İnsanlara hürriyət, millətlərə istiqlal!

İran mollalarının Hacı Şahini “öz adamları” kimi təqdim etmək hiyləsi

Tehran rejimi nüfuzlu ilahiyyatçının ölümündən istifadə edərək inanclı kəsimi ələ keçirmək istiqamətində aktivləşib

“Proseslərin təhlili göstərir ki, Azərbaycan-İran münasibətlərinin gərginləşməsi fonunda İran geriyə addım atmaq niyyətində deyil. Bu gün əsas hədəf və niyyət müxtəlif yollarla Azərbaycana təzyiqləri artırmaq, Azərbaycanın mövqeyinin dəyişməsinə nail olmaqdır”.

“Yeni Müsavat” bildirir ki, bu fikirlər deputat Ceyhun Məmmədova məxsusdur. Deputatın sözlərinə görə, təxribatlar məqsədlə İran bir neçə istiqamətdə ciddi iş aparır. C.Məmmədov daha çox din və təhlükəsizliklə bağlı məsələlərə diqqət çəkib: “Bu gün İran Azərbaycanda dini fəaliyyət sahəsində cərəyan edən proseslərə təsir imkanlarının daha da gücləndirmək üçün bütün potensialını ortaya qoyub. Əvvəl də qeyd etmişdim, Hacı Şahinin bir sıra məsələlərdə Azərbaycan hökumətinin mövqeyini dəstəkləməsi, səfirliyə təşkil olunan hücumu pisləməsi İran rəsmi dairələrində çox ciddi qıcıq doğururdu. İranın yanaşması belə idi ki, Hacı Şahinin bu mövqeyi Azərbaycan şiələrinin dövlətə qarşı vahid mövqedən çıxış etməsinə mane olur. Ona görə tez-tez Hacı Şahin bir sıra dini qrupların hədəfinə çevrilərək xəyanətdə və hakimiyyətə işləməkdə günahlandırılırdı. Bu təbliğat, ona qarşı psixoloji təzyiqlər son illər davamlı xarakter almışdı. Bu gün İran yenidən Hacı Şahinin dünyasını dəyişməsindən istifadə edərək Azərbaycan şiələrinin hakimiyyət əleyhinə vahid mövqe nümayiş etdirməsinə nail olmaq üçün bütün gücünü və potensialını ortaya qoyub. Yeni tezis isə belədir: bütün ixtilaflar kənara qoyulmalı, Azərbaycan dövlətinə qarşı müqavimət gücləndirilməlidir. Burada həm də yeni taktikadan istifadə olunur. Əvvəlki dövrlərdə Hacı Şahini sərt tənqid edən qruplar indi yeni yanaşma nümayiş etdirirlər. Onun elektoratını ətraflarına toplamaq üçün ona rəhmət oxuyur, dünyasını dəyişməsinə sevinmədiklərini, bütün şiələrin vahid mövqe nümayiş etdirməsinin vacib olduğunu israrla qeyd edirlər”. Deputat “Biz nə etməliyik?” - sualına cavabında bildirib: “Dini fəaliyyət sahəsində islahatları daha da sürətləndirməliyik. Ən qısa müddətdə "Məşədi Dadaş" məscidinə mötədil mövqeyə malik nüfuzlu şiə din xadimi təyin etməliyik. Eyni zamanda bu prosesi Bakıda və bölgələrdə fəaliyyət göstərən digər şiə məscidlərində də sürətləndirməliyik. Əks halda, sonrakı günlərdə prosesləri idarə etmək çox çətin olacaq. Hazırkı məqamda hadisələri qabaqcadan proqnozlaşdırmaq və qarşısını almaq çox önəmlidir. Onu da qeyd etmək lazımdır ki, buna paralel olaraq İran Azərbaycanla bağlı hədəflərinə nail olmaq üçün bir neçə istiqamətdə də ciddi iş aparır. Yeni planlardan biri də daxildə sabitliyi pozmaq və Azərbaycanın güclənməsinin qarşısını almaq üçün müxtəlif yerlərdə ardıcıl terror hadisələri törətməkdir. İran uzun illər ərzində ölkə ərazisində çoxlu minalar basdırıb. Bu prosesə hüquq-mühafizə orqanlarımız çox ciddi hazır olmalıdır. Peşəkar səviyyədə bütün potensial təhlükə mənbələri ən qısa müddətdə müəyyənləşdirilərək zərərsizləşdirilməlidir”.

Gənclərin sevgisini qazanan deputat - Ceyhun Məmmədov

Ceyhun Məmmədova

Qeyd edək ki, İranın dini lideri Əli Xameneyinin Azərbaycandakı sabiq nümayəndəsi, təxribatçı mövqeyinə və İranın gizli maraqlarına xidmət etdiyinə görə ölkədən qovulan Əli Əkbər Ocaq Necat bugünlərdə dünyasını dəyişən ilahiyyatçı Hacı Şahin üçün İranın Qum şəhərində anım məclisi təşkil edib. Tədbirdə danışan Ocaq Necat Hacı Şahinin Nəcəfdə, Qumda təhsil almasa da, İrandan gələn ruhanilərdən dərs aldığını iddia edib. Yenə dini məzhəbçiliyi xüsusi qabardan Ocaq Necat guya Azərbaycan möminlərinə canıyananlıq nümayiş etdirərək, Hacı Şahinin vaxtsız vəfatına kədərləndiyini əlavə edib. Ümumiyyətlə, İranın din xadimlərinin Azərbaycanın dini mühitinə ziyanlı təsiri, dini məzhəbçilik pərdəsi altında İranın molla rejiminin təbliğatını yayması danılmaz faktdır. İndi isə Azərbaycanda həm inanclılar, həm də sekulyar kəsimin rəğbət bəslədiyi dəyərli ilahiyyatçısına anım mərasimi keçirməsi, onun xidmətlərini  İrandan gələn mollaların adına çıxması ondan xəbər verir ki, molla rejimi hər fürsətdən istifadə etməyə çalışır. Elə Hacı Şahinin vəfatından və dəfnindən də İran tərəfindən bu cür məqsədlər üçün istifadə cəhdləri görünməkdədir.

Asif Nərimanlı: "O başqa məsələ ki, İran Azərbaycanı yox, Ermənistanı sevir"

Asif Nərimanlı 

Siyasi şərhçi Asif Nərimanlı bizimlə söhbətdə qeyd edib ki, İran mollaları Hacı Şahini  sevmirdi, xüsusilə son illər onun haqqında “saray mollası” təbliğatı aparılırdı: “Bu, səbəbsiz deyil. Vaxtilə İran rejiminin Bakıda təsir ocağı kimi tanınan "Məşədi Dadaş" məscidinin yenidən dinə qaytarılmasında rol oynamışdı. Eləcə də inanclı kəsim üzərindəki nüfuzu molla rejiminin bu kütləyə təsirinə mane olurdu. Bəlli idi ki, şeyxdən sonra QMİ-nin sədri, əslində isə daha nüfuzlu dini lider olaraq önə çıxacaqdı. Nardaran hadisələrindən sonra dövlət İranın Azərbaycandakı dini təsirinə qarşı mübarizəni aktiv mərhələyə keçirdi. Bu prosesdə "təsir agentləri"nin neytrallaşdırılması ilə yanaşı, milli dini liderin hazırlanması da əhəmiyyətli idi, çünki ölkə əhalisinin yarısından çoxunun inancı olan şiəliyi dəyişmək yox, bunu “Xomeyniçilikdən” ayırmaq, Əhli-Beyt eşqinin Azərbaycan insanı üzərində İran siyasətinə alət olmasının qarşısını almaq lazımdır. Hacı Şahin təkcə millət yox, dövlət tərəfindən də bu obrazda qəbul olunurdu. İran şübhəsiz ki, Hacı Şahinin ölümündən istifadə edərək, onun nüfuz etdiyi inanclı kəsimi yenidən ələ keçirmək istiqamətində aktivləşəcək. Bu baxımdan, Hacı Şahinin nüfuz etdiyi kəsimə bundan sonra kimin xitab edəcəyi əhəmiyyətlidir".

Qadın və kişilər üçün ayrıca çimərlik olmalıdırmı? – DİNİ YANAŞMA | Gənc  Ailə

Kənan Rövşənoğlu

Dini mövzular üzrə ixtisaslaşmış jurnalist Kənan Rövşənoğlu isə qeyd edib ki,  Hacı Şahin nə qədər vətənpərvər, Azərbaycan kimliyinə bağlı bir şəxs olduğunu hələ sağlığında fəaliyyəti ilə isbat edib: “Məhz elə kənar qüvvələrin dindən istifadəsinin qarşısının alınmasına çalışıb. Odur ki,  ona və onun sevənlərə bu iftiralar yapışmaz. Bütün bunlar qərəzdən doğan absurd ittihamlar olmaqla yanaşı, həm də məqsədli, hiyləgərcəsinə xof yaratmaq və çirkli suda kirli əməlləri həyata keçirmək cəhdidir. Çox şükür ki, bu cür ittihamlar xalqın kimliyinə, inancına olan bağlılığına təsir edə bilmir. Bunun ən gözəl örnəyini Azərbaycan ötən həftə dəyərli din xadimi, inanc insanı Hacı Şahinə münasibətdə ortaya qoydu”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR