ ondadır ki, Ermənistan KTMT-dən çıxa bilmir, çünki alternativ təhlükəsizlik zəmanəti yoxdur, Avropadan da lazımi dəstək ala bilmir, eyni zamanda regionda əsas müttəfiq kimi gördüyü İranın düşdüyü vəziyyət də ortadadır. Lakin KTMT-də yenidən aktiv fəaliyyət göstərmək də Ermənistan hakimiyyətinin avropayönümlü xarici siyasi kursuna uyğun deyil. Fikrimcə, rəsmi İrəvan bu dilemmativ vəziyyətdən çıxmaq üçün KTMT-yə qarşı ittihamlarını aktuallaşdıra, hətta sərhəddə müəyyən təxribatlar törətməklə KTMT-nin Ermənistanı qorumadığı arqumentini yenidən gündəmə gətirə bilər”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ