Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın qədim şəhərlərindən biri olan İrəvan əsrlər boyu yalnız qala və sarayları ilə deyil, həm də çoxsaylı məscidləri ilə tanınıb
Ermənistanda səfərdə olan İran Prezidenti Məsud Pezeşkian İrəvan şəhərində yerləşən qədim Azərbaycan tarixi-memarlıq abidəsi - "Göy" məscidi ziyarət edib. Prezident burada ibadət edib, namaz qılıb və bu müqəddəs məkanda dini mərasimdə iştirak edib. Məsud Pezeşkianın bu ziyarəti "Göy" məscidlə bağlı məsələni yenidən gündəmə gətirib.
Xatırladaq ki, İrəvanda mövcud olan yeganə məscid - "Göy" məscid uzun illərdir ki, Ermənistan tərəfindən İran mədəniyyətinə aid edilərək dünyaya “fars məscidi” kimi təqdim olunur. Halbuki tarixi faktlar bunun əksini sübut edir.
"Göy" məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə inşa olunub. Azərbaycanın memarlıq irsinin nadir nümunələrindən sayılan bu tikili öz monumental quruluşu ilə diqqət çəkir: məscidin eni 66 metr, uzunluğu isə 92,2 metrdir. O, həm də İrəvan məscidləri arasında ölçüsünə görə ən böyüyü olub.
Çar Rusiyası dövründə "Göy" məscid İrəvanda fəaliyyət göstərən 8 məsciddən biri idi və əsasən azərbaycanlıların ibadət yeri kimi tanınıb. Bu məkan uzun illər şəhərin dini-mədəni həyatının mərkəzlərindən biri olub.
Məscid 20-ci əsrdə iki dəfə böyük faciə ilə üzləşib. İlk dəfə 1918-ci ildə İrəvanda erməni silahlı dəstələri tərəfindən yandırılıb. İkinci dəfə isə 1955-ci ilin martında faciəli hadisə baş verib: həmin vaxt məsciddə azərbaycanlı din xadimi Mahmud Aruzoğlu həyat yoldaşı və 22 nəfər türk alimi ilə birlikdə ibadət edərkən ermənilər tərəfindən diri-diri yandırılıb. Bu hadisə azərbaycanlılara qarşı törədilən dini və milli soyqırımı aktlarının acı nümunələrindən biridir.
1995-2006-cı illərdə məscid İranın tikinti şirkətlərinin köməyi ilə bərpa edilib. Lakin bu bərpadan sonra abidə Ermənistan hökumətinin siyasəti nəticəsində “İran mədəniyyət mərkəzi” kimi təqdim olunmağa başlanıb. Bu, həm Azərbaycan tarixinə qarşı saxtakarlıq, həm də mədəni irsin mənimsənilməsi cəhdidir.
Ümumiyyətlə, Azərbaycanın qədim şəhərlərindən biri olan İrəvan əsrlər boyu yalnız qala və sarayları ilə deyil, həm də çoxsaylı məscidləri ilə tanınıb. XIX əsrə qədər bu şəhərin simasını müəyyən edən əsas memarlıq elementlərindən biri məhz möhtəşəm məscidlər idi. Bu tikililər həm dini, həm də ictimai-mədəni mərkəz funksiyasını daşıyır, şəhərin memarlıq ruhunu formalaşdırırdı.
İrəvan məscidləri barədə ən qiymətli məlumatlardan birini məşhur fransız səyyahı və etnoqrafı İvan Şopen (1798-1870) verib. XIX əsrin 20-ci illərində Qafqaz canişinliyinin tapşırığı ilə bölgəni araşdıran Şopen yazılarında İrəvan və Naxçıvan əhalisinin tarixi, etnik tərkibi, dili, folkloru, ədəbiyyatı və incəsənəti haqqında ətraflı məlumat toplayıb. Onun 1832-ci ilə aid qeydlərində yalnız İrəvan şəhərində 12 məscid qeydə alınır.
Şopenin göstərdiyi məscidlər arasında "Came" məscidi, "Şah Abbas" məscidi, "Zal xan" məscidi, "Novruzəli bəy" məscidi, "Sərtib xan" məscidi, "Hüseynəli xan" məscidi, "Hacı İmamverdi bəy" məscidi, "Hacı Cəfər bəy" məscidi və digərləri xüsusi əhəmiyyət kəsb edirdi. Bu fakt bir daha sübut edir ki, İrəvan tarixi boyunca müsəlman şəhəri olub və burada Azərbaycan memarlığı üstünlük təşkil edib.
Tarixi sənədlər göstərir ki, 1912-ci ilə kimi indiki Ermənistan ərazisində - İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında isə 35 məscid fəaliyyət göstərib. 1915-ci ildə bu say daha da artmış və İrəvan-Zəngəzur bölgəsində ümumilikdə 391 məscid qeydə alınmışdı (382-si şiə, 9-u sünni məscidi). Təəssüf ki, 1918-ci ildən etibarən erməni millətçilərinin həyata keçirdiyi etnik təmizləmə və mədəni soyqırımı siyasəti nəticəsində bu məscidlərin böyük əksəriyyəti dağıdılıb, yandırılıb və tamamilə məhv edilib.
İrəvanın məşhur məscidləri aşağıdakılar olub:
"Sərdar" məscidi - İrəvan məscidlərinin ən qədimi sayılan bu məscid XVI əsrə aiddir. Tarixi mənbələrə görə, bu ibadətgah Şah İsmayıl Xətainin göstərişi ilə onun vəziri Rəvanqulu xan tərəfindən inşa edilib. 1589-cu ildə Osmanlı türkləri məscidi bərpa ediblər. Sərdar sarayının yaxınlığında yerləşdiyi üçün məscid "Sərdar" məscidi adlanırdı. 1918-ci ildə ermənilər bu məscidə toplaqları müsəlmanları diri-diri yandıraraq abidəni insanlarla birlikdə külə çeviriblər.
"Şah Abbas" məscidi - 1604-cü ildə 1-ci Şah Abbas İrəvan qalasını Osmanlılardan geri aldıqdan sonra 1606-cı ildə şəhərin ən möhtəşəm məscidlərindən biri olan "Şah Abbas" məscidini inşa etdirdi. Memarı məşhur Şeyx Bahəddin idi. Məscid kompleksinə mədrəsə, kitabxana, mehmanxana və ictimai yeməkxana daxil idi. Burada kasıblara gündə üç dəfə yemək paylanır, ictimai toplantılar keçirilirdi. XX əsrin əvvəllərində yarıuçuq vəziyyətdə olsa da, 1918-ci ildən sonra tamamilə məhv edilib.
"Dəmirbulaq" məscidi - İrəvanın azərbaycanlılar yaşayan Dəmirbulaq məhəlləsində XVII-XVIII əsrlərə aid bu məscid ibadət yeri və dini mərkəz olub. Memarı Hacı Müzəffər Ağa idi. Xalq arasında bəzən “Günlüklü məscid” də adlandırılan bu tikili 1988-ci ilə qədər fəaliyyət göstərirdi. Lakin həmin ilin fevralında erməni millətçiləri tərəfindən hücuma məruz qaldı, dağıdıldı və yandırıldı. Bu, İrəvan azərbaycanlılarının sonuncu dini ocağının məhv edilməsi demək idi.
"Rəcəb paşa" məscidi - 1725-ci ildə Rəcəb paşa tərəfindən inşa edilən bu məscid İrəvan qalasında yerləşirdi. 1827-ci ildə Rusiya qoşunları İrəvanı işğal etdikdən sonra məscid dağıdıldı və onun yerində pravoslav kilsəsi tikildi. Bu, İrəvan məscidlərinin kilsəyə çevrilməsinin ilk nümunələrindən idi.
"Abbas Mirzə xan" məscidi - XVIII əsrdə Qacar şahzadəsi Abbas Mirzə tərəfindən inşa edilən bu məscid də 1827-ci ildə rus işğalı zamanı dağıdıldı. Uzun müddət qalıqları mövcud olsa da, 2008-ci ildə Ermənistan hakimiyyəti abidəni tamamilə sökərək yer üzündən sildi.
"Şükürbəyli" məscidi - İrəvanın daha bir məşhur məscidi. 1827-ci ildə rus qoşunları tərəfindən daxili dəyişdirildi və “Svyatoy Boqoradiç” adı altında kilsəyə çevrildi. Hazırda da bu məkan rus pravoslav kilsəsi kimi fəaliyyət göstərir.
"Zal xan" məscidi - XIX əsrdə tikilib. II Dünya müharibəsindən sonra orijinal memarlıq üslubu tamamilə dəyişdirilərək sərgi salonuna çevrilib. Beləcə, abidə dini funksiyasını tamamilə itirib.
Bu tarixi faktlar bir daha göstərir ki, İrəvan əsrlər boyu Azərbaycan şəhəri olub və burada onlarla məscid fəaliyyət göstərib. Lakin XX əsrdə həyata keçirilən məqsədyönlü etnik təmizləmə siyasəti nəticəsində bu dini abidələrin əksəriyyəti dağıdılıb, bir qismi kilsəyə və ya muzeyə çevrilib, çox az qismi isə izsiz məhv edilib. Adıçəkilən məscidlər yalnız dini tikililər deyildi. Onlar həm də Azərbaycan xalqının bu torpaqlardakı varlığının, dövlətçilik ənənələrinin, memarlıq məktəbinin və mədəniyyətinin canlı şahidləri idi.
Azərbaycan memarlıq irsinin İrəvanda və ümumilikdə Ermənistan ərazisində məhv edilməsi faktları çoxsaylı sənədlərlə sübut edilsə də, beynəlxalq təşkilatlar bu məsələyə lazımınca diqqət yetirmir. UNESCO uzun illərdir ki, bu barədə susur. Halbuki Azərbaycan abidələrinin dağıdılması təkcə milli deyil, həm də ümumbəşəri mədəni irsə qarşı cinayət hesab edilməlidir.
Yazını hazırladı: Xalidə GƏRAY
20 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ