Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti cənab İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi, Ermənistana sərt xəbərdarlıq edilən, onun havadarlarından birinin qarşısında açıq tələb qoyulan intervüsünün böyük reaksiya doğuracağı öncədən bəlli idi.
Musavat.com-un məlumatına görə, bunu deputat Sahib Alıyev bildirib. Deputat İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianın Bakıya səfərini və ardınca da İrəvana getməsini məhz həmən reaksiyalardan biri kimi qiymətləndirib:
“Ermənistanın işğal dövründə “mədəni və dini abidələrimizi dağıtmasının, məscidlərimizi təhqirə məruz qoymasının, ibadət ocaqlarında donuz və inək saxlanmasının” bu haqda çox yaxşı bilgiləri olan İran rəsmisinin diqqətinə niyə çatdırıldığı yəqin aydındır. Əli Əkbər Əhmədianın “regionda Azərbaycan ilə İranın mədəni, tarixi, dini, o cümlədən sivilizasiya əlaqələrinin bənzərsizliyi və bu cür qədim əlaqələri olan iki ölkəni tapmağın mümkünsuzlüyü” haqda fikirlərinin qarşılığında cənab İlham Əliyevin “xalqlarımızın çox sıx tellərlə bir-birinə bağlılığı"ndan söz salması təbii ki, səbəbsiz deyil. Yəni biz Azərbaycan torpaqları işğal altında olanda da, 44 günlük savaş zamanı da, ondan sonrakı dövrdə də rəsmi Tehranın necə bir siyasət yeritdiyini unutmamışıq. Bununla yanaşı, İranla qarşılıqlı faydaya dayanan əlaqələrin genişlənməsində maraqlıyıq, ilk növbədə də ona görə ki, orada yaşayanların böyük bir hissəsini təşkil edən soydaşlarımızla cənab Prezidentin təbirincə desək, çox sıx tellərlə bağlıyıq. Azərbaycanın İrandan istədiyi biz ona yanaşmada necə davranırıqsa, qarşı tərəfin də o cür hərəkət etməsidir. Edəcəksə, xeyli xub, etməyəcəksə, rəsmi Tehran bundan kimin daha çox itirəcəyinin indi heç vaxt olmadığı qədər fərqindədir”.
S.Alıyevin fikrincə, təkcə İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibinin deyil, Avropa Birliyinin Cənubi Qafqaz üzrə özəl təmsilçisi Maqdalena Qrononun səfərini də cənab Prezidentin sözügedən intervüsünə operativ reaksiya saymaq olar: “Dövlət başçımızın Avropa Birliyinin təmsilçisinə Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin ikitərəfli müstəvidə aparıldığını xatırlatmağa niyə ehtiyac duyulduğunun cavabı onun yerli telekanallara verdiyi intevüdə 5 aprel Brüssel görüşü ilə bağlı dediklərindədir. Ötən il aprelin 5-də ABŞ və Avropa Birliyinin Ermənistana həm də hərbi xarakterli hərtərəfli dəstəyi haqda razılığa gəlinən o görüşdən sonra ABŞ də, Avropa Birliyi də öz vasitəçiliklərini Makroncasına bada verdilər. Çox ehtimal ki, Brüsselin vasitəçiliklə bağlı növbəti təşəbbüsünün qarşılığında danışıqların ikitərəfli formatda aparıldığı xatırladıldı”.
Deputat Türkiyə və Azərbaycan liderlərinin son telefon danışığını da təsadüf hesab etmir: “Mən belə düşünürəm ki, bu görüşlərin ardından Türkiyə Prezidenti cənab Ərdoğanın dövlət başçımıza dünənki telefon zəngi də bir növ həm haqqında söz gedən intervüyə, həm də intervüyə verilən reaksiyalara reaksiya xarakteri daşıyırdı. Hər iki Prezidentin əməkdaşlığımızın bütün sahələrdə bundan sonra “Bir millət, iki dövlət” prinsipi üzrə davam etdiriləcəyini vurğulamaları o deməkdir ki, yanvarın 7-də cənab İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıqlamasına da, Ermənistanla havadarlarına xəbərdarlığına da, İran rəhbərliyi qarşısında qoyulan tələbinə də iki dövlətin bir fikri kimi yanaşılmalıdır”.
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ