İnsanlara hürriyət, millətlərə istiqlal!

İran İsrailə cavab verəcəkmi? Ekspert TƏHLİLİ

İlk yayımlanma zamanı: 12.04.2024 - 20:42

Tehran Dəməşq hücumuna adekvat cavab hazırlayır, mümkün ssenarilər nələrdir?

Düz 10 gündür ki, dünyanın diqqəti Yaxın Şərqdədir. İranın İsrailə necə cavab verəcəyi mövzusu dünya paytaxtlarında əsas müzakirə mövzularından biridir.

Aprelin 2-də İsrail ordusu Suriyanın paytaxtı Dəməşqdə İranın səfirliyinin konsulluq binalarından birini vurması nəticəsində konsulluq binası dağıdıldı və ikisi general olmaqla 8 İran vətəndaşı öldürüldü. Bu, görünməmiş hadisə idi. Məsələ ondadır ki, İsrail ordusu 10 ilə yaxındır ki, vaxtaşırı olaraq Suriya ərazisindəki İran hərbçilərini hədəfə alır, ötən müddətdə general da daxil olmaqla çox sayda İran hərbçisi İsrail ordusu tərəfindən öldürülüb.

Ancaq bu dəfəki əməliyyat fərqli idi. İsrail ilk dəfə olaraq İranın səfirlik binasını vurmuşdu və binada İran ordusunun Yaxın Şərqdəki əməliyyatlarını idarə edən mühüm şəxslər öldürülmüşdü. Artıq bu hadisə ilə bağlı ölkənin dini lideri, prezident və ordu generalları qisas vəd ediblər.

OISRAELIRAN_P1.jpg (65 KB)

İsrail də boş dayanmayıb. Dəməşq hücumundan dərhal sonra 28 ölkədə səfirlik və diplomatik təmsilçiliklərinin fəaliyyətini məhdudlaşdırıb, ölkədə hərbi vəziyyət elan olunub, hava hücumundan müdafiə sistemləri və hərbi aviasiya yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. İsrail dövlət rəsmiləri, o cümlədən, müdafiə naziri xəbərdarlıq edib ki, İranın zərbələrinə analoji cavab veriləcək.

ABŞ prezidenti Cozef Baydenin və dövlət katibi Entoni Blinkenin İsrailə İran hücumlarına qarşı dəstək vədi onu göstərir ki, Tehranın cavab addımı ciddi risk daşıyır. ABŞ Dövlət Departamenti isə açıq şəkildə xəbərdarlıq edib ki, Yaxın Şərqdə gərginliyin yüksəlməsi İranın da ziyanına ola bilər.

İndi hər kəsi düşündürən sual ondan ibarətdir ki, Qəzzada müharibənin davam etdiyi, Livanda sərhəd döyüşlərinin, Yəmən husilərinin və İraq silahlı qruplarının İsraili atəşə tutduğu və bütün dünyanın diqqətinin İsrailin üzərində olduğu bir vaxtda nədən İranın Suriya paytaxtındakı diplomatik təmsilçiliyi hədəfə alındı? Belə bir həssas məqamda “ikinci cəbhə” İsrailin nəyinə lazım idi?

Yuxarıda da qeyd edildiyi kimi, İsrail haradasa 10 ilə yaxındır Suriyada hərbi mövqelərini, o cümlədən İran və ona bağlı silahlı qrupları hədəfə alır. Ancaq ilk dəfə səfirliyi vurdu. O da sirr deyil ki, Dəməşqdə "səfirlik binasını vur" əmrini verənlər regionda gərginliyin daha da yüksələcəyini, İranın mümkün cavab ehtimalını nəzərə alıblar.

1655795153948 (1).jpg (56 KB)

Başqa sözlə, Dəməşqdə səfirliyin vurulması spontan, hansısa hərbçinin şəraitə uyğun qərarı deyil, planlaşdırılmış hərbi aksiya olub. Bu aktın əsas hədəfi isə İranı birbaşa hərbi əməliyyatlara cəlb etmək - başqa sözlə, İranla müharibə olub.

İlk baxışda çox riskli qərar kimi görünsə də, belə görünür ki, İsrail hakimiyyəti üçün hazırda ikinci bir savaş cəbhəsinin açılması, xüsusən də Yaxın Şərqdə İsrailə qarşı Proxy qrupların əsas dəstəkçisi olan İranla yekun haqq-hesab çəkmək lazımdır. Məhz bu səbəbdən 6 aydır davam edən və İsrail üçün ciddi başağrısına çevrilmiş Qəzza müharibəsindən diqqətləri yayındırmaq və Tehranı böyük müharibəyə çəkmək üçün İsrail bu şəkildə riskli addıma getdi. İndi isə necə deyərlər, top İranın meydanındadır...

Əlbəttə ki, Tehranda da bunu yaxşı başa düşürlər. Müşahidəçilərin fikrincə, cavab aktının uzanmasının arxasında dayanan amillərdən biri də budur. Buna görə də düşünürəm ki, İran İsrailə qarşı cavab addımında bir neçə amili nəzərə alacaq.

1. Əvvəla, İranın cavab zərbəsi ölçülü, yəni İsrailin Dəməşq hücumuna adekvat olmalıdır. Çünki zəif və ya sönük cavab Tehranın hərbi-siyasi nüfuzunu zərbə altında qoya bilər. Bu isə İranın regional hərbi-siyasi planlarına uyğun deyil.

2. Cavab zərbəsi İsrailin hədəfinə, yeni qlobal müharibənin başlaması üçün əsas yaratmamalıdır. Daha dəqiqi, İranın cavab zərbəsi elə olmalıdır ki, ABŞ, NATO buna görə İrana qarşı cəbhədə yer almasın, beynəlxalq ictimai rəy İrana qarşı çevrilməsin. Çünki Tehran başa düşür ki, İsrail və Qərb koalisiyasına qarşı faktiki olaraq təkdir, müharibə nəticəsində təklənə bilər.

Bütün bunları nəzərə aldıqda İranın İsrailə mümkün cavab zərbəsi ilə bağlı bir neçə mümkün versiya sadalanır. Bu versiyalar aşağıdakılardır:

bpmh41gc_israel-iran-conflict_62.jpg (199 KB)

1. Cavab zərbəsi birbaşa İsrail ərazisinə endirilir, İsrailin hərbi, strateji infrastruktur obyektləri bombalanır. Ancaq cavab olaraq İsrail İrana zərbələr endirir və nəticədə yeni müharibə alovlanır.

2. İran İsrailin region ölkələrində yerləşən diplomatik və ya kəşfiyyat təmsilçiliklərini vurur. Bu zaman İran İsraillə yanaşı, ərazisini vurduğu ölkə ilə problemlər yaşayır və ciddi beynəlxalq qınaqla üzləşir. Bu, geniş mənada İranın maraqlarına cavab vermir.

3. İran zərbələri İsrailin BMT tərəfindən tanınmış sərhədləri daxilinə deyil, beynəlxalq hüquqa görə işğal ərazisi hesab olunan Colan təpələri və Livanın cənubundakı işğal nöqtələrinə endirir. Bu zaman İsrail cavab versə də, beynəlxalq aləm tərəfindən işğal əraziləri hesab olunan yerlərə görə İran qınaqlardan xilas ola bilər.

4. Cavab zərbələri zamanı İran ordusu deyil, regiondakı proxy qüvvələri İsrail ərazisindəki hərbi obyektləri və şəxsləri hədəfə alır. Bu zaman Tehran ciddi beynəlxalq qınaqla üzləşməz, üstəlik indiki vaxtda yeni müharibəyə səbəb olmadığı üçün Vaşinqtonla diplomatik kanalları tamamilə qapatmaya bilər. Ancaq bu zaman cavab zərbəsi adekvat sayılmayacaq.

Belə görünür ki, Tehran sadalanan variantlar və digər mümkün vasitələr üzərində çalışır və ən əsası məqsədli şəkildə qisas əməliyyatı yubadılır. Çünki bununla İsrail daha uzun müddət gərginlik altında saxlanılır, bu da əsəb müharibəsinin bir elementidir.

Əlbəttə, Tehranın hansı formada cavabı verəcəyini demək çətindir. Lakin aydındır ki, İran hakimiyyəti cavab zərbəsini həm də hərbi-siyasi situasiyanı nəzərə alaraq planlaşdıracaq. Bu isə o deməkdir ki, qisas əməliyyatı daha da uzana bilər, hətta o qədər ki, unudulana qədər.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR