Onlayn ictimai-siyasi qəzet
Ekspertlərə görə, Vilayəti Bakının xoş niyyətini güzəşt və geri çəkilmək kimi təqdim etməkdə maraqlıdır
İran hələ də Zəngəzur dəhlizinin açılmasına öz etirazlarında israrlıdır. Hətta rəsmi Tehranın hakimiyyət elitasında Azərbaycan Silahlı Qüvvələri ilə İran ordusu arasında keçirilən birgə təlimləri Azərbaycan hökumətinin Zəngəzur dəhlizinin açılmasından vaz keçdiyi kimi qiymətləndirənlər də var. “Bakı-xeber.com” yazır ki, məsələn, İran hakimiyyətinin “boz kardinalı” hesab olunan ali dini liderin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti belə düşünənlərdən biridir.
“İran və Azərbaycanın birgə təlimləri iki ölkə arasında qarşılıqlı etimadın artdığını göstərir və inşallah, bu, İran və Azərbaycanın tarixində dönüş nöqtəsi olacaq. Bu, həssas bölgədə sülh və təhlükəsizliyin bərqərar olması ilə bağlıdır”- Əli Əkbər Vilayəti deyib.
Vilayəti Qərbin və NATO-nun “Cənubi Qafqazla bağlı düzgün niyyətlərinin olmadığını” göstərən addımlar atdığını vurğulayıb. “ABŞ başda olmaqla, Qərb və NATO Azərbaycan, Xəzər dənizi, Mərkəzi Asiya vasitəsilə Şərqdən Qərbə daşımalar etmək istədiyi üçün İran Zəngəzur yolunun açılmasına qarşıdır. Bu təhlükənin dərinliyini ancaq İran anladı. Qərbdən fərqli olaraq, İran həqiqətən azərbaycanlı qardaşlarının mənafeyini və rifahını düşünür. Bu məsələdə qarşılıqlı anlaşma üçün vaxt lazım idi və indi biz ümumi nəticələr əldə etmişik və bir neçə ay ərzində üç birgə manevr həyata keçirilib. Bu, iki ölkə arasında qarşılıqlı etimadın artmasından xəbər verir”, - deyə müşavir fikrini yekunlaşdırıb.
Vilayətinin sözlərindən belə çıxır ki, Azərbaycan hökuməti Zəngəzur dəhlizinin “hansı təhlükələrə” yol aça biləcəyini Bakı da başa düşüb və Zəngəzur dəhlizinin açılmasından vaz keçib.
Sona Əliyeva
Siyasi təhlilçi Sona Əliyevanin sözlərinə görə, Əli Əkbər Vilayəti İrandakı molla rejiminin ən qatı ermənipərəst mövqeli diplomatlarındandır: “İranın birinci şəxsinin müşaviri olan Vilayəti "Zəngəzur İranın qırmızı xəttidir" - tezisinin də fikir babasıdır. Tehran hökumətinin “qara qutusu” sayılan bu şəxs molla rejimində İran dərin dövlətinin təmsilçisidir. Bu baxımından boz kardinalın bu cür sərsəmləməsindən təbii heç nə yoxdur. Bölgədə baş verənlərə güney qonşumuzun reaksiyaları İranın özünü İslam dövləti kimi yox, məhəllə respublikası kimi aparmasından xəbər verir. Əksinə, Azərbaycanın İranla hərbi təlimləri bizim Zəngəzur dəhlizindən vaz keçmədiyimizin göstəricisidir. Detallara çox da varmaq istəmirəm. Onu deyə bilərəm ki, Tehran hökuməti hələ də kimin İran xalqı üçün dost, kimin düşmən olmasının fərqində deyil. Vilayəti və Xamenei heç vaxt Türk dünyasının quru xətlə birləşməsinin tərəfdarı olmayıb. Bu, son yüz ildə Tehrandakı hökumətlərin qırmızı xəttidir, bundan sonra da bu cür olması istiqamətində çalışacaqlar. Amma Əli Əkbər Vilayəti anlayır ki, Azərbaycan balanslı siyasət yürütməklə vaxt udmağa çalışır. Üstəlik, rəsmi Bakı birgə təlimlərlə İran ordusunun havadan, qurudan və sudan nəbzini yoxladı. Bunlar düşünülmüş və uzaqgörən siyasətin nəticəsidir. Bakı anlayır ki, molla rejiminin sonuna az qalıb. Ona görə də uyğun zamanı gözləyir ki, regionda İranın yarada biləcəyi yeni süni toqquşmalardan yayınsın. Bütün qonşularla münasibətlərini qarşıdurma səviyyəsinə gətirən güney qonşumuz bu siyasəti davam etdirməklə özünü dünyadan təcrid edir. Bu da yaxın onillikdə İran adlı ölkənin parçalanmasını sürətləndirir. Ordusunun 75 faizi türklərdən və kürdlərdən ibarət olan fars molla rejiminin nəyə güvəndiyi anlaşılan deyil. İraqda və Suriyada hər ay adi toqquşmalarda bir-iki general itirən İran ordusunun gücü göz önündədir. Sabun köpüyü effektindən o yana hər hansı bir təsiri olmayan bəyanatlarla İran rəsmiləri öz qorxaq kölgələrinə ürək-dirək verirlər. Bakı Zəngəzur dəhlizinin açılmasına bu və ya digər formada nail olacaq. Buna heç kimin, hətta Vilayətinin də şübhəsi yoxdur. Amma indiki halda bunu etiraf etmək molla rejiminin ikinci şəxsinin siyasi intiharı deməkdir".
Əhəd Məmmədli
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Azərbaycan tərəfinin dərhal Vilayəti səviyyəsində cavab verməli olduğunu vacibliyini vurğuladı: “Vilayəti səhv düşünür, qabaqdangəlmişlik edir və Azərbaycanın xoş niyyətini güzəşt və geri çəkilmək kimi göstərir. Bunların hamısı belədir. Ona görə qətiyyən belələrinin qarşısından geri çəkilmək olmaz. Belələrinə stul ver, ayaqlarını stola uzadarlar. Azərbaycan tərəfi dərhal Vilayəti səviyyəsində cavab verməlidir ki, Zəngəzur dəhlizindən vaz keçməyib. Yoxsa bu birgə təlimlər iranlıları, görünür, çox şirnikləndirib. Təbii ki, Azərbaycan-İran münasibətləri tənzimlənməlidir, yoluna qoyulmalıdır, amma bütün bunlara tək bir məsələdə belə Azərbaycana diktə həvəsində olmasına imkan verilməməlidir. Bütün cəbhələrdən geri atılan İran, Azərbaycan cəbhəsində söz sahibi kimi özünü hiss etməməlidir. Azərbaycan İranı Ermənistana hamilik etməkdən vaz keçirməlidir. Azərbaycan-İran münasibətləri bərabərhüquqlu müstəvidə qurulmaqla, inkişaf etməklə davam etməlidir”.
Asif Nərimanlı
Siyasi analitik Asif Nərimanlı Zəngəzur dəhlizi layihəsinin hər zaman aktual olaraq qaldığını qeyd etdi: “Azərbaycan Zəngəzur dəhlizi layihəsindən imtina etməyib, bununla bağlı rəsmi, yaxud qeyri-rəsmi işarə belə yoxdur. Vilayətinin bu sözləri isə həm İranın Zəngəzur dəhlizi layihəsinə qarşı mövqeyini yenidən dilə gətirmək, həm də Tehranın "uğur qazandığını" təbliğ etmək məqsədi daşıyır. İran və Azərbaycan arasında normallaşma prosesində rəsmi Bakı həmişə maraqlı tərəf olub. Tehranın bu prosesə müsbət yanaşmasının səbəblərindən biri də İran ətrafında baş verən hadisələrdir. İranda anlayırlar ki, böyük təzyiq dalğası və Yaxın Şərqdə itirilən mövqelər fonunda Cənubi Qafqazda münasibətləri qorumaq lazımdır. Bunun da yeganə yolu Azərbaycanla münasibətlərin normallaşmasıdır, əks təqdirdə, Tehran bizim regiondan da kənarda qalacaq. Bu o demək deyil ki, İran Zəngəzur dəhlizi layihəsi ilə bağlı fikrini dəyişib, yaxud Ermənistanla bağlı planlarından imtina edib. Sadəcə olaraq, təzyiq və təhdidlə heç bir nəticə əldə etməyəcəklərini anladılar. Fikrimcə, Zəngəzur dəhlizi layihəsi aktual olaraq qalır və istisna etmək olmaz ki, gələcəkdə İranda bu layihədən divident qazanacaqlarını anlayacaqlar. Vilayətinin sözləri isə İranda həmişə mövcud olan siyasi narsizmdən qaynaqlanır, yəni özlərini daim “üstün” təqdim etmək istəyirlər, çünki Azərbaycana qarşı iddialı danışırdılar, Bakı ilə münasibətləri düzəltmək istədikləri vaxt, belə demək mümkünsə, “zəif” görünmək istəmirlər".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ