İnsanlara hürriyət, millətlərə istiqlal!

"İrandakı səfirliyimizə hücum bu səbəbə edilib"- Zahid Orucdan SENSASİON AÇIQLAMA

Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan 5 ay keçir. İran vətəndaşı Yasin Hüseynzadənin törətdiyi terror aktı nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin əməkdaşı Orxan Səfərov şəhid olmuş, daha iki mühafizəçi isə yaralanmışdı.

Bir neçə ay keçsə də, Azərbaycanın haqlı etirazlarına adekvat reaksiya verilmir, əksinə azərbaycanlı tələbə Fərid Səfərlini həbs etməklə İran gərginliyi artırmağa davam edir.

Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Musavat.com-a geniş açıqlamasında bildirib ki, İranın bir sıra diplomatik təmsilçiləri, o cümlədən İrana xidmət edən müxtəlif casus şəbəkələri ifşa edildikdən sonra Fərid Səfərli məsələsi növbəti təqib alətinə çevrilib. Millət vəkili qeyd edib ki, Almaniyadan o yaşda gələn bir insanın üzərinə məxfi tapşırıqlar qoyulsa idi, bunu açıq formada həyata keçirməzdi, odur ki, İranın niyyəti qarşılıqlı ifşa mənzərəsi yaratmaqdır:

"İran elitasında və o cümlədən sadə xalq arasında Azərbaycanla normal münasibətlərin tərəfdarı olan çox sayda insan var idi. Təəssüf ki, həmin qüvvələr məğlub oldular. Uzun illər ərzində meydanlarda, xütbələrdə, başqa dini mərasimlərdə Azərbaycanı pisləyən dini-siyasi elita indi ölkəmizin adını ön plana çıxarır. Sanki 1979-cu ildən bu günə kimi İranın məruz qaldığı sanksiyaların, embarqoların, izolyasiyaların səbəbkarı bizik. İrandakı anti-Azərbaycan qüvvələri ölkəmizə hərbi hücum edə bilmədilər, əvəzində səfirliyimizə hücum etdilər. Şühbəsiz ki, əməliyyat bilavasitə yuxarı eşalonlarda hazırlanıb. Saxlanılan şəxs məxfi xidmət orqanlarının canişinidir".

Z.Oruc qeyd edib ki, İran xalqının ödədiyi vergilər, rüsumlar hesabına bu ölkənin dini rəhbərliyi dünyada çox böyük şəbəkələr qurur, əksər hallarda dayaqlar məhz həmin qüvvələrdir: "Fərid Səfərlinin həbsi ilə verilən mesaj budur ki, Azərbaycan və digər ölkələr gənclər vasitəsilə İranda ciddi təxribatlar törətmək, ölkəni dağıtmaq planı qururlar. Fərid Səfərli, qurbandır, girovdur. Onun həbsi heç bir diplomatik, siyasi konvensiyaya uyğun addım deyil. Azərbaycanda ifşa edilən casusların, yaxud Ocaq Necatinin çıxarılmasının qisasını almaq üçün seçilmiş bu yol yanlışdır. Bununla İran Azərbaycan xalqını özünə qarşı çevirir.

Məhsa Əmininin öldürülməsindən sonra İranın dövlət orqanları hər kəsi casus hesab edir. Azərbaycanın heç zaman gizli işğalçılıq niyyəti olmayıb, əksinə, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi, "Xudafərin" və "Qız qalası" hidroqovşaq layihələrini birgə icra etmək, 3+3 formatı, İranla dinc qonşuluq, Araz vadisini sülh ərazisinə çevirmək və azad ərazilərə İranın inşaat briqadalarını, yaxud şirkətlərini cəlb etmək istiqamətində çağırışlar edib. Hərçənd, işğal dövründə
yüzillərdir mövcud olan maddi-mədəni irsin dağıdılmasında İranın iş adamları, məxfi xidmət orqanları rol oynayıblar. Buna baxmayaraq, Azərbaycan sülh siyasətinin tərəfdarıdır".

Zahid Oruc: “İlham Əliyev təkcə bir partiyanın sədri deyil”

Millət vəkili vurğulayıb ki, Azərbaycanı İsrail ilə bərabər İrana hücum edən tərəf kimi qələmə vermək, cümə xütbələrində Bakıya sərt siyasi ittihamlar irəli sürmək, İsrail ilə birləşərək digər ölkələri dağıdacağımızı iddia etmək yolverilməzdir: "Biz əsla düşmənçilikdə maraqlı deyilik. Ermənistanla sülh müqaviləsi imzalamamış bizə yeni hədəflər lazım deyil. Azərbaycan dövləti və xalqı müharibələrdən çox zərər görüb. Qarşımızdakı hədəflər dinc quruculuq, Böyük qayıdış strategiyasıdır. Bu şəraitdə ölkəmizi hədəflərindən yayındıraraq Araz ətrafında güc göstərmək üçün raketləri Bakıya tuşlayaraq İran beynəlxalq münasibətlər sistemində özünə olan nifrəti artırır. Xatırlatmaq yerinə düşər ki, 44 günlük Vətən müharibəsi zamanı Türkiyə bir millət, iki dövlət olduğumuzu sübuta yetirdi. İran isə Ermənistanla iki millət bir dövlət olduğunu nümayiş etdirir. Bu İranın bölgədəki reallıqlara cavab reaksiyasıdır. 2020-ci ilə qədər gizli saxladıqlarını indi aşkar həyata keçirirlər. İran iddialarından geri çəkilərsə, münasibətlərin normallaşması üçün şans yaranar. Regionda böyük açılışlar olacaq. Biz yalnız Meğri dəhlizi, Zəngəzur yolunun açılmasını düşünmürük. Rusiya-Ukrayna müharibəsi yeni təhlükəsizlik formasiyası yaradır. Yollar, iqtisadi əlaqələr, minillik münasibətlər darmadağın edilib. "Şimal-Cənub" layihəsinin Rəşt hissəsi tikilib. Putin Rəisi ilə görüşdə layihənin tamamlanmasının önəmli olduğunu deyib. Rusiya məlum embarqolardan xilas olmağın yolunu Azərbaycanda görür. İran özü də demək olar ki, təcrid olunmuş vəziyyətdədir. Yəni, əvvəllər Azərbaycanın ehtiyac duyduğu dövlətlər, ticarət təşkilatları indi ölkəmiz üzərindən yeni yollar qurmaq istəyirlər. Bu tarixi şansı qaçırmaq olmaz. İran Zəngəzur yolu ilə bağlı inadkarlığından əl çəkməlidir. Azərbaycan qovşaq yaradıb İranın Ermənistanla cəmi 28 kilometrlik sərhəd xəttini bağlayıb, İranı regiondan qovmayacaq. Yalnız geopolitikadan xəbəri olmayanlar belə təhlükə haqqında düşünə bilərlər. İran iddialarından, Ermənistanı üzərimizə qaldırmaqdan əl çəkməli, Azərbaycana qarşı casus müharibəsi aparmamalı, dinc qonşuluq münasibətlərini əsas götürməlidir".


Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR