İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan üçün “əcəl zəngi” - Bakıdan Zəngəzur xəbərdarlığı

Azərbaycanla İran Zəngəzur dəhlizi layihəsini həyata keçirməyə başlayır; Natiq Cəfərli: “Bütün hallarda Ermənistan özünə zərər vurur, Rusiya da yolun açılmasında maraqlıdır”

Bakı və Tehran Zəngəzur dəhlizi layihəsini həyata keçirməyə başlayır. “Yeni Müsavat” xəbər verir ki, bunu İranda rəsmi səfərdə olarkən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov açıqlayıb.

Nazir qeyd edib ki, Şərqi Zəngəzurdan (Azərbaycanın Zəngilan rayonu) İrandan keçərək Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedən nəqliyyat dəhlizi ikitərəfli əməkdaşlığın mühüm məqamlarındandır. C.Bayramovun sözlərinə görə, yaxın günlərdə bu layihənin ilk elementinin - Araz çayı üzərində körpünün tikintisinə başlanacaq. Lakin o demək deyil ki, Bakı Zəngəzur dəhlizindən imtina edir. Hər halda 10 noyabr kapitulyasiya sənədini və ya onun 9-cu bəndini heç kim ləğv etməyib. Məsələ ondadır ki, Ermənistan Zəngəzur dəhlizinin reallaşmasına mane olmağa davam etsə, bundan ən çox itirən onun özü olacaq. Bakı və Tehran alternativ yol tikəcək, İrəvan isə yenə ofsaytda qalacaq.

Erməni tərəfi bildirir ki, bir halda bu marşrut açıla bilər, dəhliz yox, yol statusu daşıyacaq, Ermənistan gömrüyü xidmət göstərəcək. Amma bu, cığallıq və həyasızlıqdır. Çünki 10 noyabr sənədində göstərilən müddəanı pozmuş olurlar. Sazişdə vurğulanıb ki, dəhlizdən maneəsiz keçid nəzərdə tutulur və müddətsiz göstərilir. Misal üçün, Laçın dəhlizi müddətli qeyd olunub, amma Zəngəzur müddətsiz və maneəsiz dəhliz olmalıdır. Ancaq rəsmi İrəvan razılaşmanı pozmaqda davam etməklə öz iqtisadiyyatına zərər etmiş olur. Halbuki bu marşrut Ukrayna böhranı və Rusiyaya qarşı sanksiyalar səbəbindən şərq-qərb, şimal-cənub marşrutlarının ən vazkeçilməz, mühüm həlqəsi halına gəlməkdədir. Bəs alternativ marşrutun inşasına başlanması Ermənistanı tələsdirəcəkmi? Və Naxçıvana 2 marşrutun eyni vaxtda işləməsi Azərbaycana hansı üstünlüklər vəd edir?

Natiq Cəfərli ON REAL CAVAB - YouTube

Natiq Cəfərli

İqtisadçı - ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, hətta Azərbaycanla Ermənistan Zəngəzur mövzusunda anlaşsa belə, yenə də İrandan keçməklə Naxçıvana alternativ yolun olması yaxşı haldır. Onun sözlərinə görə, bu, bizə Rusiyadan və Ermənistandan asılılıq yaratmır. “Eyni zamanda Türkiyədən Azərbaycan üzərindən keçməklə Orta Asiyaya yolun açılması baxımdan effektli nəqliyyatdır. Ona görə alternativ yolun olması çox vacibdir və fikrimcə, İran ərazisindən keçməklə Naxçıvana yol açmaq doğru qərardır”, - deyə Cəfərli vurğuladı. Ekspertin sözlərinə görə, İrəvanın Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsi ilə bağlı məsələni uzatmasıözünə və Rusiyaya ziyandır: “Əslində Rusiya bu yolun açılmasında çox maraqlıdır. Çünki Rusiyadan Ermənistana olan yeganə yol Gürcüstanın Lars bölgəsindən keçir, bu yolun relyefi də dağlıqdır, mürəkkəbdir. Elə bugünlərdə Larsda baş verən  daşqınlar səbəbindən Rusiyadan Ermənistana gedən yol bağlanmışdı, yük daşımaları mümkün olmamışdı, qışda da çətin olur. Sadəcə, Ermənistanın gecikdirmə səbəbi odur ki, yola Rusiya nəzarət edəcək. Onlar da bundan məmnun deyil. Bu məsələdə Ermənistanla Rusiya arasında bir anlaşmazlıq var. Ona görə Araz çayı boyunca deyil, digər yolların açılması təklif edilir ki, Ermənistan da söz sahibi olsun. Bütün hallarda Ermənistan özünə zərər vurur. Üstəlik, Gürcüstan tranzit yük daşımalarının qiymətini artırdı, bu da ermənilərə ziyan vurur. Yəni öz ayaqlarına güllə atırlar. Halbuki şərq-qərb, şimal-cənub dəhlizinə yol əldə etmiş olardılar. Yəni öz ambisiyalarını kənara qoyub normal məntiqlə məsələyə yanaşsalar, tezliklə koridorun açılması mümkün ola bilər”.

Ermənistanı qarışdırmaq üçün düymə hansı ölkədən basılıb - ŞOK DETALLAR

 Oqtay Qasımov

Politoloq Oqtay Qasımovun sözlərinə görə, Rusiyanın beynəlxalq sanksiyalardan yayınması üçün Azərbaycandan istifadə etmək niyyəti ola bilər: “Eləcə də kommunikasiyalara müəyyən nəzarətin əldə olunması məsələsinin müzakirəsi mümkündür. Konkret Ukrayna prosesi uzun müddət davam edəcəksə və Zəngəzur dəhlizi açılacaqsa, Rusiya maraqlı olacaq ki, Zəngəzur yoluna özü nəzarət etsin. Rusiya onun açılmasında maraqlıdır. Amma o şərtlə ki, bu yol özünün tam nəzarətində olsun və istədiyi zamanı onu dayandıra bilsin. Yəni təsir rıçaqlarını əldə saxlamaq şərtilə öz yüklərinin daşınması, digər yükləri istənilən an blok etməsi şərti ilə buna razı ola bilər. Doğrudur, Putin 10 noyabr sazişinə imza atıb, amma Rusiya dünyada heç də öz imzasına hörmət edən dövlət kimi tanınmır. Mən daha irəli gedərək hesab edirəm ki, Zəngəzur üzərindən keçəcək dəhlizdə gömrük nəzarəti olacaqsa, Azərbaycan da birmənalı şəkildə yeni yolun başlanğıcında bunu tətbiq etməlidir. Mən təklif edərdim ki, biz yeni çəkilən və bir müddətdən sonra istifadəyə veriləcək yolu dəhliz deyil, elə Laçın yolu kimi ifadə edək. Çünki dəhliz məsələsi ciddidir. Nəzərə almaq lazımdır ki, ermənilərin hazırda Zəngəzur dəhlizində avtomobil yolu ilə bağlı təklif etdiyi variant absurddur. Bu, həm də 10 noyabr anlaşmasının müvafiq bəndinə ziddir. Çünki üçtərəfli razılaşmada konkret olaraq dəmir yolu və avtomobil yolunun Mehri üzərindən açılmasından bəhs edilir. Biz buna diqqət etməliyik. Ermənilər hazırda Horadiz-Qubadlı-Gorus və ya Laçından Gorusa keçərək Şahbuz yolunu təklif edirlər. Bu da qəbul ediləsi təklif deyil. Çünki həm relyef, həm zaman, həm də daşınmaların həcminə təsir baxımından bu yol birmənalı şəkildə uyğun deyil. Bu halda məsafə uzanır, relyefin sərt olması səbəbindən qış fəslində hərəkət imkanları sıfıra enir. Zəngəzur dəhlizindən 42 kilometr uzunluqda dəmir yoluna paralel avtomobil yolu keçməlidir. Biz buna da diqqət etməliyik”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR