Onlayn ictimai-siyasi qəzet
İtaliya paytaxtında ABŞ-la İran arasında sonuncunun nüvə proqramı ilə bağlı sayca 5-ci danışıqlar başlanıb.
Musavat.com xəbər verir ki, məlumatı İSNA agentliyi yayıb.
Bildirilir ki, İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edir. ABŞ nümayəndə heyətinə Dövlət Departamentinin Siyasət Planlaması üzrə direktoru Maykl Anton, İran nümayəndə heyətinə isə xarici işlər nazirinin müavinləri Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi, həmçinin Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmail Baqai daxildir.
Məsləhətləşmələr Oman səfirinin iqamətgahında keçirilir. Danışıqlarda vasitəçi qismində Omanın xarici işlər naziri Bədr əl-Busaidi çıxış edir.
İran Xarici İşlər Nazirliyi bu danışıqlarda əsas məqsədin ABŞ-ın daim dəyişən mövqeyini aydınlaşdırmaq olduğunu bildirib.
Vaşinqton əvvəlcə maksimum 3,67 faiz zənginləşdirmə səviyyəsinə razılaşdı (2015-ci il nüvə sazişində nəzərdə tutulan eyni şərtlər, lakin ABŞ-ın 2018-ci ildə sazişdən çıxması səbəbindən İran zənginləşdirmə səviyyəsini 60 faizə qədər çatdırıb), lakin indi bütünlüklə uranın zənginləşdirilməsindən imtina tələb edir. Tehran bu təklifi rədd etdi, çünki bu, onu sənaye və tibbi məqsədlər üçün istifadə edilən nüvə proqramını məhdudlaşdırmağa məcbur edəcək.
İran və ABŞ arasında danışıqların birinci raundu aprelin 12-də Maskatda, ikincisi aprelin 19-da Romada, üçüncü və dördüncüsü aprelin 26-da və yenidən Omanın paytaxtında mayın 11-də keçirilib.
Romadakı danışıqlarla eyni gündə İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ-ı Yaxın Şərqdə “yeni Vyetnam və Əfqanıstan”la hədələyib:
“Amerika daha bir yanlış hesablama aparır və onun yalançı prezidenti Yaxın Şərqə səfər edərək, İranın dost ölkələrini ona qarşı yönəldir. Məqsəd bu ölkələrdən milyardlarla dollar mənimsəməklə, öz iqtisadi çətinliklərini yüngülləşdirmək və daxili problemləri həll etməklə məhv olmuş iranofobiyanı dirçəltməkdir.
Lakin Amerika İranın hər zaman sülhsevər siyasətinin regionda sabitliyə və təhlükəsizliyə yönəlmiş olduğunu dərk etmir. Hər hansı bir təxribat halında ABŞ Vyetnam və Əfqanıstana bənzər məğlubiyyətlərə məhkumdur”.
Musavat.com
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ