İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın bitməyən düşmənçiliyi - Bakıya qarşı Ərdəbildə qurulan radar... 

Polkovnik: ""Nəzir"in nə Azərbaycana, nə də ətrafdakı digər ölkələrə ciddi təhlükə yaratmaq imkanları olmayacaq"

İran ölkənin şimal hava məkanını izləmək üçün Gilan əyalətinin yüksək dağlıq ərazilərində 800 km mənzilli “Nəzir” adlı yeni üfüqdən kənar radar quraşdırıb. Məlumatı "İslamic World News" yayıb.

İran tərəfi iddia edir ki, 800 km mənzilli bu radar 30 km-dən çox hündürlükdə hədəfləri aşkarlaya bilir. O, pilotsuz təyyarələr və qanadlı raketlər kimi müxtəlif hədəfləri müəyyən edə bilir. Tehranın iddiasına görə, radar Azərbaycan, Ermənistan, Türkiyənin şərqinin böyük hissəsi, Gürcüstanın böyük hissəsi, Türkmənistanın qərbi, Qazaxıstanın cənub-qərbinin bir hissəsi və Xəzər dənizi üzərindəki bütün hava məkanını İranın hava hücumundan müdafiə nəzarəti altında olmasına imkan verəcək.

İran KİV-ləri həmçinin Azərbaycana böhtan ataraq, 2024-cü il oktyabrın 26-da “Bakıdakı hakimiyyətin iştirakı” ilə İsrailin İrana aviazərbələri zamanı Xəzər dənizinin hava məkanından Şahrud obyektlərini hədəf almaq üçün istifadə edildiyini bildirir: “Artıq Gilan vilayətində "Nəzir" radarı fəaliyyət göstərdiyinə görə Bakı və Xəzər dənizi üzərindəki səma İranın müdafiə şəbəkəsi tərəfindən daim izləniləcək və istənilən düşmən hərəkətinə qarşı durmağa hazır olacaq”.

Qeyd edək ki, radar xarici görünüşünə görə kifayət qədər primitiv görünür. Lakin o, İsrailin hərəkətlərini izləməyin daha asan olacağı qərbi İranda yox, Azərbaycan Respublikası ilə sərhəddə yerləşən Ərdəbil şəhərinin yaxınlığında quraşdırılıb. Bu fakt bir daha öz şimal qonşusuna qarşı düşmənçiliyini gizlətməyən Tehranın əsl məqsədlərini ortaya qoyur.

Xatırladaq ki, Türkiyə və Azərbaycan hava məkanları artıq vahid “Hakim” HHM sistemi ilə mühafizə olunur. Söhbət iki qardaş ölkənin ortaq Hava Komandanlıq İdarəetmə Sistemindən gedir. Bu, hər iki ölkənin hərbi-hava qüvvələrinə birgə əməliyyatlar həyata keçirmək, eləcə də Azərbaycan hava məkanına nəzarət etmək imkanı yaradır. Birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər hövzəsinə qədər ərazini əhatə edir.

Belə olan surətdə İran bizim hava məkanımıza necə nəzarət edə bilər? Həm bu, həm də digər iddia (İsraillə bağlı) nə dərəcədə əsaslıdır?

2108575.jpg (30 KB)

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, İranın “Nəzir” Hava Hücumundan müdafiə sistemi təzədir və sınaqdan yeni keçib: "Ona görə də hələ dəqiq bilmirik hansı gücə, imkanlara malikdir. İran mediasının yaydığı məlumatda hansı arealı əhatə edə biləcəyi qeyd olunsa da bu informasiyanın nə dərəcədə dəqiq olduğu da açıq qalır. SSRİ dövründə Qəbələ SSRİ-nin RLS-i var idi. O, çox böyük radar sistemi idi, bütün cənubu nəzarətə götürmək imkanları olan sistem olaraq min kilometrlərlə arealı əhatə edirdi. İranın "Nəzir" radar sisteminin vaxtilə mövcud olmuş Qəbələ RLS-in gücü qədər gücə malik olduğunu düşünmürəm. Həmin sistemin dəqiqlik imkanları da hələ ictimaiyyətə məlum deyil. Amma əminliklə söyləmək olar ki, “Nəzir”in məhz Azərbaycan Respublikasına yaxın ərazidə yerləşdirilməsi Bakıya dost yanaşma deyil. 

Türkiyə ilə Azərbaycan arasında birgə hava hücumundan müdafiə sistemlərinin qurulması və hava məkanının qorunması üçün addımlar atılır. Xəzər dənizi hövzəsində, Egey dənizində müasir hava hücumundan müdafiə sistemləri istifadə olunur. Güman edirəm ki, İranın “Nəzir” sisteminə qarşı tədbir görmək imkanlarımiz var. Fikrimcə, “Nəzir” Radar Sisteminin nə Azərbaycana, nə də ətrafdakı digər ölkələrə ciddi təhlükə yaratmaq imkanları olmayacaq. Ciddi bir təhlükə yoxdur. Güman edirəm ki, gələcəkdə radar əleyhinə sistemlər qurulmaqla “Nəzir”in istifadə olunmasına maneələr yaradılması istiqamətində addımlar atıla bilər".

Ekspert onu da vurğuladı ki, İranın Azərbaycan istiqamətinə hava hücumundan müdafiə sistemləri, radar sistemləri quraşdırmasına əslində lüzum yoxdur. İran Azərbaycan tərəfindən ona zərər vurulmasına, zərbə endirilməsinə özünü boşuna inandırır, boşuna xoflanır. Azərbaycan heç zaman öz ərazisindən İrana zərbə vurulması və İranın nəzarətdə saxlanmasına indiyə qədər heç zaman imkan verməyib. Bundan sonra da imkan verməyəcəyini bəyan edib. Bütün bunlara baxmayaraq təəssüf ki, İran tərəfi yenə də eyni mövqeyində qalmaqda davam edir. Bu da İranın Azərbaycana münasibətdə səmimi olmadığından irəli gəlir. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”




ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR