İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan “Şaka”nı oyuna salır - Hindistanda “ölüləri” yandırmırlar?

Dehli rəsmisi Mirzoyanla görüşdə “ölmüş” Minsk Qrupunu dəstəkləyib; Akif Nağı: “Kəşmir məsələsində Pakistanın yanında olduğumuz üçün Ermənistanı müdafiə edirlər”

Ermənistan rəsmiləri Minsk Qrupunu “diriltmək” və bu absurd məsələdə dəstək almaq üçün hər yola baş vururlar. “Yeni Müsavat” bildirir ki, ABŞ-dan aldıqları yarımçıq dəstəkdən ürəklənən Ermənistan, indi də İrəvanda səfərdə olan Hindistan Xarici İşlər Nazirliyinin Qərb istiqamətinin katibi Sanjay Vermanın da “ağlını oğurlayıblar”.

Ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirən Hindistanın XİN rəsmisi xarici işlər naziri Ararat Mirzoyanla da bir araya gəlib. Mirzoyan qeyd edib ki, Hindistanla əlaqələrin hərtərəfli dərinləşdirilməsi və inkişafı Ermənistanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Məlum olub ki, Ermənistan-Hindistan hökumətlərarası komissiyasının son iclasından sonra ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafı istiqamətində xeyli iş görülüb. Qarşılıqlı yüksək səviyyəli səfərlər baş tutub, beynəlxalq strukturlar çərçivəsində fəal əməkdaşlıq aparılır, biznes forumlar, görüşlər təşkil olunub.

Məsələnin maraqlı tərəfi odur ki, Hindistan rəsmisi Minsk Qrupunu dəstəkləyib. O, Qarabağ məsələsinin ATƏT-in Minsk Qrupu mandatı altında tənzimlənməli olduğunu bəyan edib. Mirzoyan isə öz növbəsində, Hindistanın məlum mövqeyinə görə ona xüsusi təşəkkür edib. Hindistanın Ermənistanla yaxın münasibətləri bəllidir. Stokholm Sülh Problemləri Araşdırmaları İnstitutu tərəfindən bu il hazırlanmış “Beynəlxalq silah ticarətində tendensiyalar” hesabatında qeyd olunur ki, 2017-2021-ci illər ərzində Hindistanın silah ixracında Ermənistanın payı 13 faiz təşkil edib. Beləliklə də İrəvan Hindistandan silah idxalı həcminə görə üçüncü ölkə olub. Ancaq Ermənistanla dostluqlarına baxmayaraq, ötən ilin aprelində daşnaklar paytaxt İrəvanda hind ictimai və siyasi xadimi, Hindistanın Böyük Britaniyadan azad olması hərəkatının rəhbəri və ideoloqlarından biri Mahatma Qandinin heykəlini yandırmışdılar. Məlumdur ki, Britaniya 1947-ci ildə Hindistana azadlıq verməyə məcbur olandan sonra buddistlərlə müsəlmanlar arasında qanlı savaş başladı, həmin ilin avqustunda ingilis koloniyası Hindistan və Pakistan olmaqla iki hissəyə bölündü. Pakistanla Azərbaycanın sıx dostluq münasibətlərindən ən çox qıcıqlanan da elə Hindistandır. Mümkündür ki, Azərbaycanın əleyhinə olduğu Minsk Qrupunu da məhz bu səbəbdən dəstəkləmək lazım gəlib. Amma həm də ortaya sual çıxır: “ölmüş” Minsk Qrupunun “Şaka”ya (Hindistana) nə dəxli? Məgər Hindistanda öləni yandırmırlar? Minsk Qrupu da elə “ölü”dən fərqlənmirsə, Hindistanın bu dəstəyi kimə lazımdır?

Akif Nağı: “Rusiya Ukraynanı itirdi”

Akif Nağı

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının “Yeni Müsavat”a dediyinə görə, Hindistan həmişə Ermənistanın yanında olub. QAT sədri xatırlatdı ki, BMT-də qətnamə qəbul olunmuşdu və ərazilərimizin işğal edilməsi sənəddə təsdiqlənmişdi, amma 7 dövlət əleyhinə səs vermişdi, həmçinin həmsədr ölkələr, o cümlədən bu sırada Hindistan da var idi. A.Nağı bildirdi ki, o zaman qətnamənin əleyhinə səs verən ölkələrin səfirləri ilə görüşüblər, müxtəlif cavablar alıblar: “Hindistan səfiri ilə də görüşdük, bizə cavab verdilər ki, Kəşmir məsələsində Pakistanın yanında olduğunuz üçün biz də Ermənistanı müdafiə edirik. Azərbaycan indi çalışır ki, Hindistanla münasibətləri normallaşdırsın. Ancaq Pakistanla yaxın əlaqələrimiz var və bu məsələdə Dehliyə güzəştə gedə bilmərik. Azərbaycan öz diplomatiyası ilə Hindistana izahat verməlidir. Sadəcə, Hindistan heç özü də bilmir ki, Minsk Qrupu nə işlə məşğuldur, İrəvana xoş gəlsin deyə müdafiə edirlər”.

FUAD ƏLİYEV: Dilənçi maaşı alanlar, dilənçi təqaüdünə də məhkumdurlar -  Video

Fuad Əliyev 

ALDP sədri Fuad Əliyev isə dedi ki, Hindistanda ermənilərin məskunlaşması XVII əsrin ortalarından başlayıb: “Dünyada ilk erməni dilində qəzet olan ”Azdararda" 1794-cü ildə Hindistanda çap olunub. Bundan başqa, Bombey şəhərində erməni dərnəyi yaradılıb. Pakistanla Hindistanın müharibəsi başlayanda onların çoxu qaçdılar, əksəriyyəti də Amerikaya köçdü. Ona görə bu dəstəyin bir kökü və səbəbi var. Hindistanla Ermənistanın bağlantısı bu günün siyasəti deyil. Onların ermənilərə simpatiyası mövcuddur. Odur ki, Hindistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Minsk Qrupunu dəstəkləyib. Bəlkə də həmin hind diplomat bu formatın mahiyyətini də bilmir. Ancaq bu ranqda olan görüşlərin və verilən bəyanatların bir əhəmiyyəti yoxdur. Ermənistan o günə qalıb ki, Minsk Qrupunu reanimasiya etmək üçün Hindistandan dəstək dilənir. Amma Hindistanın dəstəyi heç nəyi dəyişmir və bu ölkənin Cənubi Qafqazdakı proseslərə təsir mexanizmi yoxdur. Onlar yaxşı olar ki, ölmüş Minsk Qrupu haqda sonu ağlamaqla qurtaran film çəksinlər".

Partiya sədrinin sözlərinə görə, Ermənistanın müharibə vaxtı da atəşkəs üçün ağız açmadığı, daban dibi yalamadığı dünya lideri qalmamışdı: “Müharibə bizim qələbəmizlə başa çatıb, indi də Minsk Qrupunu diriltmək üçün ona-buna minnətçi düşüblər. Axı Hindistan nümayəndəsinin açıqlaması nəticə etibarı ilə nəyə təsir göstərə bilər? İrəvan istəyir lap göyə dırmaşsın, istəyir Rac Kapuru çağırsın, Minsk Qrupu olmayacaq, onun fatihəsi çoxdan verilib. Burada Pakistan amili də böyükdür. Ermənistanın Pakistanla diplomatik əlaqələri yoxdur. Pakistan 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanın müstəqilliyini tanımayıb. Hələ keçən il Hindistan mayda Azərbaycanı Ermənistanın sərhədini pozmaqda ittiham edərək ”qüvvələrini dərhal geri çəkməyə, hər hansı gələcək provokasiyanı dayandırmağa" çağırmışdı. Yəni burada kimin müttəfiqi olduğu son dərəcə bəsit və aydındır. Amma Hindistan işğalçıya açıq dəstək də verməyib, bizimlə yaxşı ticari əlaqələri var. Hindistan müharibə gedən zaman da ermənilərə yardım etməyib. Ona qalsa, erməniyə silah verən və ötürən qonşularımız oldu, onları gərək yada salaq, nəinki uzaq Hindistanı. İndi Pakistanla biz bir-birimizi dəstəkləsək də, bu o demək deyil ki, Hindistanla düşmən olmalıyıq. Biz onların, onlar da bizim ərazi bütövlüyümüzü dəstəkləyir. Bir Kəşmir mövzusu var. Bu məsələdə də biz beynəlxalq təşkilatların qətnamələrindən çıxış edirik".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR