Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, ABŞ mediası, xüsusilə Fox News, İranın hazırkı ali rəhbəri Əli Xameneinin mümkün hakimiyyətdən gedişi ssenarilərini gündəmə gətirib. Məlumatlara görə, şah rejiminin sonuncu lideri Məhəmmədrza Pəhləvinin böyük oğlu, ABŞ-da mühacir həyatı yaşayan Rza Pəhləvi artıq Konqres üzvləri ilə görüşlər keçirir. Məqsəd – İranda baş verə biləcək rejim dəyişikliyindən sonra formalaşacaq “keçid dövrü” üçün plan hazırlamaqdır.
Müzakirələrdə əsas diqqət Xameneidən sonra İranın gələcək siyasi xəttinə, potensial müxalif qüvvələrin roluna və yeni siyasi sistemin strukturuna yönəlib. ABŞ-da fəaliyyət göstərən bəzi siyasi lobbi dairələri Rza Pəhləvini İranın gələcək lideri kimi təqdim etməyə çalışsalar da, mütəxəssislər bu ehtimalı olduqca qeyri-real sayırlar.
Musavat.com bildirir kic İran şahının böyük oğlu kimi tanınan Rza Pəhləvi İsrail və ABŞ dairələri ilə münasibətləri ilə diqqət çəkir. Lakin onun İran daxilində heç bir real ictimai dayağı və elektoral bazası yoxdur. Həmçinin, hazırkı rejimə qarşı çıxan qüvvələr – nə solçular, nə liberallar, nə də dini çevrələr – onu real alternativ olaraq görmür.
Daha önəmlisi, İranın demoqrafik və siyasi çəkisində əsas yer tutan Azərbaycan türkləri Rza Pəhləvini ümumiyyətlə qəbul etmir, onu vətən xaini sayırlar. Onlar Pəhləvi rejimini fars şovinizminin simvolu sayırlar və bunu milli kimliklərinə təhdid sayırlar.
Musavat.com yazarına görə, Rza Pəhləvinin və ümumilikdə şah rejiminin İran siyasətinə qayıdışı hazırkı şərtlərdə real deyil və strateji olaraq mümkünsüz görünür. Əgər İsrail və ABŞ İranda rejim dəyişikliyi planlaşdırırlarsa, bu zaman bölgənin ən böyük etnik qrupunu – Azərbaycan türklərini nəzərə almadan hər hansı siyasi layihənin həyata keçməsi mümkünsüzdür.
İranın gələcəyi ilə bağlı bütün planlar, istər daxili müxalifətdən, istərsə də xarici güclərdən gəlsin, milli, sosial və regional güclərin real balansı üzərində qurulmalıdır. Əks halda, Rza Pəhləvi kimi simalar yalnız kağız üzərindəki xəyallarda mövcud olacaq.
Musavat.com
22 Iyun 2025
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ