İnsanlara hürriyət, millətlərə istiqlal!

İndira Qandinin xalası oğlu

Ruben Vardanyanın və sair erməni quldurlarının məhkəməsi başlayıb. Bu münasibətlə Vardanyanın adından dünya informasiya məkanında bir bəyanat paylaşılır, açığı, düşmən də olsa Vardanyanın belə pis vəziyyətə düşməsini arzulamazdım, ancaq bir qədər gülməyim də tutdu, nə gizlədim. Çünki Ruben müəllim o mətndə özünü nə az, nə çox - Mahatma Qandi ilə müqayisə edib. Guya eynilə onun kimi sülh, dinclik-zad arzulayır, istəyir azadlığa çıxsın, gedib bizimkilərlə birgə savaşda ölənlərin - həm ermənilərin, həm azərbaycanlıların məzarlarını ziyarət eləsin və sairə və ilaxır.

Əlbəttə. Sən Qandisən, yəqin Paşinyan da Nehru olar. Sarkisyan İndira Qandi, Araik Cimi, Köçəryan da, nə bilim, Zitanın xalasının əri. Yazıq qonşularımızda bu cür “yuxarıdan getmək” həmişə olub və həmişə də bu xasiyyət üzündən həm özləri zibilə düşüb, həm bizim kimi qonum-qonşuları. Müqayisə edirsən, heç olmazsa Saxarovdan-zaddan misal çək. Üstəlik, qahımlıq da olmalıdır, yanılmıramsa Saxarovun arvadı erməni idi. Yoxsa Qandi... Guya Qandi oliqarxların çirkli pullarını fırladaraq, 90-ların dərəbəylik şəraitində, maliyyə piramidaları tüğyan edən dövrdə Rasiyada milyonçu olub, sonra həmin pullarla başqa dövlətin ərazisində separatçılıq edib. Sözgəlişi, rəhmətlik Mahatma müəllimi heç Himalay dağlarında “Toyota” maşınında ələ keçirməmişdilər, aksiyalarını payi-piyada həyata keçirirdi. 

Ancaq, insafən, müsbət dəyişikliyi qeyd etməliyik. Vardanyan bizim türməyə düşənəcən bundan da ötkəm guruldayırdı, qan-qan deyirdi. Bəlkə kiminsə yadından çıxıb, mən dəqiq xatırlayıram ki, gəlib Qarabağdakı qədim çinarın altında “öldü var, döndü yox” mahnısı oxumuşdu. İndi sülh, qardaşlıq söhbətləri açır. Sanki müəyyən qədər islah olunmuşdur. Hələ gör məhkəmə qərarından sonra, 13 nömrəli kalona getsə (misal üçün) necə mülayimləşə bilər. Necə deyərlər, adın nədir, Mülayim... Dövlətimiz bu istiqamətdə çalışır. Əlaqədar orqanlara dərin minnətdarlıq teleqramı göndəririk. 

Hərçənd, bizim bu humanist siyasəti düzgün qiymətləndirməyən əcnəbilərə də ərazidə vaxtaşırı rastlaşırıq. Onlara elə gəlir ki, sanarsan Azərbaycanın mərhəmət və səxavət limiti, kisəsi sonsuza qədər genişlənir, el dilində desəm, bezrazmer şeydir. Nə qədər istəsən dart, uzanır. Qəti elə şey yoxdur. Səbrimizin həddi-hüdudu var. O cümlədən, səbrimizin həddini qanunsuz keçən, əsəblərimizdə elan olunan karantin qaydalarını pozanlara qarşı kəskin mübarizə metodları tətbiq edilir.  

Tipik örnəyi təzəlikcə nazirliklərin birində yaşandı. Orada Bolqarıstandan bir zənən xeylağına nazir müavini vəzifəsi həvalə edilmişdi. Sanki özümüzdə nazir müavini qurtarmışdı. Bəlkə yaxşı rəqs etdiyi üçün qoyulmuşdu - dəqiq bilmirəm. Olsun, qlobal dövlətik, buna etirazımız yoxdur. Ancaq hörmətli zənən bu etimadı doğrultmaq yerinə cızığından çıxıbmış. Basıb gənc idmançılarımızı, məşqçiləri döyürmüş. Qovulmasa, tamaşaçılara əl qaldıracaqdı. Bunun hərəkətləri hətta dünya miqyasında bizi biabır edib, çünki döyülən idmançılar beynəlxalq federasiyaya şikayət yazıbmış. O şikayət üzündən Azərbaycan gimnastika yarışlarından bir müddət kənar edilibmiş. 

Yuxarıda yazdığım kimi, bizim hökumət humanistdir, ancaq onun da səbrinin hüdudu var. Özümüz dura-dura, özgəsi niyə bizi döyməlidir? Adamın şəninə toxunur. Bu temada millətçi Etibar müəllim yaxşı deyibdir: “Öz millətimin cibi, başqa millətin kassasından əzizdir”.

Ona görə nazir müavininin işdən çıxarılmasını zəhmətkeşlərimiz böyük minnətdarlıq hissi ilə qarşılamışdır. İnşallah, bir daha bolqarıstanlıları nazir müavini qoymarıq. Bəlkə özlərini sınamaq imkanı bu dəfə rumınlara və slovakiyalılara, macarlar və makedoniyalılara, çernoqoriyalılar və xorvatlara, serblər və polyaklara verilməlidir. Mümkündür ki, ən azı dost macar və slovak xalqlarından dövlətçiliyə uyğun nazir müavinləri tapa bilərik.  

İndi söz əlaqədar təşkilatlarındır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR