İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Ermənistanın aldığı Hindistan silahlarına yol açarsa… - Bölgəni gözləyən ciddi TƏHLÜKƏ

Ermənistan Hindistandan 155 milyon dollar dəyərində 155 mm çaplı 84 ədəd qabaqcıl artilleriya sistemi olan “ATAGS” alacaq.

Bu barədə Hindistan mətbuatı yazıb.

Qərbə sığınıb, Rusiyadan üz döndərib, İrandan kömək uman, ortada qalan Ermənistan açıq və gizli şəkildə müharibə hazırlıqları görür, Qərbin əlində alət olur.

ERMENİLER EN SON.jpg (58 KB)

Bunun üçün hətta uzaq Hindistana da üz tutur.

Hələ 2023-cü ildə məlumat yayılmışdı ki, İrəvanla Dehli arasında 2022-ci ilin sentyabr ayında silahla bağlı müqavilə imzalanıb. Ermənistan mətbuatı yazırdı ki, həmin sənədin şərtlərinə əsasən, Hindistan Ermənistana təxminən 250 milyon dollarlıq silah tədarük edəcək. Söhbət əsasən “Pinaka” raket sistemlərinin və onların sursatlarının, eləcə də tank əleyhinə digər silahların satışından gedir. Bu silahlar Hindistanın yerli istehsalıdır. Onlardan daxili silahlanmada istifadə olunur. Həmin vaxt məlumat yayılmışdı ki, Ermənistana dəyəri təxminən 150 milyon ABŞ dolları olan “ATAGS” haubitsaları da tədarük ediləcək. Ermənilərin şəninə təriflər yağdırdıqları 155 mm-lik bu topların atış məsafəsinin 48 kilometrə qədər olduğu, dağ döyüş əməliyyatları şəraitində sınaqdan keçirildiyi və hazırda Hindistan ordusunun arsenalına 150 ədəd “ATAGS”ın daxil edildiyi bildirilir.

ATAGS.jpeg (79 KB)

Bəs İrəvan bu silahları hansı yoldan əldə edəcək?

Təbii ki, ağıla İrandan başqa ölkə gəlmir. Azərbaycan heç vaxt öz hava məkanından bu məqsədlər üçün istifadə olunmasına imkan verməyəcək.

Bəs İran necə?

Yaxın günlərə nəzər salaq:

Martın 6-da İrana rəsmi səfərə gedən Ermənistanın müdafiə naziri Suren Papikyan İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı doktor Məhəmməd Rza Qarai Aştiani ilə görüşüb. Görüş barədə yayılan məlumatda bildirilir ki, nazirlər qarşılıqlı maraq doğuran məsələlər barədə danışıb, regional və beynəlxalq məsələləri müzakirə ediblər.

PAPİKYAN.jpg (92 KB)

Maraqlısı budur ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Tehrana iki günlük rəsmi səfəri çərçivəsində İran İslam Respublikasının prezidenti İbrahim Rəisi ilə də görüşüb. Məlumdur ki, adətən nazirlər səfər çərçivəsində, protokol qaydalarına uyğun olaraq öz həmkarları ilə görüşürlər. Burada isə ümumi qaydalara uyğun olmayan hal müşahidə edirik.

Ekspertlər deyirlər ki, bu, heç də təsadüfü hal deyil. Azərbaycanın “Zəngəzur dəhlizi” məsələsindən narahat olan İran bu üsulla bir növ bizə təzyiq edir. Ancaq bu kimi addımlar bizdən çox İranın özünə zərər verəcək. Ermənilərlə dostluq və yaxınlıq edən heç bir dövlət indiyə qədər hər hansı bir uğurla üzləşməyib. Çünki əldə maşa olan Ermənistan həm bölgəyə təhdiddir, həm də onunla birgə iş tutanlara.

Papikyan səfəri ilə bağlı sosial şəbəkədə yazıb:

“İran İslam Respublikasına rəsmi səfər çərçivəsində İran prezidenti İbrahim Rəisi ilə görüşdüm. Görüş zamanı Ermənistan-İran əməkdaşlığı, o cümlədən müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Biz regional təhlükəsizlik məsələlərinə yanaşmalarımızı da bir-birimizə təqdim etdik”...

İran Ermənistanın Hindistandan aldığı silahları onun hava məkanından keçirməsinə imkan verməməlidir, çünki bu, ilk növbədə elə İranın özünə qarşıdır. Çünki açıq-aşkar görünür ki, Ermənistan tamamilə Qərbin nəzarətinə keçir. Son zamanlar Aİ missiyası Ermənistanda açıq şəkildə yerləşib və bu gün də fəaliyyətdədir. Fransanın və Qərbin təkidi ilə Ermənistan Rusiyanın hərbi əməkdaşlığından kənar qalır.

MİSSİON.jpg (180 KB)

Ölkədə Rusiya hərbi kontingentinin fəaliyyət çərçivəsi getdikcə daraldı və qarşıdan gələn dövrdə hətta buna tamamilə son qoyulması gözlənilir. Bu məsələdə Qərbin əsas məqsədi, şübhəsiz ki, Ukrayna və digər ərazilərdə olduğu kimi, Rusiyaya qarşı yeni cəbhə yaratmaqdır.

İndi İran da Hindistan silahları üçün hava yolunu açmaqla dolayısı ilə bu planın tərkib hissəsində yer alır.

İran bölgəyə yeni qüvvələrin cəlb olunması, yerləşdirilməsinə şərait yaradır. Bununla o, həm Rusiya, həm Türkiyə, həm də Azərbaycan üçün problemlər yaradır.

Bu ölkələrlə problem, bölgədə yaranan vəziyyət isə İranın özünü çıxılmaz duruma sala bilər...

Əli Rais,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR