Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda bank kartlarından oğurluqlar artıq nadir hadisə deyil. Demək olar ki, hər gün, hər ay yüzlərlə insan bank kartlarındakı vəsaitin yoxa çıxmasından şikayət edir.
Üstəlik, hüquq-mühafizə orqanlarının əli bu oğrulara çatmır. Səbəb texnologiya və beynəlxalq cinayətkar şəbəkələrin oyun qaydalarıdır.
İyunun 16-da Daxili İşlər Nazirliyi növbəti dəfə vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının qorunmasına xüsusi diqqət yetirməyə çağırıb və vətəndaşların bank hesablarından iyunun 14-də və 15-də oğurlanan vəsaitlərin miqdarını açıqlayıb.
Məlum olub ki, 2 gün ərzində bir sıra şəxslərin bank hesablarından 1400, 770, 500, 400, 362, 332, 317, 308, 280, 280, 170, 110, 50 və 19 manat kiber üsulla oğurlanıb.
DİN bir daha xatırladıb ki, bu cür cinayətlər əsasən naməlum nömrələrdən gələn zəng və SMS-lər, saxta saytlar və şübhəli platformalar vasitəsilə törədilir.
Daxili İşlər Nazirliyi bir daha diqqətə çatdırır ki, naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verilməməlidir.
Tövsiyə edilir ki, SMS, e-poçt və messencerlərdəki şübhəli linklərə daxil olmayın, bank kartınızın nömrəsini, PIN kodunu, CVV kodunu, OTP (birdəfəlik şifrə) kimi məlumatları heç bir halda paylaşmayın. Tanımadığınız şəxslərə, həmçinin özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edənlərə inanaraq məlumatlarınızı verməyin.
Bakı sakini Nərmin Məmmədova öz mobil nömrəsindən "Kapital Bank" adından gələn linkə klikləyib. Onun sözlərinə görə, mesajda "hesabınız bloklanıb" yazılıb və təsdiq üçün kart məlumatları tələb olunub. Nərmin Məmmədova PİN kodunu (kartın önündəki 16 rəqəm), CVV kodunu və SMS təsdiq nömrəsini daxil edib. Nəticədə 3 dəqiqə içində kartdan 4200 manat çıxarılıb və Qazaxıstanda yerləşən "Kaspi.kz" elektron cüzdan hesabına köçürülüb.
Hüquq-mühafizə orqanlarına müraciət edilib, lakin cinayət işinə 3 ay sonra xitam verilib:
"Cinayətkarların şəxsiyyəti məlum olmadı".
2025-ci ilin yanvarında 29 yaşlı İsmayıl Səfərov sosial şəbəkədə tanış olduğu qızın (həqiqətdə isə fırıldaqçıların) tələbinə uyğun olaraq "investment" platformasına yatırım edib. Bu məqsədlə bank kartından 18 min manat çıxarılıb. Pulun izi Çexiya və Latviya bankları üzərindən Estoniyada qeydə alınmış kriptovalyuta birjasına gedib. Zərərçəkən indi də məhkəmə ilə bank arasında qalıb.
2024-cü ilin aprelində Sumqayıt sakini Rauf Əliyevin telefona quraşdırdığı "Bolt Food" tətbiqi "hack" edilib. Nəticədə tətbiqə bağlı olan kartdan 7500 manat "Apple Pay" vasitəsilə Rusiya mənşəli hesablara köçürülüb. Bank əməliyyatı təsdiqləsə də, pulu geri qaytarmayıb.
Bəs bank hesablarından oğurlanan pullar hara gedir? Bu oğurluqların izinə düşmək niyə bu qədər qəlizdir?
"Bakı" Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, bu cinayətlər "gizlin"də, "darknet"də baş verir:
""Darknet" xüsusi brauzer (Tor, I2P) istifadə edilməklə daxil olunan, real IP və server ünvanlarını gizlədən anonim şəbəkədir. Burada kart məlumatları (PAN, CVV, OTP) "carding forumları"nda satılır.
Kartla edilən əməliyyatlar kriptovalyuta vasitəsilə ört-basdır edilir. "Mixer/tumbler" vasitəsilə izlər itirilir. Oğurlanmış pullar "mule" şəxslərin hesablarına ötürülür.
Əməliyyatlar sadəcə saniyələr ərzində baş verir. Bu məqam hüquq-mühafizə orqanlarının cinayətkarların izinə düşmək imkanlarını qat-qat aşağı salır, bir çox hallarda mümkünsüz edir".
N.Ələsgərov bildirib ki, kibercinayətkarlar hüquqi boşluqlardan məharətlə istifadə edirlər:
"Azərbaycan qanunlarında boşluqlar var. Məsələn, "Elektron ödənişlər haqqında" qanunda riskin bölüşdürülməsi yoxdur. Bank müqavilələri müştərini tam məsuliyyət daşıyan tərəf kimi göstərir.
Azərbaycanda Mülki Məcəlləyə əlavə və dəyişikliklər edilməsi zamanı çoxdan çatıb. Banklar fırıldaq nəticəsində vətəndaşın hesabından oğurlanan məbləğin 50 faizdən az olmamaq şərtilə kompensasiya ödəməsi şərti tətbiq etməlidir. Mərkəzi Bank və bank institutları riskli əməliyyatların avtomatik bloklanmasını təmin etməlidir. Beynəlxalq əməkdaşlıq gerçəkləşməli, Interpol, Europol vasitəsilə kredit kartı məlumatlarının yayılması, darknet satışı, mule hesablar barədə sorğular alınmalıdır.
Kriptovalyuta əməliyyatlarını izləmə platformalarının tətbiqi — AML/KYC standartlarına inteqrasiya təmin olunmalıdır. Əks halda kiberoğurluqları illərlə dayandırmaq mümkün olmayacaq, zərərçəkmişlər də 100 faiz itki ilə yola davam edəcəklər. Bu gün
bankların məsuliyyətsizliyi və qanundakı boşluqlar problemi daha da dərinləşdirir.
Ölkədə təhlükəsiz elektron iqtisadiyyat zəifləyir, risk altına düşür".
Natiq Ələsgərov deyib ki, bank kartı oğurluqları üzrə cinayətlər Azərbaycan Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 273-cü (kompüter məlumatlarının qanunsuz əldə edilməsi) maddələri ilə başlanan cinayət işləri üzrə araşdırılır:
"Lakin bu cinayətlərin əsas xüsusiyyəti odur ki, əməl Azərbaycanda başlasa da, izlər Avropa, MDB, Asiya ölkələrinə aparır. Azərbaycan hüquq-mühafizə orqanlarının xarici serverlərə, elektron pulların yönləndirildiyi "darknet" platformalara çıxış imkanı yoxdur. Bu səbəbdən işlər xitam edilir və zərərçəkmişlər faktiki olaraq maddi, mənəvi ziyanla baş-başa qalırlar".
N.Ələsgərov vurğulayıb ki, digər vacib məsələ bankların məsuliyyətidir:
"Avropanın bir sıra ölkələrində, məsələn, Almaniya, Fransada belə hallarda bank kart sahibinə 100-150 avroya qədər məhdud məsuliyyət tətbiq edilir, qalan risk bank tərəfindən kompensasiya olunur.
Azərbaycanda isə bütün risk kart sahibinin üzərinə yüklənir. Düşünürəm ki, müvafiq qanun dəyişmələri və beynəlxalq hüquqi mexanizmlərin tətbiqi ilə bu boşluq doldurulmalıdır. Əks halda vətəndaşların elektron maliyyə təhlükəsizliyi ciddi risk altında qalacaq".
Natiq Ələsgərov deyib ki, mövcud qanunvericiliyin beynəlxalq cinayətkarlıqla mübarizəyə uyğunlaşdırılması vacibdir:
"Azərbaycan banklarının əməliyyatlar zamanı şübhəli əməliyyatların avtomatik bloklanması (risk-based approach) tətbiq etməsi vacibdir. İnterpol və Europol ilə əməkdaşlıq çərçivəsinin genişləndirilməsi də bu istiqamətdə cinayətkarlığın qarşısının alınmasına töhfə verə bilər.
İstifadəçilər üçün "Phishing" və "skimming" təhlükələri barədə maarifləndirici tədbirlərin gücləndirilməsi də vacib məsələdir. Bank kartı oğurluqları zamanı dövlət təminat fondu yaradılması və ya banklara məcburi sığorta tətbiq olunmalıdır".
N.Ələsgərov bildirib ki, Azərbaycanın hüquq sistemi informasiya texnologiyalarının sürətli transformasiyası ilə ayaqlaşmağı bacarmalıdır:
"Banklar, dövlət və vətəndaş eyni dərəcədə məsuliyyət daşımalı, birgə müdafiə mexanizmi yaratmalıdır. Əks halda, səhər balansının sıfırlandığını görən vətəndaşların sayı artacaq".
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
17 Iyun 2025
16 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ