İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızıldaş sakinləri uçqun təhlükəsi altında: köhnə bağça zibilliyə çevrilib

Qaradağ rayonunun Qızıldaş qəsəbəsi, korpus 32 ünvanında yaşayan sakinlər evlərinin yaxınlığında yerləşən köhnə bağça binasının zibilxanaya çevrildiyini bildirirlər.

Musavat.com-a müraciət edən qəsəbə sakini, mənzil 2 ünvanda yaşayan Eyvaz Hüseynov deyir ki, vaxtı ilə 302 saylı bağça kimi fəaliyyət göstərən bina həmçinin uçma təhlükəsi ilə üz-üzə qalıb. Onun sözlərinə görə, həm evlərinin yaxınlığında anti-sanitariya şəraiti hökm sürür, həm də bina hər an uçub sakinlərdən birinə zərər verə bilər:

“Bu bina vaxt ilə bağça binası kimi istifadə edilib, indi isə boşdur. Binanın özü də təhlükə saçır. Məsələ ilə bağlı Sanitar- Kommunal istismar İdarəsinə müraciət etdik,  reaksiya verilmədi. Daha sonra isə Qaradağ rayon Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etdik. Mərkəzdən gəlib baxış keçirdilər və bildirdilər ki, ərazi təcili təmizlənməlidir, anti-sanitariya hökm sürür.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə də müraciət etmişdik. Oranın direktoru Sara Həsənovanın adından gələn məktubda deyilirdi ki, görülən tədbirlərin nəticəsi barədə 5 iş günü ərzində sakinlərə məlumat verilsin. Qaradağ rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sevil Bədəlovanın adından gələn məktubda isə qeyd olunurdu ki, ərazidə 5 gün ərzində təmizlik işləri aparılacaq və tullantılar tam təmizlənəcək və oraya əlavə zibil konteynerləri yerləşdiriləcək. Çünki ərazidə bu konteynerlər çatışmadığı üçün sakinlər zibilləri bağçanın içinə atıb. Daha sonra 126 sayı MKİS-in müdiri ərazinin təmizləndiyi barədə Qaradağ Rayon İcra hakimiyyətinə məlumat verdi. Halbuki ərazi təmizlənməmişdi. Elə görüntü yaradıldı ki, guya təmizlik işləri aparılır. Biz növbəti dəfə şikayət edəndən sonra bağçanın çox kiçik hissəsini təmizlədilər. Qaradağ MİS-dən bildirilir ki, bağça onların ərazisinə daxil deyil.  Bakı Şəhər İcra Hakimiyyətindən də eyni söz deyilir. Biz bu ərazinin, binanın hansı qurumun balansında olduğunu tapa bilmirik. Bu bina uçub hansısa bir körpə uşağın üzərinə düşsə, O zaman kimin balansında olduğu bilinəcək? Binanın ərazisində xəstəlik baş alıb gedir. Ölmüş heyvanın qalıqlarını atırlar, anti-sanitariya baş alıb gedir. Bakı şəhəri üzrə Təhsil idarəsinin əməkdaşları da binaya baxış keçiriblər və bildiriblər ki, ərazi Əmlak Məsələləri Dövlət Komitəsinin balansındadır. Biz bu binanın haraya aid olduğunu tapa bilmirik.

Gecələr binanın içində zibilləri yandırırlar, FHN-ə müraciət edirik, gəlib söndürürlər. Sakinlər də zibili bu binaya ona görə atır ki, ətrafdakı 4 korpusun əhatəsinə zibil yeşikləri yoxdur. İydən, qoxudan, siçovulların əlindən evimizdə otura bilmirik. Hər an xəstəliyə yoluxa bilərik. Narkomanlar bu binaya yığışır gecələr”. 

Qaradağ rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov Musavat.com-a bildirib ki, bağça 2007-ci ildən fəaliyyətini dayandırıb və  icra hakimiyyəti heç bir müdaxilə edə bilmir: “Çünki bu, bizim deyil, Elm və Təhsil Nazirliyinin səlahiyyətindədir. Dəfələrlə yazılıb, hər kəsin xəbəri var”. 

Məsələ ilə bağlı nazirliyə sorğu ünvanladıq və Bakı şəhəri üzrə Təhsil idarəsinə yönləndirildik. İdarədən sorğumuza belə cavab verildi: “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən 302 saylı bağça fəaliyyət göstərmir”.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR