İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın saxta “din qardaşlığı”, Tehran stadionunda Ermənistan bayrağı

Cənub qonşumuzun Azərbaycan Respublikasına münasibətdə riyakar siyasəti təzə məsələ deyil. Səbəbi aşağı-yuxarı çoxdan məlum: panfarsist rejimi Azərbaycan adında dövlətin varlığını özünə təhlükə sayır. Niyə sayır? Orası da bəlli. Çünki İran süni yaradılmış bir dövlət, “xalqlar həbsxanası”, üstəlik, orada azərbaycanlılar milli azlıq yox, milli çoxluq.

Sirr deyil ki, Tehran Güney Qafqazda və onun ətrafında cərəyan edən bütün proseslərə ən əvvəl bu prizmadan baxır: necə etməli ki, 50 milyonluq azərbaycanlıların yeganə dövləti təzə zərbələr alsın, inkişaf edə bilməsin, təklənsin və zəifləyib “asan yemə” çevrilsin.

Qulağının dibində - Ermənistanda ABŞ başda olmaqla kollektiv Qərbin, NATO-nun sürətlə möhkəmlənməsinə, Brüsseldəki 5 aprel görüşünə Tehranın heyrətamiz susqunluğu, lap elə səfirliyimizə təşkil edilən xain terror hücumu, sözsüz ki, ən əvvəl bu məkrli gözlənti ilə bağlıdır. İran adlı siyasi konqlomerat Ermənistanın güclənməsində maraqlıdır, Azərbaycanın yox...

İndi belə bir susqunluq fonunda SEPAH-a bağlı, Azərbaycana qarşı radikallığı ilə fərqlənən bir Telegram kanalı görün nə sarsaqlayır. Sitat: “Təl-Əvivə 20 raketin, İsrailin Bakıdakı yuvalarına isə 5 raketin buraxılması İran İslam Respublikasının bölgədə sağ qalması və müqavimət cəbhəsinin davamlı olması və dəstəyi üçün lazımdır”.

Diqqət edin, bunu həm də dava-dalaşı, fitnə-fəsadı yasaq sayan Ramazan ayında bəyan edirlər. Öz də rəsmi şəkildə! Yəni İran silahlı qüvvələrinin birbaşa dini liderə tabe olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıq şəkildə paytaxtımızı bombalamağa çağırır. Az öncə hansısa əmmaməli fars deputatı yenə mübarək ayda Bakıdakı İsrail səfirliyi ilə bağlı oxşar təhdid səsləndirmişdi...

Azərbaycanı hələ də axmaqcasına Afrikanın “banan ölkəsi”, yalqız, zəif, müttəfiqsiz bilirlər deyəsən. Daha xəbərləri yoxdur ki, cavabını misli ilə alarlar. Erməninin sadiq dostu olan fars rejimi bir ağrılı şapalağı da öz daxilindən – Güneydən yeyər.

Dəfələrlə yazmışıq, yaddaşı zəif olan əmmaməlilərə bir daha xatırladaq: bizi kiminləsə qarışıq salıb qorxutmağı əsla ağıllarından keçirməsinlər. Azərbaycan İran adlı dövlətin udacağı tikə deyil, Güneyi ilə birgə lap böyükdür. Udquna bilməz, boğazında qalar və boğular! Gücə düşər, “tikişləri” üzrə sökülər!..

Onsuz da hamıya hər şey bəlli. Bundan sonra möcüzə-zad olası deyil. Azərbaycan xalqı özü üçün çoxdan əminlik hasil edib ki, İran adlı dövlətdən ona dost-tərəfdar çıxmaz, çıxmayacaq! Qoy saxta “din (şiə) qardaşlığı” ilə baş-beynimizi aparmasınlar. Qaradan artıq boyaq olmur.

Dost dar gündə tanınır. Həmin dar gündə isə “islam” İranı şiə azərbaycanlıları yox, onlara qarşı soyqırımları törətmiş vandal, barbar ermənilərin tərəfini tutub. İşğalçılara əlindən gələn köməyi edib. Hətta 44 günlük müharibə zamanı ordumuzun irəliləməsinə əngəl olmağa çalışıb.

Təəccüblənmirik. Su axar çuxurunu tapar. Erməni də, fars da etiraf edirlər ki, qohum millətlərdir. Demək, anti-Türk xislətləri, Türk xofu tamamilə məntiqli və təbii, gendən, soydan gələn bir mərəz. Yoxsa 40 milyonluq soydaşımızın öz ana dilində məktəbi olmaya-olmaya, bir ovuc erməniyə bu lütfü tanımazdılar ki...

Türk xofu demiş, aprelin 3-də Təbrizin stadionunda yerli “Traktor” və İsfahanın “Sepahan” futbol komandaları arasında keçirilən görüşdə iki nəfər Azərbaycan və Türkiyə bayraqlarını qaldırdığı üçün həbs edilib.

Kin-nifrətin, qorxunun şiddətini gördünüzmü? Panfarsistlər bu absurda da getdilər. Sanki həmin bayraqlar BMT üzvü olan iki legitim dövlətin yox, hansısa İŞİD terror birləşmələrinə məxsus imiş. Görəsən Tehran stadionunda kimsə Ermənistan bayrağı qaldırsa, o da həbs olunardımı?

Sual əlbəttə ki, ritorikdir. Həbsə alınmaq nədir, onun üzünə məmnunluqla gülümsəyərdilər. Qardaş qardaşını, əqidədaşını həbs etməz ki. Adında “islam” sözü daşısa da islami dəyərlərə dəxli olmayan İran adlı dövlət Türk-müsəlman düşməni erməninin sadiq dostu və havadarı. Onu yalnız bağrına basa bilər...

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR