İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın ABŞ telekanalında ilginc nüvə etirafı - Əraqçi "davam edəcəyik", Tramp "vuracağıq" deyir

İranın xarici işlər naziri Abbas Əraqçinin “Fox News” telekanalına verdiyi geniş müsahibə bir neçə vacib istiqamətdə geopolitik və strateji gərginliklərin səhnəsini dəyişməyə qadirdir. ABŞ-la Tehran arasında illərdir davam edən nüvə qarşıdurması artıq ritorikadan çıxaraq real zərbələrin və itkilərin müzakirəsinə çevrilib.

Əraqçinin dilindən səslənən “nüvə obyektlərinə ciddi zərər dəyib” etirafı ABŞ prezidenti Donald Tramp üçün informasiya silahına çevrildi.

Əraqçinin nüvə proqramının dayandırılması barədə açıqlaması İran tərəfinin ilk dəfə bu qədər açıq şəkildə zərərin miqyasını dilə gətirməsi kimi qiymətləndirilir.

Maraqlıdır ki, bu bəyanat “Fox News”un efirində yayımlanan kimi Trampın reaksiyası gecikmədi. ABŞ prezidenti “Dediyim kimi oldu və lazım gələrsə, yenə edəcəyik” deyib.

Belə görünür ki, Tramp siyasi gedişlərini birbaşa İranın ritorikası üzərindən qurur və bundan populist silah kimi istifadə edir.

Bu etiraf həm də ABŞ-ın real zərbə imkanlarının olduğunu və İranın müdafiə mexanizminin tam sarsılmaz olmadığını nümayiş etdirir.

Əraqçinin ritorikasında isə əsas mövqe dəyişməz qalır:

“İran uranı zənginləşdirmə qabiliyyətindən imtina etməyəcək”.

Bu isə o deməkdir ki, Tehran bu proqramı artıq yalnız elmi-texnoloji yox, həm də ideoloji və siyasi iradə simvolu kimi qorumağa çalışır.

Müsahibənin ən diqqətçəkən məqamlarından biri Əraqçinin Trampa qarşı sui-qəsd planlarının olmadığını bəyan etməsi idi. Bunu “heç bir zaman olmayacaq” sözləri ilə vurğulayan nazir İranın Trampa qarşı şəxsiyyət yönümlü bir siyasət yürütdüyü barədə yayılan şayiələrin qarşısını almağa çalışıb.

Əlavə olaraq, Ayətullah Xamenei ilə görüşdüyünü və onun səhhətinin mükəmməl olduğunu bildirməklə, Qərbdə və regionda yayılan "İranda hakimiyyət dəyişə bilər” iddialarını təkzib etdi. Bu bəyanat, şübhəsiz ki, İran daxilində siyasi sabitlik görüntüsü yaratmaq məqsədi daşıyır.

Əraqçinin müsahibədə raket proqramı ilə bağlı mövqeyi də dəyişməzdir: “Heç vaxt dayandırmayacağıq”.

Onun “bu bizim ən güvənli müdafiə alətimizdir” deməsi, həm də nüvə proqramı ilə raket proqramı arasında fərq qoymağa çalışması ilə müşayiət olundu. Nazir, raketlərin heç zaman nüvə başlığı ilə təchiz olunmayacağını bəyan etsə də, bu cür zəmanətlər Qərbi inandırmağa kifayət etmir. Əraqçinin müsahibəsi İranla Fransa, Almaniya və Böyük Britaniya arasında keçirilməsi planlaşdırılan yeni danışıqlar raundundan cəmi bir neçə gün əvvələ təsadüf edib. Belə bir vaxtda müsahibənin verilməsi təsadüfi görünmür. İran bununla həm Qərbə, həm də öz tərəfdarlarına siqnal verir:

“Bizimlə danışıqlar mümkündür, amma diktə ilə yox”.

Tehran bu həftə Çin və Rusiya ilə də üçtərəfli görüş keçirməyə hazırlaşır. Bu görüş, şübhəsiz, İranın Qərb qarşısında tək olmadığını nümayiş etdirmək üçün düşünülüb. Belə görünür ki, Tehran danışıqlar masasına təcrid olunmuş vəziyyətdə deyil, geosiyasi müttəfiqləri ilə yanaşmaq niyyətindədir.

Abbas Əraqçinin “Fox News”a verdiyi müsahibə həm ziddiyyətlərlə dolu, həm də strateji mesajlarla yüklü bir açıqlama idi. Bu müsahibə Tehranın danışıqlara hazır olduğunu nümayiş etdirməklə yanaşı, nüvə və raket məsələsində geri çəkilməyəcəyini də göstərdi.

“Əraqçinin etirafı İranın güc deyil, əslindı zəiflik mesajıdır. İranın nüvə proqramı üzrə əsas simalarından biri olan Abbas Əraqçinin ABŞ-ın “Fox News” telekanalına verdiyi müsahibə regionda maraqla qarşılandı. Onun “Natanza hücum nəticəsində ciddi ziyan dəyib” etirafı isə əslində, Tehran rejiminin zəif tərəflərinin üzə çıxmasının göstəricisidir”.

Bunu Musavat.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

 qabil.jpg (172 KB)

Onun sözlərinə görə, İranın uzun illər qoruyub saxladığı “toxunulmaz nüvə obyektləri” mifinin dağılması artıq danılmaz reallığa çevrilib:

“Əgər bir ölkə dövlət televiziyasında yox, ABŞ-da, özü də Fox News kimi sərt və tənqidi bir kanalda öz nüvə obyektinin ciddi zərər gördüyünü etiraf edirsə, bu, artıq güc nümayişi deyil. Bu, zəiflikdir. Bu, beynəlxalq oyunçulara, xüsusilə də Qərbə mesajdır: “Baxın, bizə zərbə vurursunuz, ciddi ziyan dəyir, amma hələ də danışıqlara açığıq” deməyə çalışırlar”.

Qabil Hüseynlinin fikrincə, bu tip etiraflar ABŞ-ın xüsusilə Tramp dönəmində həyata keçirdiyi hücumların effektivliyini də təsdiqləmiş olur:

“Tramp və onun komandası İranı vurdu, indi isə İran bu zərbənin nəticələrini özü dilə gətirir. Bu, Tramp kimi siyasətçilərin əlini gücləndirir və növbəti addımlara siyasi əsas yaradır. Əgər bu gün Tehran "bizə zərbə vurdular və obyekt ziyan gördü" deyirsə, sabah bu, yeni bir hücuma, bəlkə də beynəlxalq legitimliyə yol açacaq”.

Politoloq əlavə edib ki, Əraqçinin “uran zənginləşdirilməsindən imtina etməyəcəyik” açıqlaması nüvə məsələsinin İran üçün texniki deyil, siyasi və ideoloji xarakter daşıdığını göstərir:

“İranın bu proqramdan geri çəkilməsi rejimin öz ideoloji dayaqlarına zərbə olar. Onlar nüvə proqramını yalnız enerji mənbəyi deyil, həm də siyasi müqavimətin simvolu kimi təqdim edirlər. Bu səbəbdən də güzəşt gözləmək sadəlövhlük olardı. Tehran danışıqlarda görünmək istəyir, amma əslində, geri çəkilmək niyyətində deyil”.

Raket proqramına dair suala münasibət bildirən Qabil Hüseynli qeyd edib ki, bu məsələ Tehran üçün “qırmızı xətt”dir:

“İranın raket arsenalı onun müdafiə doktrinasının əsas sütunudur. Əgər nüvə proqramı ideoloji təməldirsə, raketlər real hərbi qüvvədir. Əraqçi bu barədə konkret danışmasa da, bu, o demək deyil ki, Tehran bu sahədə güzəştə gedəcək. Əksinə, daha çox sərt xətt görəcəyik”.

Sonda Ayətullah Xameneinin sağlamlığı ilə bağlı səsləndirilən fikirlərə toxunan politoloq bildirib ki, bu, daxildəki qeyri-müəyyənliyi ört-basdır etməyə hesablanıb:

“İran daxilində siyasi varislik prosesi artıq başlayıb. Xameneinin səhhəti ilə bağlı narahatlıqlar ciddi şəkildə dolaşır. Belə olan halda, rejim bu tip çıxışlarla görüntü yaratmağa çalışır. Amma İranın həm daxili, həm də xarici siyasəti artıq köhnə sabitlik modelindən uzaqlaşıb”.

Qabil Hüseynlinin fikrincə, bu müsahibə bir tərəfdən, Avropa ölkələrinə və ABŞ-a “danışıqlara hazırıq” siqnalı göndərsə də, digər tərəfdən, İranın zəif mövqedə olduğunu nümayiş etdirdi:

“Tehran ikili oyun oynayır. Bir tərəfdən dialoq, digər tərəfdən müqavimət göstərilir. Amma bu siyasət çox uzun çəkməyəcək. Çünki regionda proseslər artıq daha sərt və real gücə əsaslanan mərhələyə keçib”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2025

23 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR