İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda edama məhkum olunmuşlar – “Nyu-York Tayms”

ABŞ-ın “Nyu-York Tayms” qəzeti İranda 2022-ci ildə keçirilən etiraz aksiyaları zamanı tutulub edam cəzasına məhkum edilmiş şəxslərdən yazıb.

Novator.az-ın məlumatına görə, qəzet qeyd edir ki, barəsində ölüm hökmü çıxarılmış etirazçıların sayı dəqiq bilinmir, onların ən azı 15 nəfər olduğu ehtimal edilir.

İki nəfər barəsində ölüm hökmü artıq icra olunub. Paytaxt Tehranda tutulmuş Möhsün Şəkəri 2022-ci il dekabrın 8-də, Məşhəd şəhərində tutulmuş Məcid Rza Rəhnəvərd isə dekabrın 12-də edam edilib.

Hər ikisi 23 yaşında olub. Şəkəri qapalı şəraitdə dar ağacından asılıb. Rəhnəvərd ictimai meydanda krandan asılmaqla edam olunub.

Şəkəri qəhvəxanada, Rəhnəvərd paltar dükanında işləyirmiş.

Şəkəri Tehranda aksiya zamanı zibil yeşiyini yandırmaqda, yolu bağlamaqda, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) nəzdində fəaliyyət göstərən, hökumət tərəfdarı olan könüllülər dəstəsinin – “Bəsic” təşkilatının bir üzvünü bıçaqla yaralamaqda, Rəhnəvərd iki “Bəsic” üzvünü bıçaqla öldürməkdə, daha dörd nəfərə bədən xəsarəti yetirməkdə təqsirli bilinib.

“Nyu-York Tayms” yazır ki, hüquq müdafiəçiləri ittihamların əsaslı surətdə sübuta yetirildiyini şübhə altına alır, təqsirləndirilən şəxslərin istintaq dövründə işgəncəyə məruz qaldığını, etirafedici ifadələrə məcbur edildiyini, istintaq və məhkəmə proseslərinin qeyri-şəffaf, ildırım sürətiylə həyata keçirildiyini, eyni sürətlə icraya yönəldildiyini, bununla rejimin cəmiyyətdə xof yaradıb insanları etirazdan çəkindirməyə çalışdığını vurğulayırlar.

Qəzet xatırladır ki, Möhsün Şəkəri ilə Məcid Rza Rəhnəvərdin edam olunması istər İranda, istərsə də beynəlxalq aləmdə ciddi narazılıq doğurub, amma bu, rejimin məhkəmələrin əli ilə başqa aksiya iştirakçılarına da tələmtələsik edam cəzası çıxarmasına, yaxud həmin hökmlərdən verilmiş şikayətlərin əksərini rədd etməsinə mane ola bilməyib.

Bəlli olduğu kimi İranda kütləvi etiraz aksiyaları 2022-ci ilin sentyabr ayının 18-dən başlanıb. Həmin ay hicab qaydalarını pozma ittihamı ilə tutulandan üç gün sonra dünyasını dəyişmiş gənc kürd qadın Məhsa Əmininin ölümünə etiraz olaraq keçirilən aksiyaları yatırtmaq cəhdləri yüzlərlə adamın ölümü, minlərlə adamın həbsi ilə nəticələnib.

“Nyu-York Tayms” aksiyalar zamanı cinayət törətməkdə təqsirli bilinərək edam cəzasına məhkum edilən və hələlik hökmü icraya yönəlməmiş iranlılardan 10 nəfər haqqında məlumat toplayıb.

Novator.az saytı həmin məlumatları yığcam formada, məhkumların fotoşəkilləri ilə birgə oxucuların diqqətinə çatdırır.

Səhənd Nurməhəmmədzadə. 26 yaşı var, idmançıdır, ölkədə bodibildinq üzrə keçirilən müxtəlif çempionatların qalibi olub.

2022-ci ilin sentyabr ayının 23-də Tehranda tutulub. Etiraz aksiyasına qoşulduğu vaxt zibil qutusunu, maşın təkərini yandırmaqda və avtomobil yolunu dağıtmaqda təqsirli bilinib.

Mahan Sədrat Mərani. 22 yaşı var. 2022-ci ilin oktyabr ayının sonu Tehranda tutulub. Aksiya zamanı “Bəsic” üzvünə bıçaqla hücum çəkməkdə, bir motosikleti yandırmaqda və mobil telefonu qırmaqda təqsirli bilinib.

Məhəmməd Boruğəni. 19 yaşı var. Pakdəşt şəhərində tutulub. Soyuq silah gəzdirməkdə, Pakdəştdə ostandarın qərargahını yandırmaqda və qərargahda növbə çəkən şəxsə bıçaqla xəsarət yetirməkdə təqsirli bilinib.

Məhəmməd Qubadlı. 22 yaşı var, bərbərdir. 2022-ci il sentyabrın 22-də Tehranda tutulub. İğtişaşlar zamanı avtomobili polisin üstünə sürüb bir nəfərin ölümünə, beş nəfərin yaralanmasına səbəb olmaqda təqsirli bilinib.

Saman Seydi. 24 yaşı var. Qrafik-rəssam və repçidir. Yasin təxəllüsü ilə çıxış edir, əksəriyyət onu Saman Yasin kimi tanıyır.

2022-ci il oktyabrın 2-də Tehranda tutulub. Qanunsuz odlu silah (tapança) gəzdirməkdə və həmin silahla aksiyaların birində havaya üç dəfə atəş açmaqda təqsirli bilinib.

Həmid Qarahəsənli. 53 yaşı var, həkim-rentgenoloqdur.

2022-ci il noyabrın 4-də Kərəc şəhərində tutulub. Aksiya zamanı qətlə yetirilmiş bir “Bəsic” üzvünün ölümündə təqsirli bilinib.

“Nyu-York Tayms” yazır ki, Həmid Qarahəsənli İranın yoxsul bölgələrində xeyriyyəçiliklə məşğul olan, məktəblər tikdirən, xəstəxanalara təmənnasız tibb avadanlıqları bağışlayan, imkansızları pulsuz müalicə edən humanist həkim, nəcib insan kimi tanınır. Tutulandan sonra xeyli həkim həmkarı onun müdafiəsinə qalxıb və məsələ ilə bağlı dini liderə məktubla müraciət edib. Müraciətdə bildirilib ki, əslində hadisə yerində çəkilmiş videokadrlar Həmid Qarahəsənlinin və onun həyat yoldaşının “Bəsic” üzvünü etirazçıların əlindən almağa çalışdığını göstərir. Bununla belə məhkəmə doktor Qarahəsənliyə ölüm hökmü çıxarıb, onun 46 yaşlı xanımı Fərzanə Qarahəsənlini isə 25 il müddətinə azadlıqdan məhrum edib.

2023-cü il yanvarın 3-də Ali Məhkəmə işi yenidən baxılması üçün ilkin məhkəmə instansiyasına qaytarıb. Ancaq “Nyu-York Tayms” yazır ki, bu, hökmün mütləq dəyişəcəyi anlamına gəlmir, yəni edam təhlükəsi Həmid Qarahəsənlinin başı üzərindən hələ sovuşmayıb.

Məhəmməd Mehdi Kərəmi. 22 yaşı var, idmançıdır, karate üzrə milli çempionatlarda çoxlu medal qazanıb.

2022-ci ilin noyabr ayının əvvəlində Kərəc şəhərində tutulub. Şəhərdəki iğtişaşlar zamanı “Bəsic” üzvünü qətlə yetirməkdə təqsirli bilinib.

Hüseyn Məhəmmədi. 26 yaşındadır, teatr aktyorudur, qısametrajlı filmlərə də çəkilib, şeir yazmağı, mahnı oxumağı da var. Yerli incəsənət festivallarının birində ən yaxşı kişi rolu nominasiyasının qalibi olub.

2022-ci il noyabrın 5-də Kərəcdəki evində tutulub. Şəhərdə keçirilmiş kütləvi etiraz aksiyasında “Bəsic” üzvünü öldürməkdə təqsirli bilinib.

2023-cü il yanvarın 3-də Ali Məhkəmə onun barəsində çıxarılmış edam hökmünə yenidən baxılması üçün işi ilkin məhkəmə instansiyasına qaytarıb. “Nyu-York Tayms” yazır ki, Hüseyn Məhəmmədinin yaxınları ilkin məhkəmə instansiyasının hökmü yenidən qüvvədə saxlayacağından narahatdırlar.

Mənuçehr Mehman Nəvaz. 45 yaşı var. Sentyabrın 25-də Qərçək şəhərində tutulub. Hökumət binasını və bir neçə avtomobili yandırmaqda, “Molotov” kokteyli ilə mühafizə postuna hücum çəkməkdə təqsirli bilinib.

“Nyu-York Tayms” yazır ki, Mənuçehr Mehman Nəvazın kimliyi haqda məlumat azdır, iki yeniyetmə qızı olduğu deyilir.

Seyid Məhəmməd Hüseyni. 20 yaşı var. 2022-ci ilin noyabr ayının əvvəlində tutulub. Kərəcdə aksiya zamanı bıçaqla “Bəsic” üzvünü qətlə yetirməkdə təqsirli bilinib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR