İnsanlara hürriyət, millətlərə istiqlal!

İran etirazları niyə “sönmür?”

Prezident İbrahim Rəisi etirazçılara “milçək” dedi, gərginlik daha da artdı

İranda iğtişaşlar davam edir. Bir neçə günlük zəifləmədən sonra hakimiyyət əleyhinə etirazlar yeni alovlanıb. Bu dəfə etiraz aksiyaları əsasən universitetlərdə və orta məktəb şagirdləri arasında daha geniş yayılıb. Yeniyetmə və gənclərin hərəkətlənməsi İran hakimiyyətini narahat edib.

İran prezidenti İbrahim Rəisinin Tehranda mühafizəkar hesab edilən əz-Zəhra qadın universitetini ziyarət etməsi bu məqsədə, yəni gəncliyə xitab məqsədinə xidmət etməli, gənclər arasında hakimiyyətə dəstəyin olduğunu göstərməli idi. Ancaq gözlənilmədən prezident tələbələrin etirazları ilə üzləşib. Universitetin içərisində tələbələr qarşısında çıxış edən İbrahim Rəisi həyətdə toplaşan tələbələrin şüarlarını dinləməli olub. Prezidentin çıxışında etiraz edənlər haqqında “zəhlətökən milçəklər” ifadəsini işlətməsi auditoriyada narazılıqla qarşılanıb. “Rəisi, cəhənnəm ol” şüarları səsləndirilib.

Ümumilikdə son günlər Tehranın bir neçə universitetində, o cümlədən Şiraz, Zəncan kimi şəhərlərdə də etiraz aksiyaları davam edir. Sentyabrın 17-dən bu yana davam edən iğtişaşlarda güc strukturlarının ən azı 20 əməkdaşı həlak olub. Hüquq-müdafiə təşkilatları rejim əleyhdarlarından ən azı 185 nəfərin, o cümlədən 20-ə yaxın uşaq və yeniyetmənin qətlə yetirildiyi barədə məlumat verib. Bir çox regionlarda hakimiyyət bütün məktəbləri və ali təhsil müəssisələrini bağlayıb. Onlarla şəhərlərdə güc strukturları nümayəndələrinin məktəblilərin arxasınca qaçdığını göstərən videolar sosial şəbəkələrdə yayılıb. Onlar məktəblərə soxularaq, elə oradaca qızları döyüb həbs edir. İran müxalifətinin məlumatına görə, etiraz nümayişlərinin yatırılması üçün hakimiyyət dəyənəklərdən, gözyaşardıcı qazladan və odlu silahdan istifadə edir. İran hakimiyyəti odlu silah işlədilməsi faktını inkar edir. İran prezidentinin təhlükəsizlik orqanları rəhbərləri ilə son görüşündə etitazçılara təzyiqin artırılması qərara alınıb.

İran hakimiyyəti ənənəvi olaraq hadisələrin qızışmasında xarici dövlətləri, xüsusən də ABŞ və İsraili ittiham edib. Etirazların daha çox həssas etnik regionlar olan kürd şəhərlərində, habelə Sistan-Bəlucistan əyalətində baş verməsi İranın həssas nöqtələrinin hərəkətə gətirildiyini göstərir. Xatırladaq ki, bu ilin əvvəlində rəsmi Tehran “Xalqın Mücahidləri” qrupunun Əfqanıstan paytaxtına yerləşdiyini və buradan İranda təxribatlar hazırladığını iddia etmişdi. Belə görünür ki, İranda baş verən etirazlar həm də xaricdəki rejim müxaliflərini hərəkətə gətirib, onlar spontan başlayan etirazları rejim əleyhinə siyasi hərəkata çevirməyə çalışırlar.

İran hakimiyyəti isə hələlik etirazlara qarşı yalnız zor tətbiq etməklə reaksiya verir. Hökumətin son günlər təqaüdləri, eləcə də dövlət məmurlarının maaşlarını qaldırması daxildəki sosial-iqtisadi narazılığı sakitləşdirməyə hesablanmış addım olsa da, ümumilikdə rəsmi Tehran hələlik etirazların yatırılmasında siyasi addımlar ata bilmir və ya atmaq istəmir.

Son illərdə İranda baş verən ən radikal küçə etirazları hesab olunan Məhsə Amini iğtişaşları Tehrana qarşı yeni sanksiyalara səbəb ola bilər. Bir neçə gün əvvəl Tehranın iki fransız vətəndaşını İrandakı etirazları qızışdırmaqda ittiham etməsi Avropada qəzəblə qarşılanıb. İranda həbs olunan fransız qadının rəsmi dövlət televiziyasında “etiraf” çıxışı Parisi qəzəbləndirib. Gələn həftənin əvvəli Avropa İttifaqı XİN başçılarının toplantısında Tehrana qarşı yeni sanksiyaların qəbulu müzakirə olunacaq. Almaniyanın xarici işlər naziri Annalena Berbok bəyan edib ki, Avropa tərəfindən İranda etirazların yatırılmasına cavabdeh olanların ölkəyə girişinə qadağa qoyulmasına nail olmaq niyyətindədir. O, "Bild and Sonntag" qəzetinə müsahibəsində deyib ki, Avropa İttifaqı onların Avropa aktivlərini donduracaq. "Azad yaşamaq istəyən qadınları və qızları küçələrdə döyən, oğurlayanlar... tarixin əks tərəfindədir”, - o, bəyan edib.

Oxşar təkliflə Fransanın xarici işlər naziri Katrin Kolonna çıxış edib. O, deyib ki, Avropa İttifaqı "yüksək vəzifəli məmurları hədəfləməli və onları hərəkətlərinə görə məsuliyyətə cəlb etməlidir. Təklif edilən sanksiyalara "onların aktivlərinin və xaricə səfərlər etmək hüququnun dondurulması" daxildir.

Ancaq bu sanksiyaların “sanksiya çempionu” İran hakimiyyətinin siyasətinə ciddi təsirinin olacağı inandırıcı deyil. Əksinə, aksiyalara xaricdən açıq dəstəyin artması İran hakimiyyətinin aksiyaların xaricdə planlandığı ilə bağlı arqumentini gücləndirir. Bu mənada Tehranın Avropanın sanksiyalarını nəzərə alacağı inandırıcı deyil.

Bu gün Böyük Britaniyanın Tehrandakı səfiri XİN-ə çağırılıb və ona Londonun İran rəsmilərinə sanksiya tətbiq etməsinə cavab olaraq etiraz notası verilib.

Gözlənilən odur ki, İran hakimiyyəti aksiyaları xarici qüvvələrlə bağlamaqla daxildə sərt tədbirlərə əl atmaqda davam edəcək. Bununla da həm etirazları yatırmaq, həm də hökumət üçün təhdidə çevrilən qüvvələri əzməyə çalışacaq. Artıq bilindiyi kimi, İran hərbi qüvvələri İraq ərazisində kürd məntəqələrini bombalayır.

Bu gün isə daxili işlər naziri Əhməd Vəhidi bildirib ki, kürd rayonlarında etirazların qızışdırılmasında separatçı Komala, Kürdüstan Demokrat Partiyası (KDP) və Pejak kimi kürd qrupları iştirak edib. Bundan əvvəl isə hökumət kürd İraq ərazisində kürd rayonlarına silah və partlayıcı keçirildiyini elan edib. Həmçinin analoji siyasi xətt cənub-şərq bölgələrində həyata keçirilir. Hakimiyyət bəyan edib ki, 10 gün əvvəl Zahidanda baş verən iğtişaşların arxasında xarici qüvvələr dayanır. Xatırladaq ki, Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidanda polisin 15 yaşlı bəluc qızı zorlaması xəbərinin yayılmasından sonra cümə günü əhali polis idarəsinə hücum edib. baş verən toqquşmalarda onlarla insan, o cümlədən hökumət məmurları öldürülüb.

Güman ki, bundan sonrakı mərhələdə hakimiyyət orqanları xüsusən də həssas olan bəluclar və kürdlər arasında sərt addımlar atmaqla etirazlı yatırmağa çalışacaq. Lakin eyni zamanda daxildə də. Xüsusən də narazılığa səbəb olan “əxlaq polisi” və polis orqanlarının fəaliyyətində dəyişiklik olacaq. Bundan başqa müşahidələr göstərir ki. son etirazlarda hakimiyyəti ən çox narahat edən tələbələrin etirazları olub. Tələbə etirazlarının gücünü bilən İran hakimiyyətinin potensial təhlükə mənbəyi kimi gördüyü tələbə hərəkatına nəzarəti artıracaq. Artıq Şərif Universitetində baş verən iğtişaşları araşdırmaq üçün keçmiş rektorların təmsil olunduğu komissiya yaradılıb. Güman ki, digər universitetlər və orta təhsil müəssisələri ilə bağlı analoji addımlar atılacaq.

Son hadisələr göstərdi ki, İranda 40 il əvvəl islam inqilabını həyata keçirən hazırkı iqtidar gənclərdən ciddi şəkildə qopuqdur. İran gəncləri hakimiyyətin ideoloji siyasətini qəbul etmir və universitet camiəsində ciddi narazılıq və dərin ideoloji fikir ayrılığı var. Bu isə İran üçün xarici təhdiddən daha təhlükəlidir.

Müsavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR