İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Güney Qafqaz “sancısı” yenə tutdu

“Qırmızı işıq” “yaşıl işığ”a bu halda çevriləcək

İranda yayımlanan “Khabarfori” saytı Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının əleyhinə yazı dərc edib. Tribunainfo.az xəbər verir ki, sayt bunu İran üçün “təhlükə” hesab edir. 

Nəşr yazır ki, Azərbaycanı Naxçıvanla birləşdirən yeni avtomobil və dəmir yolu şəbəkəsinin tikintisi ilə bağlı İrəvan və Bakı arasında imzalanmış saziş Cənubi Qafqaz regionunda Tehran üçün problemlər yaradır. “ABŞ və Avropa Birliyinin dəstəyi ilə irəli sürülən layihə nəinki Rusiyanı kənara qoyur, həm də İranı marginallaşdırır”.

Məqalədə deyilir ki, 2020-ci il müharibəsi və Azərbaycanın regionun geosiyasi xəritəsini yenidən müəyyən edən hərbi qələbəsindən sonra saziş güc təhdidindən çox diplomatiyaya qayıdışdan xəbər verir: “Bu, Bakı ilə çətin və tez-tez dalana dirənən danışıqlardan sonra təhlükəsizlik və sabitliyə can atan Ermənistan üçün mühüm nailiyyətdir. Bu, həm də Bakının Mərkəzi Asiyaya və onun hüdudlarından kənara regional qapıya çevrilmək kimi strateji baxışını həyata keçirmək üçün bir addımdır”.

“Khabarfori” iddia edir ki, İranın nöqteyi-nəzərindən, saziş sadə diplomatik dəyişiklikdən kənara çıxan bir sıra problemlər yaradır: “Layihə təkcə coğrafi baxımdan İrandan yan keçmir, həm də Tehranın regional mövqeyinə dərin təsir göstərir. Bu dəyişiklik İranın Cənubi Qafqazda regional güc olmaq potensialını azaldır. Ermənistanın cənubundan keçən yeni marşrut İranı regionda tranzit tənliyindən faktiki olaraq kənarlaşdırır”. 

Bunun ardından məqalədə iddia olunur ki, Ermənistan-Azərbaycan razılaşması İranın geosiyasi mühasirəsini daha da gücləndirir. 

fikret_yusifov.jpg (160 KB)

İran mediasına bu məntiqsiz istiqamətləri hansı tərəf verir? Bakı ilə İrəvanın barışığı Tehrana qarşı olmadığı halda, narahatlıq nədən qaynaqlanır? Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, İran mətbuatında yayımlanan yazıdakı bu fikirlər fars hakimiyyətinin uzun illər boyu regionda sülhün qol-qanadını sındırmağa istiqamətlənmiş, paslanmış təfəkkürünün məhsuludur: “Görünən budur ki, ermənilər ağıllansalar da bunlar hələ də çirkli siyasət dərisindən çıxa bilmirlər. On milyonlarla Azərbaycan türkünün-qardaşlarımızın yaşadığı bir dövlətdə belə fikirlərin hər hansı bir səviyyədə səsləndirilməsi siyasi sərsəmlikdən başqa heç nə ola bilməz. Sual olunur: nədən regionda sülhün yaranması üçün əndişəlisiniz? Deməli, sizlərə regionda sülh yox müharibə, qarşıdurma lazımdır. Belə açıqlamalar molla rejiminin mahiyyətinin heç vaxt dəyişməyəcəyinə işarədir. Ermənistan və Azərbaycan öz aralarında sülh müqaviləsi bağlayır və qonşu dövlət bu sülhdən özü üçün bir təhlükə gözləyir! Absurddur, deyilmi? Belə absurd mülahizəni də yalnız siyasətdə cahillər edə bilər. Ermənistanla Azərbaycan arasında sülh sazişi diplomatik dəyişikliklərdən kənara çıxaraq bir sıra problemlər yaradır deməkdə İran mətbuatı nəyi işarə edir? İran rejiminin bu məsələdə bir istəyi var, lakin onu açıq şəkildə dillərinə gətirmirlər. Bunların davası Zəngəzur dəhlizinin fəaliyyətindən hər hansı bir formada bəhrələnməklə bağlıdır”.

F.Yusifov qeyd etdi ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi parflanana qədər Azərbaycan bu yolun bir hissəsinin İran üzərindən keçməsi məqsədilə İranla müvafiq razılığa gəlmişdi və hətta bu məqsədlə Araz çayı üzərindən körpülərin tikilməsinə rəvac verilmişdi: “Deməli, bununla da Orta yolun birləşdirici bir hissəsinin İran üzərindən keçməsi mümkün olmuşdu və bundan sonra İran hakimiyyəti bu məsələdə mövqeyini 180 dərəcə dəyişmişdi. İndi əldə olunmuş razılığa görə dəhlizdə idarəçiliyi ABŞ tərəfi həyata keçirəcək. Belə olan halda İranın bu layihədə hər hansı bir formada iştirakı birbaşa İran rejiminin atacağı addımlardan asılı olacaq. Əgər İran özünün nüvə proqramından əl çəkərsə və buna rəğmən Qərbin sanksiyaları aradan qaldırılarsa, o halda heç şübhə etmirəm ki, nə qonşu ölkələr, nə də dəhlizin idarəçiliyini həyata keçirəcək ABŞ bu yolun bir parçasının da İran ərazisindən keçməsinə etiraz etsinlər. Belə olarsa, o halda Zəngəzur dəhlizi bizim qırmızı xəttimizdir deyənlər qırmızı xətti tam yaşıl rəngdə görəcəklər. İranın bu gün Ermənistanla Azərbaycan arasındakı sülh sazişinə mənfi münasibətinin kökündə yalnız bu maraqlar dayanır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR