Onlayn ictimai-siyasi qəzet
Qeyri-peşəkar şahmatçılar arasında iki tip şahmat oynayan var.
Birinci qrupa oynadığı oyunun yarısında bir fiqur, iki piyada itirdikdən, rəqibinin heç bir səhvə yol vermədən oyuna davam etdiyini gördükdən sonra təslim olan, “bu heç, yeni oyuna başlayaq” deyənlər daxildir.
İkinci qrup isə bütün fiqurlarını və piyadalarını itirən, taxtada tək şahı qalan, amma rəqibinin bəzən iki fili, yaxud bir topu, ya da bir atı, bir fili qaldığını görsə də, son “şah” elanına qədər oyunu davam etdirənlərdən ibarətdir.
Bilənlər bilir ki, taxtada bir top (eləcə də iki fil, bir at-bir fil) və iki şah qalıbsa, şahın biri mütləq mat olacaq. Bu qaçılmazdır. Sadəcə, oyun uzun çəkəcək, 15-20, bəzən lap çox artıq gedişlər ediləcək, vaxt itiriləcək. Amma elə oyunçular var ki, rəqibin bunu başa gətirə bilməyəcəyinə, haradasa səhv edəcəyinə inanır, daha pisi, məğlubiyyətlə barışmaq istəmir, sona qədər dirəşirlər, amma axırda yenə məğlubiyyət acısı yaşayırlar.
Ermənilər məhz ikinci tip “şahmatçı”lardandır.
Onlar 2020-ci ildə piyadalarının çoxunu, fiqurlarının yarısını itiriblər, olduqca əlverişsiz mövqedə qalıblar, bütün dünya onların məğlubiyyəti ilə barışıb, amma özləri sona qədər “oynamaq” fikrindədirlər, dirəşirlər, uduzulmuş oyunu bitirmək, sağlam və sülhpərvər müstəvidə yenisini başlamaq istəmirlər.
Son bir ildə onların revanşist iddiaları getdikcə güclənməkdədir. “Silahlanmalıyıq, vuruşmalıyıq, yoxsa ölkəmiz məhv olacaq” fikri yenidən ermənilərin milli şüuruna hakim kəsilib.
Belə anlaşılır ki, 2020-ci ildə bədi-fənaya verilmiş, kütləvi şəkildə fərarilik etməyə məcbur olmuş 18-20 yaşlı gənclərin yeri yeni 18-20 yaşlı gənclərlə dolub və başbilən ermənilər onlar “şahmat taxtası”nın üstünə düzüb qabağa yeritmək fikrindədirlər.
Amma müharibə şahmat oyunundan çox fərqlidir. Burada ağlı-qaralı 32 taxta fiqur eyni qutuya qoyulmur, lazım olanda yenidən masa üzərinə gətirilib, yeni oyun başladılmır. Müharibədə bir piyada iki dəfə vurulmur, bir fiqur iki dəfə itirilmir, hər şey bir dəfə olur və bu, faciələr silsiləsi deməkdir.
1-ci və 2-ci Qarabaq savaşında əzizlərini itirməyən, özləri iştirak etməyən ermənilərin 3-cü müharibəyə can atmaları riyakarlıq, eyni zamanda məsuliyyətsizlikdir.
Ermənilərin anlamadığı odur ki, öz gücsüz və haqsız halları ilə yeni “oyun”a, müharibəyə başlasalar da, onlara uduş yoxdur.
İndi onlar xiffətlə 1993-cü il kampaniyasını, Surət Hüseynovun baiskar olduğu siyasi hərc-mərclik nəticəsində başıpozuq qalmış Azərbaycan ordusunun geri çəkilməsi ilə yiyəsiz qalmış rayonlarımızı ard-arda işğal etdikləri vaxtı, daha sonra Bişkəkdə imzalanan və ermənilərin hərbi üstünlüyünü təsbit edən atəşkəs sazişini xatırlayırlar və bunu qələbə kimi qələmə verirlər.
Bəs o vaxtkı hərbi üstünlük Qarabağı ermənilərə qazandırmışdımı? Əsla. Qarabağ döyüş poliqonu, atəşkəs sazişinin gündə 100 dəfə pozulduğu təmas xətti olaraq qalırdı. Ermənilər o boyda ərazinin yalnız bir qismindən bəhrələnirdilər, yerdə qalanını söküb-dağıtmış, talayıb daşımışd, xaraba qoymuşdular. Bir-iki yaşayış məntəqəsindən başqa inşa etdikləri bir şey də yox idi.
Çünki ermənilər sövq-təbii hiss edirdilər ki, müharibə bitməyib, nə vaxtsa yenidən qızışacaq, o zaman inşa edilən tikililər, körpülər, binalar hayıf ola bilər.
Azərbaycan isə işğaldan azad olunan yerlərdə geniş miqyaslı tikinti-quruculuq işləri aparır, çünki əmindir: yeni müharibə olsa da, bu yerlərin yenidən ermənilərin əlinə keçməsi mümkün deyil. Buna nə hökumət, nə ordu, nə də xalq imkan verməyəcək.
Belədirsə, ermənilərdə bu qədər revanşa meyllilik, yeni müharibəyə həvəs haradandır? Nə istəyirlər, nə gözləyirlər? Hesab edirlər ki, bu qədər həyasızlıq, dirəşkənlik göstərsələr, biz bezəcəyik, “yaxşı, siz deyən olsun, ta bizdən əl çəkin” deyəcək, ərazi və xüsusi status güzəşti edəcəyik?
Belə edən olsaydıq, bunu 1994-2020-ci illər arasında edərdik. Amma etmədik. Müharibəyə hazırlaşa-hazırlaşa oturub gözlədik, nəhayət, revanş günü yetişdi, ermənilərlə təkbətək qaldıq və “oyun”in mittelşpilindəcə (şahmatda hər iki rəqibin öz qüvvələrini hərəkətə gətirməyə başlaması) aydın oldu ki, endşpil (oyunun sonu) uzun çəkməyəcək.
2020-ci ilin 9 noyabrında isə başda baş nazir Nikol Paşinyan olmaqla bütün Ermənistan ordusu, siyasiləri və xalqı seytnot (vaxt çatışmazlığı) vəziyətinə düşdülər, düşünməyə vaxtları qalmadı, ona görə də tez-tələsik Putinin planına “hə” deyib canlarını qurtardılar.
Sonrakı illərdə özlərinə gəlincə, nəfəslərini dərincə, seytnot vəziyyətdən çıxınca, yenidən cığal damarları yoğunladı və artır 3 ilə yaxınlaşır ki, sülhə gəlmək istəmirlər, “oyun”un vaxtını uzadır, nələrəsə ümid edirlər. Ən azı indiki pat vəziyyətinin uzun sürməsini umurlar.
Amma yeni oyun artıq şahmat oyunu olmayacaq, çiling-ağac kimi bir şey olacaq. Bircə bunu da anlasaydılar və öz taleləri ilə barışsaydılar, fağır piyadalarının canı da salamat qalardı.
P.S. Qambit - mərkəzdə üstünlüyə nail olmaq üçün piyadaların qurban verilməsi...
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ