Onlayn ictimai-siyasi qəzet
İyulun 30-na planlaşdırılan andiçmə mərasiminə hazırlaşan İranın yeni prezidenti, əslən azərbaycanlı Məsud Pezeşkian gələcək fəaliyyəti barədə yeni çıxışlar edib.
Modern.az İRNA-ya istinadən xəbər verir ki, Məsud Pezeşkian bu gün səhər Tehrandakı konfransda bəyan edib ki, indi vədləri yerinə yetirmək vaxtıdır:
“Əl-ələ verməsək, bizim dəqiq planımız və məqsədimiz olmasa, ədalət və insaf əsasında hərəkət etməsək, verdiyimiz vədlər boş qalacaq”.
Onun sözlərinə görə, dürüstlük özünü əməldə göstərməlidir:
“Əgər başqa cür hərəkət etsək, bu inam və ümid məyusluğa çevriləcək. Bunu bacarmaq üçün hər kəsin kömək etməsi lazımdır”.
Məsud Pezeşkian bildirib ki, İran etnik mədəniyyətlərin göy qurşağıdır.
O, özünü xalqın sadə nümayəndəsi hesab etdiyini vurğulayıb:
“Mən vədlərimə iyğun olaraq vicdanla hərəkət edəcəyəm. Xahiş edirəm, məni çox tərifləməyin... Məni məndən böyük etməyə çalışmayın. Hamımız əl-ələ verib bütün vətəndaşlarımızın, o cümlədən kişi və qadınların, şiə və sünnilərin, kürdlərin, bəlucların, ərəblərin, qeyri-müsəlmanların haqqını vermək üçün çalışmalıyıq”.
Prezident vurğulayıb ki, İran əhalisi problemlərin həlli üçün birləşməyə məcburdur:
"İqtisadi problemlər, sanksiyalar və mübahisələr var. Biz əl-ələ verib problemləri həll etməliyik və əlimizdə olanlara əsaslanıb yeni plan qurmalı, yeni davranışlar göstərməliyik”.
Ölkənin inkişafı üçün çalışacağını vurğulayan Pezeşkian deyib:
“Mən bir insan olaraq gecə-gündüz xalqa və İrana xidmət etməyə çalışacağam, ədalət və insafdan kənar heç bir iş görməyəcəyəm. Bu ədaləti həyata keçirmək üçün isə islahatlara ehtiyacımız var”.
Onun sözlərinə görə, islahatlar bütün xalq üçün ədalətin bərqərar olacağı və bütün insanların bu imkanlardan istifadə edə biləcəyi yolla getməkdir.
“Məni tənqid edin və səhvlərimi söyləyin!”, - deyə Pezeşkian çıxış edərkən vurğulayıb.
“Biz yalan danışmayacağıq, namuslu olub İrana vicdanla xidmət etməyə çalışacağıq, elm və biliyə əsaslanan yolla gedəcəyik”, - prezident deyib.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ