Onlayn ictimai-siyasi qəzet
Tehranın İrəvandakı elçisi hesab edir ki, Ermənistanın tranzit müddəti Azərbaycandan iki gün azdır; Qabil Hüseynli: “O yoldan Batuma çıxmaq üçün ən azı 10 il vaxt və...”
İranın İrəvandakı səfiri, Azərbaycana qarşı zaman-zaman açıqlamalar verən Mehdi Sobhani Hindistan silahlarının İran ərazisindən Ermənistana tranziti məsələsini yenə “öz arşını” ilə şərh edib.
“Yeni Müsavat” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Mehdi Sobhani bu barədə keçirdiyi mətbuat konfransında danışıb. O bildirib ki, Tehran Ermənistana regional sülhə töhfə verəcək istənilən yardımı göstərməyə hazırdır: “Əminəm ki, regionda qüvvələr balansı sülhə gətirib çıxaracaq”. Səfir bəyan edib ki, İran Azərbaycandan çox, Ermənistan ərazisindən Qara dənizə gedən yola üstünlük verir: “Ermənistanın tranzit müddəti Azərbaycandan iki gün azdır. Eyni zamanda Ermənistanda yol infrastrukturunun təkmilləşdirilməsinə ehtiyac var və tranzit tarifləri cüzi endirimdən istifadə edə bilər”. “İran hərbi və siyasi fəaliyyəti ilə Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsinin əleyhinə olduğunu nümayiş etdirdi. Dünyada "dəhliz" sözü adətən sadəcə nəqliyyat marşrutu kimi başa düşülür, lakin bu regionda bu anlayış, görünür, tamam başqa cür qəbul edilir", - səfir iddia edib. Diplomatın sözlərinə görə, İranın bu məsələdə mövqeyi çox aydındır və Tehran bunu həmişə vurğulayıb ki, yollar keçdiyi ölkənin suverenliyi altında olmalıdır.
Mehdi Sobhani
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi isə bundan təxminən iki il əvvəl həmkarından fərqli açıqlama verərək demişdi ki, Hindistan, İran, Azərbaycan, Gürcüstan, Qara dəniz və Avropanı əhatə edəcək yeni nəqliyyat dəhlizinin aktivləşməsi üçün gərəkən çalışmalar həyata keçirilir. Bu mövzuda politoloq Elxan Şahinoğlu bildirib ki, İranın Ermənistandakı səfirinin “Ermənistanın tranzit müddəti Azərbaycandan iki gün azdır” fikri onun beyin məhsulu deyil, Tehrandan ötürülüb: “Demək, İranın istəyinin hansı istiqamətlə bağlı olduğu aşkardır. Ancaq məsələ burasındadır ki, Ermənistan Azərbaycandan fərqli olaraq nəqliyyat dəhlizi üçün gərəkən infrastruktur formalaşdırmayıb, heç bu işə başlamayıb, maliyyəsi yoxdur. Bunu Ermənistanı tərifləyən İranın bu ölkədəki səfiri də etiraf etmək məcburiyyətində qalıb”. Onu da deyək ki, Şimal-Cənub magistralı tikilməyib, hətta İranla Ermənistanı birləşdirən müasir yol belə yoxdur. Çünki hazırda Gorus-Qafan yolunun mühüm hissəsi Azərbaycanın nəzarətindədir. 2018-ci ildən Ermənistan hakimiyyəti Fars körfəzi-Qara dəniz dəhlizinin yaradılmasından danışır. Amma İrəvan Şimal-Cənub nəqliyyat dəhlizində bu mühüm layihənin həyata keçirilməsi üçün heç bir iş görməyib. Bunun nəticəsidir ki, Şimal-Cənub magistralı hələ tikilməyib və İranla Ermənistanı birləşdirən müasir yol belə yoxdur.
Hindistan və Ermənistan arasında İrandan keçən ticarət yolunun 2024-cü ilin may ayına kimi açılması nəzərdə tutulur. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan məlumat açıqlayıb: “Məqsədimiz budur ki, Hindistanın Mumbay limanından Ermənistana İrandan Çabahar limanı vasitəsilə keçməklə düzgün fəaliyyət göstərən ticarət marşrutunun olması üçün bu ilin may ayına qədər bütün məsələləri həll edək”. Qeyd olunub ki, ticarət yolunun açılması Ermənistan, Hindistan, İran, daha sonra Gürcüstan və Avropa İttifaqı ölkələrinə və əks istiqamətdə ticarət dövriyyəsini kəskin artıracaq. Lakin İrəvanda aydınlıq gətirmirlər ki, Ermənistan-İran sərhədindən yüklər Gürcüstana qədər necə daşınacaq: Ermənistanın dəmiryol sisteminin İran sistemi ilə əlaqəsi yoxdur - sovet dövründə Naxçıvan vasitəsilə təmin olunan əlaqə çoxdan ermənilərin özləri tərəfindən sıradan çıxarılıb. Avtomobil yoluna gəlincə, Ermənistan-İran sərhədindən Gürcüstan sərhədinə qədər geniş avtomagistralın tikintisi layihəsinin icrasına 2009-cu ildən başlanıb, hələ heç yolun 30 faizi belə hazır deyil. Müxtəlif xarici qurumlardan alınan kreditlər hesabına yolun bir neçə hissəsində tikinti işlərinə başlanılıb, lakin aşkarlanan korrupsiya faktları üzündən hələ də tikinti tamamlanmayıb.
Qabil Hüseynli
Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, iranlı səfir səriştəsizlik və başıboşluq edib. Onun sözlərinə görə, Ermənistanın relyefi dağlıqdır, şosse yolu çəkmək isə milyardlarla dollara başa gəlir: “Üstəlik, o yoldan Batuma çıxmağa yol çəkməyə ən azı 10 il vaxt lazımdır. İlk növbədə bunu hesablamaq lazımdır. Əgər həmin yol 10 il sonra yekunlaşacaqsa, deməli, Hindistan və İranın əleyhinə çıxdığı Orta dəhlizə əngəl olmaq, könül bulandırmaq cəhdidir. Əvvəla, bu ideyanı reallaşdıra bilməyəcəklər. Dediyim kimi, buna böyük pullar lazımdır. İkincisi, səfir Sobhani böyük qələt edir, guya Ermənistandan keçən yol bizdən iki gün qısa imiş... Müxtəlif dağ silsilələrini, bəzi yerlərdə qar səbəbindən fasilələri nəzərə alsaq, zaman etibarı ilə Ermənistan yolu üstünlük qazandıra bilməz”. Q.Hüseynli hesab edir ki, Azərbaycandan keçən dəmiryol və şose yolu Avropaya gedən yüklərin daşınma müddətini iki dəfə aşağı salıb: “Əgər Çin Rusiya ərazisi ilə yükləri Avropaya 24 günə çıxara bilirdisə, Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə Pekindən çıxan qatar 12 gün sonra Londonda olur. Üstəlik, həmin yüklərin maliyyə dəyəri aşağı düşür. Misal üçün, Rusiyadan keçən yol 100 dollara başa gəlirdisə, Azərbaycandan keçəndə 50 dollar olur. Beləliklə, bu cür kəskin rəqabətin mövcud olduğu şəraitdə İran səfirinin mürəkkəb ərazilərdən iki gün tez Qara dənizə çıxmaq fikirləri səriştəsizlikdir və buna istehzalı təbəssümlə cavab vermək olar”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ