İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadçıdan ŞOK açıqlama: "Kazino turizmi müasir turizmin vacib hissəsidir, ona görə də... "

Son vaxtlar Azərbaycanda turist axınını daha da artırmaq və qeyri-neft sektorunun inkişafına yeni təkan vermək üçün kazinoların yenidən bərpa olunması məsələsi gündəmə gətirilir. Təklif olunur ki, xüsusi müəyyən olunmuş zonalarda və ciddi nəzarət mexanizmləri çərçivəsində kazino fəaliyyətinə icazə verilsin. Bu ideya ilk baxışda cəmiyyətdə müəyyən suallar və ehtiyatlı yanaşmalar doğursa da, iqtisadi baxımdan real üstünlüklər vəd edir.

Bir sıra iqtisadçılar və turizm mütəxəssisləri hesab edir ki, Azərbaycanda da kazino biznesi düzgün hüquqi çərçivədə təşkil olunarsa, bu, həm yerli, həm də xarici turistlər üçün cəlbedici imkanlar yaradacaq. Bununla yanaşı, qonşu ölkələrə kazino məqsədilə axının qarşısı alınaraq yerli iqtisadiyyatın inkişafına töhfə verilə bilər.

Əlbəttə, bu sahənin bərpası risklərdən də azad deyil. Ən böyük narahatlıqlardan biri çirkli pulların yuyulması, sosial problemlərin artması və asılılıq hallarının çoxalması ehtimalıdır.

 WhatsApp Image 2025-04-27 at 14.45.23.jpeg (282 KB)

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında deyib:

"Mən hesab edirəm ki, kazino biznesi ölkəmizdə ən vacib istiqamət olan qeyri-neft sektorunun, prioritet istiqamətlərindən olan turizm sektorunun inkişafı üçün son dərəcə önəmli bir sahədir. Bu baxımdan, ölkəmizdə məhdud istiqamətlərdə, məhdud saylarda və məhdud ərazilərdə, xüsusi zonalarda, xüsusi yerlərdə olmaq şərtilə də olsa, fəaliyyəti təmin olunmalıdır. Onsuz da bu gün kazino fəaliyyətinə oxşar, müxtəlif uduşlu, insanlara udmaq şansı yaradan, amma böyük əksəriyyətdə eyni zamanda da vəsaitləri uduzduran, pullar xərclədən müxtəlif mexanizmlər var və bunlar mediada kifayət qədər reklam olunur.

Düşünürəm ki, bu zaman niyə kazino fəaliyyəti göstərilməsin ki? Bəli, bu zaman bir məsələ ortaya çıxır ki, dünyanın bir çox ölkələrində kazino fəaliyyəti həm də çirkli pulların yuyulmasına imkan yaradır. Çirkli pulların yuyulması üçün kazino oyunları bir vəsilə olur. Bu isə ölkəmiz üçün, düşünürəm ki, müəyyən riskli məqamlar yaradır, ölkənin iqtisadi maraqları və digər hüquqi maraqlar baxımından. Sadəcə çirkli pulların bu kazinolarda yuyula bilməməsi üçün müxtəlif mexanizmlər, düşünülmüş alqoritmlər yaradıla bilər. Bunlar yaradıldıqdan sonra ölkəmizdə kazino fəaliyyəti bərpa edilə bilər.

Bu, hesab edirəm ki, xarici turistlərin ölkəmizə səfərini stimullaşdıran bir element ola bilər. Çünki turistlər getdikləri ərazilərdə eyni zamanda bu imkanın da olmasını arzulayırlar. Baxın, ölkəmizə gələn turistlərin 80 faizi Bakıdan o tərəfə çıxmır. Bakıda nə dağ var, nə şəlalə, nə çay, nə meşə. İnsanların əylənməsi üçün xüsusi kanatlar da yoxdur. Turizm şəhərində kazino fəaliyyəti isə müasir turizmin vacib tələblərindən biridir.

Eyni zamanda bu, yalnız xarici turistlərin ölkəyə cəlb olunması ilə məhdudlaşmayacaqdır. Əlavə olaraq, yerli turistlərin xaricə, kazinolar üçün getmək istəyini də azaldacaqdır. Əgər şəffaf statistikası aparılarsa, düzdür, bunu aparmaq, xüsusən də dəqiq aparmaq çox çətindir, məlum olar ki, nə qədər insan hansı böyük vəsaitləri məhz Azərbaycandan çıxararaq xaricdəki kazinolarda istifadə edir". 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR