İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda Nizami Gəncəvini “özününküləşdirmək” üçün YENİ TƏXRİBATLAR

İrandakı fars şovinistləri növbəti dəfə dahi Azərbaycan şairi Nizami Gəncəvini “farslaşdırmaq” üçün hərəkətə keçiblər.

Musavat.com bu barədə Gunaz.tv-yə istinadən bildirir.

“Fars dili və ədəbiyyatının qorunub inkişaf etdirilməsi, yayılması və İranın qədim mədəniyyəti, şəxsiyyətlərinin dünya səviyyəsində tanıtdırılması istiqamətindəki fəaliyyətlərin təkmilləşdirilməsi üçün fars dili və İran ədəbiyyatında müstəsna yeri olan Nizami Gəncəvi Fondunun yaradılması qərara alınıb”.

Bu barədə Prezident səlahiyyətlərini yerinə yetirən Məhəmməd Müxbirin imzası ilə yayılan bəyanatda bildirilib.

Ali Mədəni İnqilab Şurasının təsdiq etdiyi qərarı İran Mədəniyyət və İrşad Nazirliyi də qəbul edib və onun icrası, bu istiqamətdə işlərin aparılması üçün bütün dövlət qurumlarına göndərilib.

Qeyd edək ki, bundan öncə də Nizami ilə bağlı oxşar iddialar İran rəsmiləri tərəfindən dilə gətirilib. Xüsusilə son illər İran Mədəniyyət və İrşad Nazirliyi, Fars Dili Akademiyası, Ali Mədəni İnqilab Şurası və başqa dövlət qurumları Nizaminin fars və İran şairi olduğu barədə təbliğatlarını artırıblar. Bunun üçün xüsusi büdcə və imtiyazlar ayrılıb, bir çox şəhərlərin məktəblərində “Nizmi həftəsi” keçirilir. Hər il Nizami ilə bağlı keçirilən konfranslar və tədbirlərdə onun fars ədəbi və mədəni mühitinə mənsub olduğu iddia edilir, Azərbaycan Respublikasında fars dili və ədəbiyyatının yayılması ilə bağlı təkliflər irəli sürülür.

Ötən il İranın Mədəniyyət və İrşad Nazirliyi bu ölkənin Təhsil Nazirliyi ilə birgə 12-19 mart tarixləri arası bir həftə boyunca Nizaminin xatirəsinə həsr olunmuş həftə keçirdi.

Hələlik Azərbaycanın müvafiq qurumları məsələ ilə bağlı rəsmi mövqe bildirməyiblər.

Bakı-Tehran münasibətlərindəki gərginliklərin aradan qaldırılması istiqamətində növbəti addımların atılmasının, İrandakı səfirliyimizin fəaliyyətinin bərpasına qərar verilməsinin ardınca bu dəfə də Nizami Gəncəvi ilə bağlı iddiaların tirajlanması heç şübhəsiz ki, təsadüf deyil və məkrli niyyətlərə xidmət edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR