Onlayn ictimai-siyasi qəzet
“Beynimizdə pozitiv və neqativ emosiya mərkəzləri var. İstənilən tələbatımız ödəndikdə pozitiv emosiya mərkəzi, uğursuzluğa düçar olduqda isə neqativ emosiya mərkəzi oyanır. Adətən gündəlik həyatda bu iki mərkəzin tonusu bərabər olur”.
Musavat.com xəbər verir ki, bu fikirləri həkim-nevroloq Qalib Əsədov öz sosial media hesabında qeyd edib.
O bildirib ki, hansısa səbəbdən pozitiv emosiya mərkəzi həddindən çox oyandıqda (məsələn, sevinəndə) insan eyforiya vəziyyətində olur:
“Yəni özünü həddindən çox xoşbəxt hiss edir, sevinc dolu anlar yaşayır, hər kəsə yaxşılıq etmək istəyir, mərhəmətli və qayğıkeş olur. Əgər neqativ emosiya mərkəzinin tonusu yüksələrsə, insan depressiyaya düşür, qəzəbli və aqressiv olur, ətrafdakılara qarşı sərt, kəskin mövqe sərgiləyir. Tarix boyu alimlər (Hoffman, Kastaneda, Şulqin və s.) pozitiv emosiya mərkəzinin tonusunu yüksəltmək, başqa sözlə, insanları xoşbəxt etmək üçün müxtəlif kimyəvi maddələr əldə etməyə çalışıblar. Lakin təəssüf ki, alınan bütün bu maddələr narkotikdir və bu yolla insanları xoşbəxt etmək mümkün deyil”.
Həkimin sözlərinə görə, cəmiyyətdə neqativ emosiya çoxalarsa, bu zaman cinayətkarlıq artır, insanlar bir-birlərinə aqressiv münasibət göstərir:
“Daha qəddar davranış sərgiləyir, digər somatik xəstəliklər də daha bədxassəli gedişə malik olur. Bunu tənzimləmək üçün hələ qədimdən insanlara pozitiv emosiya verən, onları əyləndirən kütləvi tədbirlər - olimpiada oyunları, teatr, konsert, müxtəlif adlar altında bayramlar təşkil olunurdu”.
Bundan başqa, Qalib Əsədov bayram günlərində sərgilədiyimiz davranışlardan da bəhs edib:
“Hər kəsə kömək etmək istəyir, daha mərhəmətli olur, hətta sizi incitdiyinə görə küsdüyünüz adamla belə barışmağa hazır oluruq. Düşünürəm ki, indiki dövrdə insanlara az da olsa pozitiv emosiya alması üçün şərait yaratmaq lazımdır. İnsanların bu gün pozitiv emosiya almağa çox ehtiyacı var”.
Sultan Məmmədli
Musavat.com
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ