İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda həbsdə saxlanılan Fərid Səfərli Yeni ilə kimi ekstradisiya edilə bilər?- AÇIQLAMA

“Fəridin vəziyyəti qismən yaxşıdır, psixoloji durumu düzəlib”.

Bu barədə Musavat.com-a İranda həbsdə olan Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib: “Hazırda ömürlük məhbusu onun yanına keçiriblər. Ona fars dilini öyrədir, ingilis dilində Fəridlə danışır. Onun Fəridə müsbət təsiri oldu. Kitablar oxuyur, amma yenə də haqsız olaraq həbs olunmasına, ədalətsiz qərarla barışmır. İçində bir üsyan qoparır”.

D. Əsgərova Fəridin buraxılması ilə bağlı hər hansı yeniliyin olmadığını da dedi.

Qeyd edək ki, bir müddət əvvəl Fəridin qaytarılması ilə bağlı İranın aidiyyəti qurumları ilə danışıqlar aparıldığı bildirilirdi. Hətta Azərbaycan Baş Prokuroru Kamran Əliyevlə bu il sentyabrın 14-də Bakıda səfərdə olan İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azadi arasında keçirilın görüşdən sonra Fərid Səfərli ilə bağlı müsbət gəlişmələrin olacağına ümid var idi.

aeb4d2bae3a7d86abc693340e034d80f.jpg (448 KB)

Musavat.com-a mövzu ilə bağlı danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, İranla Azərbaycan arasında məhbusların ekstradisiyası ilə bağlı anlaşma var:

“İran vətəndaşları Azərbaycanda cinayət törədəndən və barələrində hökm çıxarıldıqdan sonra cəzalarını çəkmək üçün İrana göndəriliblər: “Bunun Ədliyyə Nazirliyində penitensiar sahələrə nəzarət edən ictimai komitənin üzvü kimi dəfələrlə şahidi də olmuşam. Belə hesab edirik ki, İran tərəfi də bu davranışı göstərməlidir. Fərid Səfərli ilə bağlı artıq bir neçə instansiya məhkəməsindən sonra onun Azərbaycana verilməsi ilə bağlı, onun qeyd şərtsiz ölkəsinə göndərilməsi və cəzasının qalan hissəsini burada çəkməsi üçün şərait yaradılmalıdır. Amma təəssüf ki, bu proses uzadılır. Bayrama qədər verilib-verilməməsi məsələsini deyə bilmərəm. Bildiyim odur ki, Fərid Səfərli tezliklə Azərbaycana təhvil verilməlidir. İran və Azərbaycan arasındakı hüquqi anlaşmaya görə Azərbaycan vətəndaşı İranda cinayət törədərsə, o öz ərizəsi ilə vətəndaşı olduğu ölkəyə təhvil verilməlidir”.

Qeyd edək ki, məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə də sorğu göndərmişik, cavablandırıldığı təqdirdə yayımlayacağıq.

Yada salaq ki, Almaniyadakı Yena Universitetində təhsil alan 27 yaşlı Fərid Səfərli bu il fevralın 20-də eyni universitetdə oxuyan iranlı qızın ardınca Tehrana gedib. Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açılıb və məhkəmənin gedişində maddə casusluğa cəhdlə əvəzlənib. İran tərəfi azərbaycanlı tələbəni hazırda həbsdə saxlayır.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR