İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Bakının notasına cavab verməyə söz tapmır

Həm raket  göndərilməsi, həm Qarabağa qanunsuz daxil olmalarla bağlı susqunluğun səbəbi  nədir?

14 nəfər İran vətəndaşının Qarabağa gəlişi ilə bağlı araşdırmalar bitməmiş, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki əraziyə keçmiş daha bir iranlı dəstə haqda məlumat əldə etmişik - bu dəfə Qarabağa İrandan 13 nəfərlik qrupun “təşrif buyurduğu” məlum olub.

Azərbaycan mediasının etibarlı mənbədən aldığı xəbərə görə, noyabrın 24-də 34-QA-444 nömrəli “Mercedes-Benz” avtomobil ilə Qarabağa keçmiş ilk qrupun gəlişindən cəmi 6 gün sonra - noyabrın 30-da buraya növbəti dəstə gətirilib.

Musavat.com-a mötəbər qaynaqdan verilən məlumata görə, oktyabr ayında İran gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərib.

Göndərilən raketlər Ermənistana satılmayıb, hədiyyə kimi, qarşılıqsız verilib. Verilən raketlərin 500 ədədi “Dehlaviyeh”, 100 ədədi isə “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksidir.

Qeyd edək ki, “Dehlaviyeh” TƏİR 2012-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sifarişi ilə, “Almas” kompleksi isə 2021-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının sifarişi əsasında hazırlanıb.

Onu da xatırlatmaq lazımdır ki, bir neçə gündür yerli KİV-lərdə 14 İran vətəndaşının rusiyalı sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərə keçməsi haqqında faktlar yayımlanır. İranın Azərbaycandakı səfirliyi isə hələ də məsələ ilə bağlı heç bir tutarlı cavab verməyib.

Ehtimal olunur ki, bu şəxslər vasitəsilə İran sözügedən raketlərin bir hissəsini Qarabağdakı separatçı-terrorçu dəstələrə də ötürüb.

Yayılan məlumatların əhəmiyyətini nəzərə alaraq, İran tərəfi həm Ermənistana raket hədiyyəsi, həm də Qarabağa göndərdiyi dəstələr haqda xəbərlərə gec-tez aydınlıq gətirməlidir.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi İran vətəndaşlarının qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə daxil olması ilə bağlı nota verib. “İran vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə gəldikdə, məlumata aydınlıq gətirilməsi məqsədilə İranın Azərbaycandakı Səfirliyinə müvafiq nota göndərilib. Hal-hazırda, məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir” deyə, məlumatda bildirilirdi. Amma 5 gün keçməsinə baxmayaraq, İran bu xəbərlərə aydınlıq gətirmək istəmir. Görünür, İran özünü “təmizə çıxarmağa” söz tapa bilmir. Həm raket  göndərilməsi, həm Qarabağa qanunsuz daxil olmalarla bağlı Bakının sorğusunu cavablandırmamağın mənası nədir?

Qərbin rəngli inqilablar ssenarisi tarixdə qaldı?

 Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, 44 günlük müharibənin yaratdığı reallıqları qəbul etməyən İran Azərbaycana qarşı 30 ildən bəri davam etdirdiyi düşmən mövqeni açıq müstəviyə keçirdi və keçən ildən etibarən Azərbaycanla təhdid dilində danışmağa başladı: “Azərbaycan sərhədlərində hərbi təlimlərə start verdi və bununla Azərbaycanı qorxutmağı düşündü. Amma bu hərəkətlər tamamilə əks effekt verdi. Azərbaycan İranın bu təpkilərinə qarşı kifayət qədər sərt və qərarlı münasibət bildirdi. O cümlədən, İranla sərhəd ərazilərimizdə Azərbaycan əvvəlcə özü hərbi təlimlər keçirdi, sonra isə qardaş Türkiyənin hərbi qüvvələri ilə birlikdə hərbi təlimlər keçirdərək İrana həddini bildirdi. Keçən ildən başlayaraq Tehran rejimi Qarabağdakı separatçıları və Ermənistanı açıq şəkildə silahlandırmağa davam etməyə başladı ki, bunun da nəticələrini biz bu gün görməkdəyik. Xüsusilə də bu gün artıq mətbuatda öz təsdiqini tapan İran tərəfindən Ermənistana göndərilən 600 ədəd raket kompleksinin, o cümlədən rəsmi şəkildə hələ münasibət bildirilməyən İran dronlarının Ermənistana göndərilməsi və bununla yanaşı 27 İran vətəndaşı terrorçuların Qarabağ ərazisinə göndərilməsi kifayət qədər ciddi mətləblərdən xəbər verir. Bu 27 nəfərin Qarabağa göndərilməsinin ehtimal olunan məqsədinin nədən ibarət olduğu bildirilmişdi. Bu terrorçuların Qarabağa gəlməsi ilk növbədə Qarabağdakı erməni terror qruplaşmalarına, Ermənistan silahlı birləşmələrinin qalıqlarına müəyyən təlimlər keçmək üçündür. Bu ehtimal öz təsdiqini tapmaqdadır. İkincisi, Ermənistana verilən silah, sursat və hərbi texnikalardan istifadə, davranış qaydalarının öyrədilməsi ehtimal edilirdi ki, bu da öz təsdiqini tapmaqdadır. Üçüncü məsələ, bu terrorçuların Qarabağdakı erməni terrorçularla birlikdə müəyyən təxribatçı, terrorçu hərəkətlərə baş vuracağı ehtimalı var. Bunun da baş verəcəyini mən real hesab edirəm. Nəhayət, həmin terrorçuların vasitəsilə İran özünün 40 ildən bəri yaxın və orta Şərqdə sınaqdan keçirdiyi vasitələrə baş vurmaqdadır. Belə ki, Qarabağda da bir terror yuvasını İranın nəzarəti altında yaratmaq və ondan Azərbaycana qarşı istifadə etmək niyyətləri var. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin İrana verdiyi notaya İran tərəfindən heç bir reaksiya, cavab olmamasını iki səbəbdən izah etmək olar. Birincisi, notada qeyd olunan faktlar dəqiqdir və İran hökuməti bunun dəqiq olduğunu bilir, lakin etiraf etmək istəmir. İkincisi, İran hesab edir ki, bu cavabı gecikdirməklə hadisəni unutdurmağa çalışacaq və Azərbaycanı da bir növü yola verə biləcək”.

Politoloq qeyd etdi ki, İranın bu yanaşması qəbul edilən yanaşma deyil. İran düşünməsin ki, Azərbaycan bu məsələnin üstündən keçəcək və unudacaq: “Azərbaycan verdiyi notanın və göndərdiyi sorğunun cavabını istəməkdə davam eləyəcək. Biz bu notanın cavabını davamlı gözləyəcəyik. İranın cavab verməməsi vəziyyəti daha da gərginləşdirir və bunun zərərini özləri görəcək. İranın Qarabağa terrorçular göndərməsi, Ermənistana silahlar pay verməsi bölgədə sülhün və sabitliyin bərqərar olmasına qarşı qəsddir. Bu siyasət davam edəcəksə, iki ölkə arasında münasibətlərdəki gərginlik bir qədər də böyüyəcək. İran, nəhayət, bu avantürist və düşmən münasibətdən əl çəkməlidir və Azərbaycanla normal qonşuluq münasibətlərinə qayıtmalıdır”.

İlyas Hüseynov: Məsuliyyətsiz davranan, qaydaları pozan insanlar  cəzalandırılmalıdır

 İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə bildirdi ki, İranın xüsusi xidmət orqanlarının əməkdaşlarının Azərbaycan ərazisi olan Qarabağa qanunsuz gəlməsi qəbuledilməzdir və İranla Azərbaycan arasında olan qonşuluq münasibətlərinə də tamamilə ziddir: “İran artıq Azərbaycana qarşı məkrli planlarını icra etməkdədir. İranlı diversantların bölgəyə gəlməsi xəbəri araşdırıldığı ərəfədə yeni bir qrup Azərbaycan ərazisinə Laçın yolu vasitəsilə gəlib. Burada İran tərəfinin destruktivliyi ilə yanaşı həm də sülhməramlıların cinayətə ortaq davranışı ortadadır. Sülhməramlıların komandanı general Volkov həmin iranlıları kənd təsərrüfatı mütəxəssisləri adlandırıb və artıq onların bölgəni tərk etdiyini deyib. Lakin nə rəsmi Tehran, nə də İran səfirliyi bu məsələyə münasibət bildirmir. Azərbaycanın Xarici İşlər Nazirliyinin verdiyi notaya susqun bir münasibət sərgilənir. Sanki qəsdən münasibətlərin daha da gərginləşməsini istəyirlər. İranın Ermənistana 600 tank əleyhinə raket göndərməsi isə regional təhlükəsizliyə təhdiddir. İran bölgəni böyük qarşıdurmalara sürükləməyə çalışır. Bu, artıq İranın Azərbaycana qarşı açıq düşmənçiliyindən xəbər verir. Eyni zamanda İran tərəfi hələ də həyata keçirdiyi qanunsuz halları ört-basdır etmək üçün arqument axtarışındadır. Arqument tapa bilmədiklərindən məntiqli bir cavab verə bilmirlər. Heç bir cavabın olmaması isə ortaya çıxan faktların mövcudluğunu təsdiqləyir”. 

Etibar SEYİDAĞA
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR