İnsanlara hürriyət, millətlərə istiqlal!

İran yaman yerdə “axşamlayıb” - erməni ilə dost olanın...

Yeganə Hacıyeva: “Azərbaycan şəhidlərinin qanına İranın da əli batıb”

Xəbər verildiyi kimi, Mətbuat Şurası İdarə Heyətinin üzvləri İranın Azərbaycandakı səfirliyinə müraciət edib. Müraciətdə deyilir:

“Bir neçə gün əvvəl Azərbaycan mediasında noyabrın 24-də 14 nəfər İran vətəndaşının qeyri-qanuni yolla Azərbaycan ərazisinə keçməsi və ermənilərin yaşadığı bölgəyə daxil olması barədə məlumat yayıldı. Bunun ardınca Azərbaycan mediası həmin şəxslərin İran vətəndaşı olmasını təsdiqləyən faktlar, sənədlər də təqdim etdi. Eyni zamanda, sözügedən şəxslərin Qarabağdakı terrorçu ermənilərə təlim keçmək üçün gəldikləri barədə mülahizələrə də mediada geniş yer verildi. Nəhayət, bütün bunlarla bağlı İranın Azərbaycandakı Səfirliyi tərəfindən lazımi açıqlama verilməsi tələbi ilə ortaya haqlı suallar qoyuldu.

Səfirliyinin davamlı susqunluğu fonunda mediada noyabrın 30-da Azərbaycanın ermənilərin yaşadığı ərazisinə daha 13 İran vətəndaşının keçdiyinə dair faktlara əsaslanan məlumat yayıldı. Bu hadisə və İrandan Ermənistana silah satışı, sonradan həmin silahların Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə keçirilərək oradakı qeyri-qanuni erməni dəstələrinə çatdırılması məsələsi bu gün də Azərbaycan mediasının əsas mövzularından biri, cəmiyyətimizi dərindən narahat edən məsələlərdir. Yaranmış durumda, istər-istəməz, belə bir qənaət formalaşır ki, İran təcavüzkar Ermənistanın Azərbaycana qarşı hərbi cəhətdən gücləndirməyə və ölkəmizin işğaldan azad olunmuş ərazilərində vəziyyəti gərginləşdirməyə çalışır.

Azərbaycan mediasının çoxsaylı müraciətlərinə baxmayaraq, İranın Azərbaycandakı səfirliyinin indiyədək bu barədə hər hansı münasibət açıqlamadan susqunluq nümayiş etdirməsi dərin təəssüf və narahatlıq doğurur.

Ümid edirik ki, Azərbaycan mediası adından ünvanladığımız bu müraciət cavabsız qalmayacaq, İranın Azərbaycandakı Səfirliyi olaraq, qeyd edilən ciddi məsələlərə dair müvafiq rəsmi mövqe bildirəcəksiniz. Əks təqdirdə, Azərbaycan mediası məlum hadisələrdə İranın neqativ rolunun olmasını həqiqət kimi qəbul etmək məcburiyyətində qalacaq və fəaliyyətini bütünlüklə bu reallığa əsaslanaraq quracaq".

İran, deyəsən, həqiqətən çox pis yerdə “axşamlayıb”. Panirançılar yəqin Azərbaycanın bunca güclü və müasir texnoloji və kəşfiyyat imkanlarına malik olduğunu ağla gətirməyiblər. Xatırladaq ki, bir həftə öncə Azərbaycan XİN-i bu təxribatçı əməllə bağlı İrana nota verib və rəsmi Tehrandan cavab gözləyir. Lakin cavab əvəzinə məlum olur ki, Qarabağa daha 13 iranlı diversant keçib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Əgər İran daha öncə dini ideoloji təbliğatın əsasında öz təcavüzkar siyasətini gizlədə bilirdisə, 44 günlük Vətən müharibəsindən sonra bunu gizlətməyə heç ehtiyac da duymadı və paralel olaraq, daha aqressiv münasibətə başladı. Bu münasibətlərin əsas səbəbi isə ondan ibarətdir ki, İran hesab edir ki, Azərbaycanın müharibədə qazandığı qələbə, daxildəki etnik azərbaycanlılara sirayət edəcək və soydaşlarımız öz haqq və hüquqlarının müdafiəsi üçün müəyyən aktiv proseslərə başlayacaqlar. Məsələ ondadır ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi İranda təkcə etnik azərbaycanlılara deyil, digər xalqlarının öz hüquqlarının müdafiəsi üçün də pozitiv sıçrayiş oldu. Daha sonra isə İranın sərtləşmiş daxili siyasəti nəticə etibarı ilə İranda etirazlarla nəticələndi. Məlum olduğu kimi, İrandakı etirazların mənəvi ideoloji əsası insan haqları ilə paralel, həm də xalqların azadlıq istəyidir və xalqların bu azadlıq istəyi də qonşuda torpaqlarını, vətənini azad etmiş bir nümunədən ilhamlanmaq cəhdi faktıdır.

Yeganə Hacıyeva: Gürcüstan bu formatda qismən iştirak edəcək » BAYRAQDAR  MEDİA

Hər kəsə məlumdur ki, 44 günlük Vətən müharibəsində İran Ermənistana silah ötürdü, erməni qoşunların içərisində İran terrorçuları da var idi, onlar ordumuza qarşı təxribatlar etdilər. Bir sözlə, Azərbaycan şəhidlərinin qanına İranın da əli batıb. Bu gün də İran terrorçu diversantlara  təxribat üsullarını öyrətmək üçün Qarabağa öz qruplaşmalarını yollayır. Həmçinin həmin diversantlara rəhbərlik üçün SEPAH-ın şəbəkəsini göndərir. Doğrudur, artıq 27 belə şəxsi Azərbaycan izləyib. Güman ki, bu vaxta qədər İrandan ora gedənlərin saysız-hesabsızdır. Onlar məhz SEPAH zabitləridir.

Əlbəttə ki, Azərbaycan Xarici İşlər Nazirliyi, həmçinin mediamız bu haqda İrandan hesab soruşur, amma İran bu haqda susur. Çünki vəziyyət elə bir yerdədir, İranın ənənəvi riyakar xarici siyasəti işləmir. İranın Xarici İşlər Nazirliyi açıqlama verə bilməz ki, həmin 27 nəfər Qarabağa gəzməyə gəlib. Çünki onların hamısının adları, kimliyi var və onların bu ad və kimliklərlə başqa dövlətlərə keçməsi haqda faktlar var. Bu baxımdan İran bu mövzuda fərqindədir ki, yaman yerdə “axşamlayıb”. Amma digər tərəfdən bu faktı danaraq, Ermənistanla münasibətləri pozmaq istəmir. Yəni regionda kimin kim olduğu bəlli olan vaxtdır və belə bir zamanda İran Azərbaycana ənənəvi xoş sözlər deməklə dostunu, həm də Fransanı kədərləndirməyə çalışmır".

Yeganə Hacıyeva Azərbaycan Xarici İşlər Nazirliyinin ərazimizə daxil olan İran vətəndaşları haqda səhih məlumatlara malik olduğuna əmindir: “Bildiyiniz kimi bu yaxınlarda İranın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat rəhbəri ilə görüşmüşdü. Əslində bu görüş İran səfirinin Xarici İşlər Nazirliyinə ayaq açıb reallıqları yalan qələmə verməyə çalışması idi. Səfiri hətta orda görməyə şad deyildilər. Xatırladım ki, səfir XİN-dən əvvəl Prezident Administrasiyasında da görüş keçirmişdi. Bu qədər riyakar siyasət həyata keçirən bir ölkənin səfirinin əlini-qolunu sallayıb, heç nə olmamış kimi Azərbaycan rəsmiləri ilə görüşməsi əlbəttə, xoş məqam deyildi və ictimaiyyətdə də xoş qarşılanmadı. Ona görə də İrana ünvanlanan sualların birbaşa İranın özündən soruşulması ən doğrusu sayıldı”.

Yeganə Hacıyeva Mətbuat Şurasının İran səfirliyinə müraciətini də çox yerində olan müraciət sayır: “Mətbuat Şurasının üzvləri də Azərbaycan mediasında fikir formalaşmasında aktiv iştirak edən şəxslər kimi İranın anti-Azərbaycan siyasətinə qarşı, həmçinin Azərbaycanda İranın agentura şəbəkəsinin legitimləşdirmə cəhdlərinin qarşısının alması yolundan müəyyən ciddi addımlar atıb”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR