İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ABŞ və İsrailə meydan oxudu: “Düşmən yenidən hücum ehtimalını itirib”

Musavat.com xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün yayımladığı geniş bəyanatla ABŞ və İsrailə sərt mesaj göndərib. Bəyanatda qeyd olunur ki, 12 günlük müharibə ərzində həyata keçirilən zərbələr nəticəsində İsrailin hücum potensialı tamamilə sıradan çıxıb və “düşmən artıq yeni hücum ehtimalını itirib”.

Baş Qərargahın məlumatına görə, İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) birgə əməliyyatlar zamanı İsrailin bir neçə hərbi obyektinə “dəqiq və sarsıdıcı zərbələr” endirib. Bəyanatda bu hücumların “Yaxın Şərqdə strateji balansı dəyişdirdiyi” iddia olunur.

İran tərəfi bəyan edib ki, ölkə daxilində xalqın birliyi, hərbi hazırlığın səviyyəsi və ali rəhbər Ayətullah Əli Xameneyinin “ilahi iradəsi” bu “müqavimət müharibəsində” qələbəni təmin edib:

“İran xalqının birliyi və ordumuzun qüdrəti sayəsində düşmən bir daha İran torpaqlarına hücum etməyin mənasız olduğunu anlayıb.”

Bəyanatda həmçinin ABŞ və İsrailin mediada qorxu atmosferi yaratmaqla məğlubiyyətlərini ört-basdır etməyə çalışdıqları qeyd olunur:

“Onların yaydığı təhdidlər və informasiya manipulyasiyaları döyüş meydanında əldə edə bilmədiklərini kompensasiya etmək üçündür.”

İran tərəfi xatırladıb ki, son əməliyyatlar zamanı İsrailin nüvə infrastrukturu və hava bazalarına dəqiq zərbələr endirilib. Eyni zamanda, bəyanatda ABŞ Prezidentinin “İran nüvə fəaliyyətlərini bərpa edərsə, yenidən zərbə endirəcəyik” xəbərdarlığına da münasibət bildirilib. Tehranın açıqlamasına görə, bu bəyanat “İranın qətiyyətini sarsıtmaq məqsədilə” verilsə də, nəticəsiz qalıb.


Baş Qərargahın son hissəsində İranın müqəddəs ziyarətgahlarını və ərazi bütövlüyünü müdafiədə “tam qətiyyətli” olduğu xüsusi vurğulanır:

“İranın müqəddəs torpaqlarına və ziyarətgahlarına yönələcək hər hansı bir təxribat və ya hərbi səhv, düşmən üçün sarsıdıcı və geri dönüşü olmayan cavabla nəticələnəcək.”

Bizə görə bu bəyanat əsasən İranın daxili auditoriyasına hesablanmış siyasi mesajdır. Onun realda ABŞ və İsrailin yeni hücum dalğasına dözəcək potensialı yoxdur. Bu, iyun ayına təsadüf edən 12 günlük müharibədə də sübuta yetirildi.

İstənilən halda, İranın bu sərt bəyanatı Yaxın Şərqdə növbəti eskalasiya dalğasının xəbərçisi kimi də dəyərləndirilir.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Noyabr 2025

03 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR