İnsanlara hürriyət, millətlərə istiqlal!

“İran qisas zərbəsini İsrailə yox, başqa yerə endirəcək” - SENSASİYA

İran dini lideri Əli Xamneyi HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirilməsi əmrini verib.

Musavat.com-un məlumatına görə, bu barədə məlumatı “New York Times“ qəzeti öz mənbələrinə istinadən yayıb. İddialara görə, ölkənin Qum şəhərindəki Cəmkəran məscidinin üzərində növbəti dəfə qisas rəmzi kimi qəbul edilən qırmızı bayraq qaldırılıb. Bu isə İranın Haniyənin intiqamını almağa çalışacağını göstərir.

Bəs bu qisas necə alına bilər?

Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuz İranın bu istiqamətdə ciddi addımlar atacağına inanmır:

f5ce6e2915e7ae1d337069f920b9ef3e (1).jpeg (277 KB)

“Məsələ burasındadır ki, Qumdakı məscidin üzərində tez-tez qırmızı bayrağın qaldırıldığını görürük. İlk dəfə dünya bu hadisə ilə Qasım Süleymaninin ABŞ tərəfindən qətlə yetirildiyi zaman tanış oldu. 2020-ci ilin yanvaryında Bağdadda ABŞ təyyarələrinin hücumu zamanı öldürülən Qasım Süleymaninin intiqamını almaq niyyəti ilə qaldırılan bu bayraq bir müddətdən sonra İraqdakı bir ABŞ hərbi bazasına bir neçə raket zərbələrinin ardınca endirildi. Sonradan məlum oldu ki, bu zərbələr danışılmış qisas şousundan başqa bir şey deyilmiş. Hər halda o zamanın ABŞ prezidenti Donald Tramp bu iddianı irəli sürürdü. Donald Trampın iddiasına görə, hakimiyyətdə olduğu müddətdə ilk dəfə həmin hücum zamanı könül xoşluğu və rahatlıqla yata bilmişdi. Baxmayaraq ki, bütün dünya İranın ABŞ bazasına hücumlarını seyr edir və ürəyində dərin əndişə daşıyırdı. Donald Tramp isə hər şeyə arxayın şəkildə yataqda xorulduyurdu. Çünki İran rəhbərliyi ondan ABŞ hərbi bazasının boş sahələrinə qürurunu xilasetmə zərbələri endirmək icazəsi almışdı. Bir çoxları Donald Trampın bu sözlərinə şübhə ilə yanaşsa da, İranın ikinci qisas zərbəsində ABŞ-ın sabiq prezidentinin nağıl uydurmadığı ortaya çıxdı. Bilirsiniz ki, İsrail bu il İranın quruluşunun 45-ci ildönümü günü – 1 apreldə ölkənin Suriyadakı baş konsulluğuna zərbələr endirdi və nəticədə SEPAH-ın Qasim Süleymanidən sonra ən güclü generalının da aralarında olduğu 8 hərbçisini öldürdü. Növbəti dəfə yenidən Cəmkəran məscidinin üzərində qırmızı bayraq dalğalanmağa başladı. Üzərindən 2 həftə keçməmiş İran nəinki təkcə İsrailə, hətta bütün dünyaya 8 saat əvvəldən “hazır olun, mən İsraili vururam” deyib 300-dən artıq raket və silahlı dron atdı. Əvvəlcədən hücum xəbəri verildiyi üçün bu raket və dronların böyük əksəriyyəti İsrailə çatmamış göydə zərərsizləşdirildi. Yəqin ki, İranın budəfəki qisası da belə olacaq”.

Heydər Oğuzun fikrincə, İranın bu dəfəki “qisası” daha mütəvazi ola və birbaşa İsrailə yönəlməyə bilər:

“Bunun başlıca səbəbi İsrailin də özünə yönələn “qisas” əməliyyatını dördgözlə gözləməsidir. Zatən buna görə bir gündə həm Hizbullahın, həm də HƏMAS-ın liderlərinə sui-qəsd düzənlədi. Məqsəd İranı bu müharibəyə cəlb etmək və onu ABŞ-a “döydürtməkdir”. Məhəllənin dəcəl uşağı kimi şəhərin ən güclü “qabadayısı”na güvənən İsrailin İranı müharibəyə cəlb etmək üçün bu sui-qəsdləri düzənlədiyi ortadadır. İran da bunu yaxşı anlayır. Odur ki, “qisas zərbəsini” İsrailə yox, başqa yerə endirəcək”.

Heydər Oğuzun fikrincə, İranın başqa ölkəyə zərbə endirməsi ehtimalını gücləndirən bəhanələr də artıq ortaya çıxıb:

“SEPAH-ın iddialarına görə, guya İsmayıl Haniyəni vuran raket zərbəsi xarici ölkələrdən birindən atılıb. Amma indiyədək hardan atıldığını bildirməyiblər. Görünür, vurula biləcək ən zəif nöqtəni hələ müəyyənləşdirməyiblər. Zərbə endirdikdən sonra “bizə raket ordan atılmışdır”, - deyəcəklər.

Tehrana ən yaxın xarici ölkələrdən birinin Azərbaycan, digərinin isə Türkmənistan olduğunu xatırladan siyasi şərhçi rəsmi Bakını cənubdan gələ biləcək sürprizlərə hazır olmağa çağırır: “Dərd burasındadır ki, bizdən və ya Türkmənistandan Tehrana ən qısa məsafə 100 kilometrlərlə ölçülür. Məsələn, Azərbaycanın cənub-şərqindəki Astaradan İranın paytaxtına 450-500 kilometrdir. İsmayıl Haniyyəyə atılan raket isə böyük dağıntıya yol açmayıb. Sadəcə HƏMAS liderini və qorumasını öldürüb. Bir də onun qaldığı otağın divarını və pəncərəsini zədələyib. Bu isə o deməkdir ki, raket çox balaca olub. Həmin balaca və nöqtə atışı qabiliyyətinə malik raketin 100 kilometrlərlə məsafəni qət etməsi, şəxsən mənə inandırıcı görünmür. Görünür, İran raketin öz ərazisindən atılmasını etiraf etməkdə çətinlik çəkir. Çünki bu onun əks-kəşfiyyat orqanlarının nə qədər zəif olduğunu göstərir. İran isə öz təhlükəsizlik qurumlarının üzərinə toz qondurmamaq üçün daha zəif qurban axtarır”.

Bəs İranın bir başa İsrailə hücumu nə ilə nəticələnə bilər? Bu, iki dövlət arasındakı savaşa çevrilərmi?

Heydər Oğuzun fikrincə, İran-İsrail savaşı ötən il oktyabrın 7-də Qəzzada başlayan gərginliklə zatən başlayıb:

“İki gün öncə, eyni zamanda həm Livanda Hizbullah, həm də İranda HƏMAS liderinin öldürülməsi də bu savaşın yeni həmlələridir. Və hər iki liderin öldürülməsi əslində İranın Müdafiə sisteminə vurulmuş həyati zərbədir. Belə ki, hava hücumundan güclü müdafiə sistemləri olmayan ölkələr bu problemi adətən fərqli metodlarla aradan qaldırmağa çalışırlar. Məsələn, Rusiya, Şimali Koreya kimi ölkələr bunu nüvə silahları ilə kompensasiya edirlər. Düşmənlərinə göstərirlər ki, əgər mənə hücum etsəniz, nüvə silahlarının düyməsini basaram. İranın isə nüvə silahları yoxdur və ya güclü deyil. O da zəifliyini İsrail və ərəb ölkələri ətrafında yaratdığı proksi qüvvələrlə əvəz edib. Bununla düşmənlərinə mesajı verir ki, nəbadə mənə hücumu ağlınızdan keçirəsiniz, əks halda proksi qüvvələrinin düyməsini basaram, sizin altınızı üstünüzə çevirərlər. İranın bu strateji silahlarından biri də İsrailin tam qulağının dibində yerləşən Hizbullah və HƏMAS-dır. Bu ölkənin düşmənləri həmin qüvvələri tamamilə yox etmədən onunla savaşa başlamazlar. Proksi qüvvələrin tamamilə yox olunması İranı tamamilə tükənmiş hala sala bilər və onu rahatlıqla demokratik dünyaya inteqrasiyaya vadar edər. Məncə, bu gün həm İsrail, həm də onun əsas strateji müttəfiqi də İranı tamamilə ram etmək prosesinə proksi qüvvələrdən başlayıblar. HƏMAS-ı ciddi şəkildə zəiflətdikdən sonra Hizbullaha keçilməsinin sirri də bundadır. Hizbullahı sıradan çıxarmağa nail olsalar, həm Livana, həm də Suriyaya nəzarət edə biləcəklər. Ondan sonra sıra, təbii ki, İraqdakı Həşdi Şabi və Yəməndəki husilərə gələcək. SEPAH-la hesablaşmanı isə İrana saxlayacaqlar. Əlbəttə ki, İran proksi qüvvələrini itirdikdən sonra da “dirəniş oxu” siyasətini davam etdirərsə. Mən şəxsən proksi qüvvələri kimi strateji silahını itirdikdən sonra İranın savaşı davam etdirəcəyinə inanmıram”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR