İnsanlara hürriyət, millətlərə istiqlal!

"İran İsrailə raket zərbələri endirməklə Tehranın imicini xilas etdi" - Politoloq şərhi

"Genişmiqyaslı müharibə yalnız o zaman başlaya bilər ki... "

"İranın İsrailə raket zərbələri endirməsi Tehranın imicini xilas etmək üçün idi. Çünki günlər keçir, İsrailə cavab verilmirdi, bu da beynəlxalq aləmdə İranın zəiflliyi görüntüsünü gücləndirirdi".

Musavat.com bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, İran İsrail ərazisinə yüzlərlə raket tuşladığına baxmayaraq, İsrailə zərər böyük deyil, raketlərin əksəriyyəti havada neytrallaşdırılıb:

elxansahinoglu (3).jpg (43 KB)

"Əgər İsrail raket zərbələrinə cavab verməsə, Tehran işini bitmiş hesab edəcək. Ancaq İsrail cəmi bir raketlə İranın konsulluq binasını dağıtmış, İran İslam Keşikçilərinin generallarını öldürmüşdü. İranın raket zərbələri nəticəsində isə İsraildə ölən yoxdur. Yəni İranın cavabı adekvat olmadı, gücü bu qədərdir. Bu, bir növ Amerikanın iranlı general Qasım Süleymanini öldürməsinə bənzəyir. İran intiqam vədi vermiş, ABŞ-ın İraqdakı boş hərbi bazasına bir neçə raket tuşlamışdı. Bununla da məsələ bitmişdi".

Politoloqun fikrincə hadisələrin iki istiqamətdən biri üzrə inkişafı mümkündür və bu istiqamətləri İsrailin baş naziri Benyamin Netanyahu müəyyənləşdirəcək:

"Tehran məsələnin bitməsini istəyir, ancaq bunu Tel-Əviv istəyirmi, bəlli deyil. Birinci variant odur ki, Benyamin Netanyahu da Tehran kimi məsələni bitmiş hesab edəcək və İranla müharibəyə girişməyəcək. ABŞ prezidenti Cozef Baydenin də istəyi budur. Bayden Netanyahuya başa salmağa çalışacaq ki, “Sən vurdun, səni də vurdular, İsrailə zərəri olmadı, bu, kifayətdir”.

İkinci variant isə odur ki, Netanyahu İranı yenə hansısa formada vurmağa çalışacaq. Bu isə genişmiqyaslı müharibənin başlamasına və Avrasiya bölgəsinin müharibəyə cəlb edilməsi demək olacaq. Tel-Əvivin Qəzza problemini həll etmədən İranla müharibəyə başlaması İsrailin maraqlarına cavab vermir. İki cəbhədə savaşmaq çətin olacaq. Məntiqlə Tel-Əviv İran məsələsini sonraya saxlamalıdır. Seçim Netanyahunundur".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR