İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda tutulduğu deyilən xainlər Azərbaycana təhvil veriləcəkmi - Bakı ilə barışıq oyunu, yoxsa...

Deputat Razi Nurullayev: “Mümkündür ki, hər iki şəxs bu gün həbs adı ilə istirahətdədir, onlara deyilib ki...”

Ötən həftəsonu İranda Azərbaycana qarşı vətənə xəyanətdə ittiham olunaraq axtarışa verilmiş “Hüseyniyyun” qrupunun iki üzvünün saxlanması xəbəri yayıldı. Lakin hələ ki xəbər rəsmi təsdiqini tapmayıb. Əsas sual isə budur ki, həmin şəxslər saxlanılıbsa belə, Bakıya təhvil veriləcəkmi?  

“İran rejimi bəzi şəxslərin dili ilə "Hüseyniyyun" qrupunun üzvlərinin tutulmasına bizi inandırmağa çalışır. Amma xəbərlərin həqiqət olması mümkün deyil. Bu, İran hakimiyyətinin yeni oyunudur. Təbliğat maşınlarını işə salıblar ki, özləri üçün Azərbaycan hökuməti qarşısında müsbət imic yaratsınlar".

Bu sözləri Axar.az-a güneyli milli fəal və jurnalist Əli Süleymani “Hüseyniyyun” qruplaşmasının üzvlərinin həbsi ilə bağlı açıqlamasında deyib.

O, İranın illərdir formalaşdırdığı bir terrorçu qrupunu asanlıqla tutub ələ verməyəcəyini bildirib: “Tehran rejimi bunları formalaşdırmaq üçün illər sərf edib, silahlandırıb, nəzəri və əməli təlimlər keçib, Azərbaycan əleyhinə ideoloji cəhətdən hazırlayıb. Bir sözlə, pul və vaxt sərf edib. İndi isə guya onları tutublar. Bu, mümkün deyil və İranın hazırkı siyasətinə ziddir. Çünki İran terroru dəstəkləyən bir rejimdir. "Hüseyniyyun" kimi onlarla belə qrupun himayədarıdır. Bu cür terror qruplarının qarşısında öz nüfuzunu və etibarını itirmək istəməz".

 

Əli Süleymani qeyd edib ki, “tutulma” adı altında aparılan təbliğat oyununda diqqət çəkən bir sıra məqamlar var: “Anti-Azərbaycan düşüncəli fars cəmiyyəti guya onların tutulmasına etiraz edir, İranın bu addımını qınamağa başlayıblar. Xəbər hakimiyyətyönlü "Azəriha" saytında gedib. İranın nəinki iqtidar, hətta müxalifət nümayəndələri sayta qarşı kampaniyaya başlayıblar. Yeganə Azərbaycan məsələsidir ki, İranda iqtidarla müxalifətin fikirləri üst-üstə düşür. Ölkənin qarşı-qarşıya olan hər iki cəbhəsi bizə düşmənçilik edir. Bu təbliğat çox təhlükəli və əhəmiyyətli mövzudur. Məqsədi nədir? Sadəcə, Azərbaycanla bir anlaşmaya girmək istəyir. Ola bilsin, daha məkrli planları var".

Tutulan “hüseyniyyun”çuların Azərbaycana verilməsi halında İranın münasibətinin inandırıcı olacağını deyən güneyli fəal bu addımın atılmayacağına da əminliyini ifadə edib: “İran Azərbaycana öz sadiqliyini nümayiş etdirmək istəyirsə, bu terrorçuları heç bir şərt və qarşılıqlı tələb irəli sürmədən Bakıya təhvil verməlidir. Bu halda ona inana bilərik. Amma İran bu addımı atmayacaq. Onları uzun müddətə Livan, Suriya kimi üçüncü ölkələrə göndərəcəklər. Gərginlik səngiyəndən sonra qrup üzvlərini yenidən İrana qaytarıb, başladıqları yerdən davam edəcəklər”.

Bəs gerçəkdə nə baş verir? Gözlənti nədir, İran rejimi həqiqətənmi Azərbaycanla barışığa meyllənib, yoxsa bu, növbəti oyundur?

Razi Nurullayev: “Mən xaricə gedəndə qohumlar bir zənbil dərman xahiş edir"

Razi Nurullayev 

Deputat Razi Nurullayev “Yeni Müsavat”a deyib ki, İran Orxan Məhəmmədov və Tohid İbrahimbəylinin həbsi haqda xəbər yaysa da, bunun rəsmi təsdiqi yoxdur: “İran Azərbaycana münasibətdə həmişə ikili oyun oynayıb və oynamaqdadır. Bu iki şəxsin həbsi gözdən pərdə asmaq üçün atılan addım da ola bilər. Mümkündür ki, hər iki şəxs alver predmetnə çevrilmək üçün həbs olunub. Bu iki şəxsi Azərbaycana təhvil verib kimlərisə Azərbaycandan istəyə bilərlər”.

Deputat deyir ki, hər iki şəxs İran üçün əhəmiyyətini itirib deyə həbsləri gerçəkləşib: “Bilirik ki, hər iki şəxsin adı Gəncə hadisələrində də keçib. Bu adamlardan İran dövləti uzun müddətdir ki, Azərbaycana qarşı istifadə edir. Onların indiki məqamda həbs olunmaları İranın Azərbaycana münasibətdə mövqeyini dəyişməsi görüntüsünə də xidmət edə bilər. İstənilən halda İranın bu addımı xoş niyyət kimi qəbul olunmur. Çünki illərlə bizə qarşı doğru olmayan mövqedə olublar. Bu gün hər iki şəxs həbsdədirsə və onları Azərbaycan tərəfi tələb edirsə, İran xoş niyyət göstərib hər iki şəxsi təhvil versin. Bunu etmirlərsə, deməli, ortada xoş niyyət də yoxdur. Belə görünür ki, İran növbəti dəfə oyun oynayır. Ümumiyyətlə, İran hansı addımı atırsa, bunun arxasında bir siyasi oyun var. Siyasi oyun olmasa, İran addım atmaz. Mümkündür ki, hər iki şəxs bu gün həbs adı ilə istirahətdədir. Onlara deyilib ki, sizi həbs adı ilə bir müddət gizlədəcəyik. Yer ayırıblar və hər iki şəxs istirahət edir. İranla Azərbaycan arasında münasibətlərin düzəlməsi üçün Tehran ilk növbədə dövlətimiz əleyhinə terrorçu çağırışlar edən bu şəxsləri Azərbaycana ekstradisiya etməlidir.  Bu adamlar müxtəlif sosial media platformaları vasitəsilə illərlə Azərbaycan əleyhinə təbliğat aparıblar. Onların rəhbərlik etdikləri təşkilatın arxasında İranın dayandığı da bəllidir. İran həbs etdiyi bu adamları Azərbaycana ekstradisiya edəcəksə və bunu rəsmi şəkildə açıqlayacaqsa, Tehran-Bakı münasibətləri yaxşılığa doğru dəyişə bilər”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR