İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Bakı ilə anlaşmadan Türkiyə ilə barışıq olmayacaq! - Paşinyan üçün “qırmızı xətt”

Politoloq: “Ermənistan hakimiyyəti mümkün manevrlər etməklə həm Ermənistanı düşdüyü vəziyyətdən xilas etməyə, həm öz hakimiyyətinə olacaq təhdidləri neytrallaşdırmağa sıradan çıxarmağa çalışır, həm də bir erməni xislətindən çıxış edərək mümkün qədər daha çox iddialar ortaya qoymaq istəyir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan baş naziri Nikol Paşinyan arasında ilk telefon danışığı erməni millətçi və irqçi kəsimində ciddi narahatlıq doğurub. Bəzi iddialara görə, bu narahatlığın bir qismi sünidir və Paşinyan hökumətinin özü tərəfindən tətiklənir.

Ermənistan müxalifəti Paşinyanı devirə bilmədi -  lakin siyasi və psixoloji təzyiqlər qalmaqdadır. İrəvandakı və Qarabağdakı separatçı rejimə bağlı bəzi media quruluşları Paşinyana təzyiq etmək üçün onun ünvanına ‘’türk’’ ayaması da qoşurlar. Paşinyan isə əslində “türk” olmadığını, Ermənistanı xilas etmək üçün türklərlə (Azərbaycan və Türkiyə) oynamaq zorunda qaldığını nümayiş etdirməkdədir. Onun Türkiyə ilə anlaşmaq prosesində səmimiyyətinin dərəcəsini ölçmək qeyri-mümkündür. Lakin Paşinyan axmaq deyil və bilir ki, Türkiyə ilə anlaşmasa, Bakı ilə də anlaşa bilməyəcək. Ankara və Bakı ilə anlaşa bilməyən bir hökumətin isə iflas durumunda olan Ermənistana sülh və rifah gətirə bilməsi qeyri-mümkündür. Rəsmi Bakı Ankara ilə İrəvan arasındakı yaxınlaşmanı dəstəkləyir və tərəfləri buna təşviq edir. Çünki bu prosesin sonunda Paşinyanın Azərbaycanın şərtlərini qəbul edərək, sülh anlaşmasını imzalaması perspektivi dayanır. Məlum olduğu kimi, sərhədlərin açılması və diplomatik münasibətlərin yaradılması üçün Türkiyənin şərtləri budur ki, İrəvan Azərbaycanın torpaq bütünlüyünü tanıyır və sülh müqaviləsini imzalamağa razılaşır. 

Bəzi iddialara görə, Ankara ilə İrəvanın anlaşmaları xeyli dərinləşib və proses pərdə arxasında çox yaxşı gedir. Lakin istənilən halda unutmamaq lazımdır ki, önümüzdəki tərəf-müqabilimiz ermənilərdir, onlar yalan danışmağı, oynamağı və anlaşmaları pozmağı yaxşı bacarırlar. Elə Paşinyanın özü də postmüharibə dövründə xeyli ucuz manevrlər, oyunpozmalar edərək, zaman qazanmağa, sülh anlaşmasını uzatmağa çalışmaqdadır. İki gün öncə baş verən bir hadisə də Paşinyan komandası ilə bağlı diqqətli olmaq çağırışını aktuallaşdırıb. Belə ki, Ermənistan parlamentinin sədri, Paşinyanın yaxın adamı sayılan Alen Simonyan  Estoniyanın İrəvandakı səfiri ilə görüşdə ölkəmizə qarşı həyasız təxribata əl atıb. “Biz Estoniya parlamentinin fəaliyyətini izləyirik və bizim üçün həssas məsələlərlə bağlı istənilən bəyanata və ya hər hansı digər təzahürə böyük əhəmiyyət veririk”, - Simonyan bildirib.

Ardınca bu il mayın 24-də Estoniya parlamentinin sədri J. Ratasın Şuşaya səfəri ilə bağlı “hədsiz narahatlığı”nı ifadə edərək sırtıqcasına söyləyib: “Cənab Ratasın ermənilərdən təmizlənmiş Şuşaya səfəri, orada verdiyi bəyanatlar nəinki ölkələrimiz arasında dostluq münasibətlərinin ruhunu əks etdirmir, eyni zamanda Estoniyanın Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində sülh yolu ilə həllinə rəsmi dəstəyi ilə ziddiyyət təşkil edir”.

Erməni spiker səfirə həmçinin Şuşaya səfərlə bağlı Estoniya parlamentinin rəhbərinə məktub ünvanladığını da söyləyib. Məktubda Simonyan “ümid edir ki, həmçinin estoniyalı həmkarı tezliklə Ermənistana gələcək və vəziyyətlə yerindəcə tanış olacaq, həmçinin bu xüsusda Dağlıq Qarabağın rəsmi şəxsləri ilə görüşəcək” deyib.

Bu, əlbəttə ki, təkcə Alen Simonyanın yox, ümumən  “sülhpərvər”, “mötədil” Paşinyan iqtidarının rəsmi mövqeyidir! Həmin bu “sülhpərvərlər” Şuşa ilə bağlı dəfələrlə, o cümlədən XİN səviyyəsində  təxribat xarakterli açıqlamalara, dil uzatmalara yol veriblər. Belə bir əhval-ruhiyyədə olan komandanın başçısının Türkiyə ilə apardığı danışıqlara, Azərbaycanla imzalanacaq sülh müqaviləsinə münasibəti səmimi və dürüst ola bilərmi? Ümumiyyətlə, yüksək səviyyəli Ərdoğan-Paşinyan görüşü qlobal anlamda nəyi dəyişə bilər? Yoxsa bu da erməni tərəfinin vaxt uzatmaq üçün növbəti gedişidir?

Anar Əliyev: “Bölgəmizə sülh qətirəcək addımların atılmasına başlanılıb”

 Anar Əliyev 

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Ermənistan baş naziri və Türkiyə prezidenti arasında uzun illərdən sonra ilk təmasın baş verməsi - telefon danışığının baş tutması Türkiyə-Ermənistan münasibətlərinin və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində rol oynaya biləcək ciddi addımlardan biridir. Bu, Cənubi Qafqazda əldə olunmuş kövrək sülhün möhkəmləndirilməsi və Ermənistanla Azərbaycan arasında, nəhayət, sülh müqaviləsinin imzalanması prosesinə müsbət mənada təsir edə biləcək bir prosesdir: “Əslində 2009-cu ilin oktyabrında imzalanmış Sürix protokollarından sonra bu telefon danışığını Türkiyə və Ermənistan yüksək rəhbərliyi səviyyəsində ilk təmas kimi də qiymətlindirə bilərik. Sürix protokollarından sonra Türkiyə və Ermənistan arasında münasibətlərin tənzimlənməsi istiqamətində Ermənistan tərəfindən yaradılan süni maneələrin, eləcə də Sürix protokolunun şərtlərinə ziddiyyət təşkil eləyən həmin maneələrin aradan qalxması, yeni yaranmış şəraitin tələblərinə uyğun Ermənistan tərəfindən adekvat davranış nümayiş elətdirməyin nümunəsi kimi də qiymətləndirilə bilər. Azərbaycan tərəfinin də bəyan etdiyi kimi, Türkiyə ilə Ermənistan arasında münasibətlərin tənzimlənməsi, əlaqələrin qurulması, eyni zamanda Türkiyə ilə Ermənistan arasında ərazilərin qarşılıqlı şəkildə tanınması, sərhədlərin müəyyən edilməsi istiqamətində atıla biləcək addımlar Ermənistanı aqressiv davranışlardan cilovlamaqla yanaşı, həm də Cənubi Qafqazda oyunlar qurmaq istəyən, öz maraqlarını həyata keçirməyə çalışan dövlətlərin əlində alətə çevrilməkdən də xilas edə bilər. Bunun əsas şərtlərindən biri Ermənistanın Türkiyə və Azərbaycanla razılaşmasından keçir. Hesab edirəm ki, Prezidentin Ərdoğanla baş nazir Paşinyanın telefon danışığı irəliyə doğru ciddi addımdır. Bu, Cənubi Qafqazda Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında münasibətlərin tənzimlənməsinin yeni səhifəsinin açıldığını göstərir. Amma təbii, heç bir halda unutmaq olmaz ki, qarşı tərəf Ermənistandır, ermənilərdir, Paşinyan kimi bir riyakar və şou xarakterli davranışları ilə seçilən siyasətçidir. Onun atdığı addımlarda səmimi, davranışlarında səsləndirdiyi fikirlərdə dürüst olmadığını da göz önünə almaq lazımdır. Bu mənada hesab edirəm ki, Ermənistana daim təzyiqlər etməklə, düşdüyü vəziyyəti Ermənistan hakimiyyətinə və cəmiyyətinə bir daha açıq şəkildə faktlarla nümayiş elətdirməklə onlara çıxış yolunun nə olduğunu xatırlatmalıyıq. Bununla İrəvanı Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdırmağa, sülh sazişini imzalamağa vadar edə bilərik”.

Politoloqun fikrincə, Ermənistanla Türkiyənin münasibətlərinin bərpa olunması geosiyasi proseslər baxımından da qiymətləndirilməlidir. Çünki Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda dünya dövlətləri tərəfindən təklənən Rusiyanın bir sıra bölgələrdən, eləcə də Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması prosesinin getdiyi indiki zamanda Rusiyanın əsas forpostu olan, istinad nöqtəsi olan Ermənistanın Türkiyə ilə əlaqələrinin qurulması həm də kollektiv Qərbin maraqlarına xidmət edir: “Bu mənada hesab edirəm ki, proses həm də geosiyasi istiqamətdən təhlil edilməlidir. Amma eyni zamanda unutmaq olmaz ki, bu, Ermənistan tərəfinin bir çox razılaşmalarla, bəyanatlarla üzərinə götürdüyü öhdəliklərdən daim yayınmağa çalışmaq üçün istifadə etdiyi alətlərdən biri də ola bilər. Çünki Paşinyan hakimiyyəti dərk edir ki, Ermənistanın Azərbaycanla və Türkiyə ilə münasibətlər qurmaqdan başqa çıxış yolu olmadığı kimi, Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulması onun hakimiyyəti üçün də təhlükələr formalaşdıra bilər. Rusiyanın əlində alət olan revanşist qüvvələr aktivləşərək hakimiyyət üçün ciddi təhlükələr formalaşdıra, hətta Paşinyan iqtidarını dəyişməyə nail ola bilər. Bunları nəzərə alan indiki Ermənistan hakimiyyəti mümkün manevrlər etməklə həm Ermənistanı düşdüyü vəziyyətdən xilas etməyə, həm öz hakimiyyətinə olacaq təhdidləri neytrallaşdırmağa, sıradan çıxarmağa çalışır, həm də bir erməni xislətindən çıxış edərək mümkün qədər daha çox iddialar ortaya qoymaq istəyir. Azərbaycana qarşı reallıqların şərtlərinə uyğun olmayan əsassız ərazi iddiaları səsləndirmələri də buna sübutdur. Bu, bir daha göstərir ki, ermənilər öz xislətlərindən rahat şəkildə əl çəkən deyillər. Azərbaycanla Türkiyə bu günə qədər davam etdirdikləri sinxron davranışı, birgə fəaliyyəti bundan sonra daha ciddi şəkildə və daha böyük həcmdə davam etdirərək Ermənistanı bölgədə sülhə təhdid yaradan qüvvədən sülh prosesinin tərəfinə olan qüvvəyə çevirməyə nail ola bilərlər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR