İnsanlara hürriyət, millətlərə istiqlal!

İrana “hücum”ların pərdəarxası: Xamenei nüvə silahı əldə etmək həddinə yaxınlaşır

“ABŞ prezidenti Donald Trampın İranın ali lideri Seyid Əli Xameneiyə məktub göndərməsi “sövdələşmək üçün təzyiq” kampaniyasının çalarlarını ifadə edir. Trampın “İranla nüvə sazişi əldə etməyə üstünlük verəcəyik, əks təqdirdə başqa variantla problem həll ediləcək” deməsi daha çox Ağ Evlə Tehranın yenilənmiş əməkdaşlıq əldə etməsi üçün qurulmuş diplomatik-siyasi həmlədir. İranın siyasi və ruhani elitası Trampın məktubunun elanından sonra ABŞ ilə danışıqları rədd edirlər. Ancaq Xamenei güclü manevrlər edən siyasətçi kimi ABŞ-dən öz hakimiyyətinin qorunmasına dair təminatlar almaqda maraqlı ola bilər”.

Musavat.com xəbər verir ki, bu fikirləri siyasi analitik Aqşin Kərimov bildirib.

AQSİN.jpeg (208 KB)

O qeyd edib ki, Xamenei ABŞ-yə qarşı ideoloji ritorikanın flaqmanı olsa da, onun tətil günlərindən tutmuş gündəlik iş qrafikinə qədər həm Vaşinqton, həm də İsraildə ciddi kəşfiyyat hesabatları mövcuddur:

“Bütün bunlara rəğmən, Xameneinin hələ də ciddi qorunması təkcə İran daxili siyasi establişmentinin təhlükəsizlik qaydaları ilə əlaqəli deyil. Yəni Xameneinin İranda dövlət etitasının başında olması həm ABŞ-nin, həm də İsrailin işinə yarayır.

Xamenei ABŞ ilə İsrailin mümkün hərbi əməliyyatlarını daxildə öz varisliyini saxlamaq və onu mühafizə etmək hekayələri ilə uyğunlaşdıran ideoloji istiqamətləri müəyyənləşdirir. Xamenei ABŞ ilə danışıqlara qarşı görüntü yaratsa da, onun nüvə silahı, yoxsa nüvə razılaşması əldə etmək qərarına gəldiyi hələlik aydın deyil.

Xameneinin qərarı, çox güman ki, öz təsir rıçaqlarına ən böyük təhlükənin daxili və ya xarici olduğunu hesablamasından asılı olacaq. Nüvə obyektlərinə hücum çətindir, lakin mümkündür.

İran nüvə silahı əldə etmək həddinə yaxınlaşır. İranın yüksək rütbəli hərbi məsləhətçiləri, SEPAH rəsmiləri Xameneini nüvə silahı əldə etmək üçün getdikcə daha çox lobbiləşdirirlər.

İranın nüvə obyektlərinin hava əməliyyatları ilə sıradan çıxarılması çətindir. Ona görə ki, İranın nüvə təsisatları dağların altındadır və onların dərinliyinə nüfuz edən silahlar İsraildə yoxdur. Başqa bir problem ABŞ-nin İranın nüvə obyektlərinə nüfuz edə biləcək “F-15EX” qırıcı təyyarələrini İsrailə verməməsidir.

Trampın hədələri İrana intensiv hücumlar fonunda ABŞ-nin İsrailə həmin qırıcıları verə biləcəyi ehtimallarını yaradır. Lakin bu, problematikdir, ona görə də ABŞ ilə İsrail nüvə obyektlərinə qarşı daha çox kiberəməliyyatlarla İranın daxilində başlaya biləcək iğtişaşları paralel şəkildə yönləndirməyə daha çox üstünlük verə bilər”.

Aqşin Kərimov bildirib ki, Rusiya ABŞ ilə İran arasında vasitəçiliyini Kremlin Ağ Evlə əlaqələrini düzəltməyə, İsraillə münasibətlərini inkişaf etdirməyə yönəlik maraqların ifadəsidir:

“Bu, Rusiyanın ABŞ-dən Ukrayna ilə bağlı gözləntiləri fonunda nəzərə çarpır. Ehtimalla, Rusiya, Ağ Ev-İran münasibətlərinin nəticələrini Kremlin Yaxın Şərq siyasətinin yenidən prioritetləşdirməsi ilə əlaqələndirəcək.

Çinin isə son zamanlar səssizliyə çəkildiyi görünə bilərdi, lakin Pekin Tayvan ətrafında güc nümayişi üçün yeni hərbi təlimlərə başlayıb. Bu, Pekinin qarışıqlıqlardan istifadə qabiliyyətini vurğulayır. Çin nə İrana, nə də Rusiyaya müdafiə öhdəlikləri təqdim edir, o, eksklüziv üstünlüklərindən yararlanaraq öz ekspansiyasını həyata keçirir.

ABŞ-İran münasibətləri və Rusiyanın bu əlaqələrdəki rolu Çini Yaxın Şərqdə və Avropada geosiyasi xəttini gücləndirməyə təhrik edəcək. Türkiyənin isə bütün rəqabət və əməkdaşlıqlara hazırlıq siyasəti möhkəmlənib və ehtimalla hazırda İranla bağlı strategiyalar Ankaranın portfelinə böyük ölçüdə qlobal oyunçu statusu qazandıracaq”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR