Onlayn ictimai-siyasi qəzet
Orta məktəbdə oxuyanda elə bir gün olmazdı ki, məni Azərbaycan dili və ədəbiyyatı dərsində lövhə qabağına çıxarmasınlar. Bu fənləri keçən məktəb direktorumuza qarşı bir yekəbaşlıq eləmişdim, nəsə bir hərf səhvi tutmuşdum, o da sinifə girən kimi deyirdi, dur, gəl, dərsi danış. Çıxıb danışırdım.
Əslində müəllimlər dərsə hazır olub-olmadığımı soruşsalar da, soruşmasalaar da, ədəbiyyata və ana dilinə sevgim böyük idi. Problem bircə hərdən, rus demişkən, “bukvoyed”lik etməyimdə idi. O da yüngülvarı qulaqburma ilə tənzimlənirdi.
Həmin illərdə mənə elə gəlirdi ki, yaşca böyüklər çox savadlıdırlar, yazılarında səhv tapmaq mümkün deyil, olsa-olsa, nəsə mexaniki səhvlər olar.
Sonralar gördüm ki, yox, elə ağıllı adamlar var ki, çox savadlı görünürlər, yalan olmasın, yerin altını da, üstünü də bilirlər və onları aldatmaq, yanlarında ən xəfif yalan belə danışmaq mümkün deyil, amma, məsələn, yazıları bu cürdür: “Fizuli rayonun Aşağa Seydəhmədli kənti”. Göründüyü kimi, 5 sözün beşində də səhv var. Bu isə bizim kənd üçün böyük minus sayılırdı. Kəndimizin adı “yazan kənd” kimi çıxmışdı. Qrammatik qaydaları bilməmək bizə yaraşmazdı. Sov.İKP MK katibləri, Siyasi Büro üzvləri deməzdilərmi ki, məktublarda səhvlər var?
Hətta belə bir əhvalat olmuşdu: qonşu kənddə sovxoz direktoru vəzifəsində işləyən həmkəndlimiz Əsgər kişinin üstünə ərizə gətirirlər. Direktor oxuyur, görür ki, sürücü maşını üçün ehtiyat hissələr istəyir, amma ərizəsində çoxlu hərf səhvi var. Əsgər kişi sürücünü yanına çağırır, ərizəni masanın üstünə qoyur, deyir ki, ərizəndə çoxlu hərf səhvi var. Sürücü də bir az hazırcavab, bir az da dikbaş adam olur, deyir, ay sədr, ərizəmdə səhv varsa, qırmızı qələmlə düzəlt, altından “iki”mi yaz, amma üstündən də dərkənar qoy ki, mənə zapçast versinlər.
Lap sonralar alı məktəbdə oxuyanda, əmək kollektivlərində işləyəndə gördüm ki, yox, ölkə əhalisinin 99 faizi qrammatik qaydalara uyğun, səhvsiz yaza bilmir. Onların arasında jurnalistlərin, yazıçıların olduğunu görəndə isə, açığı, əlim-ayağım yerdən üzülmüşdü. Sonralar öyrəşdim, anladım ki, redaktor və korrektorlar sırf belə şeylər üçündür. İndinin özündə iş üçün müraciət edən gəncin gözümüzün qabağında yazdığı mətnin birinci cümləsində səhv olmursa, dərhal deyirəm, bunu işə götürək, tapıntıdır.
Ona görə də DİM rəhbəri Məleykə Abbaszadənin yazıçıları, yazarları imtahana çəkmək barədə çağırışı mənə o qədər də qəribə gəlmədi. Yeri gəlmişkən, köhnə adamların yaddaşında imtahana dair bir demaqoji ifadə var: “İmtahan bizim üçün həmişə bayramdır”. Şurikin filmindən qalıb.
Hərçənd, akademik Ramiz Mehdiyevin “Azərbaycanın inkişaf dialektikası” kitabına əl basıb and içərəm ki, Məleykə xanım ana dilimizdə bir səhifəlik nəsə bir mətn yazsa, mən onu qırmızı qələmlə yoxlayıb, kağızı qıp-qırmızı etməsəm, qələmi yerə qoyar, noutbukumu tərsinə qanırıb qıraram.
Amma yazıçı və jurnalistlərin əvəzindən də and içə bilmərəm ki, onların yarısı o imtahanda, sovet müəllimlərinin sözü olmasın, müvəffəq qiymət ala bilərlər. Çoxumuz kəsilərik. O sırada mən də ola bilərəm. Çünki axırıncı dəfə lövhəyə çıxıb dərs danışmağımdan 45 il keçib. O vaxtdan bəri dilə aid bilgilərin bəziləri yaddan çıxıb, bəzi qrammatik qaydalar da dəyişikliyə uğrayıb. İndiyə təyin, tamamlıq, məsdər, zərflik və s. barədə bilgi qalar? Bir xeyli sözün yazılış qaydası dəyişib. Bizim vaxtımızda apostrof deyilən bir şey vardı, indi yoxdur.
Ümumiyyətlə isə yazı yazanda qrammatik qaydalara riayət etməmək dünya trendinə çevrilib. Bütün ölkələrdə necə gəldi, yazırlar. Bu isə çox yanlışdır. Bir vergülün yerində qoyulmamasının həyat bahasına başa gəldiyi barədə əfsanəvi söhbəti, yəqin ki, çoxunuz bilirsiniz. Azınız bilməz ola bilər deyə, təkrar yazıram. Deyirlər, Stalin bir dəfə birin dosyesinə belə bir dərkənar qoyubmuş: “Rasstrelyat nelzya pomilovat”. Adamı aparıb güllələyiblər. Halbuki vergül işarəsi “pomilovat”dan əvvəl qoyulsa, adamı buraxacaqmışlar. Sadəcə, Stalinin təcrübəsində əfv etmək söhbəti olmadığına görə fikirləşiblər ki, rəhbər gülləni nəzərdə tutur.
Çalışmaq lazımdır düzgün yazanlar çox olsun. Bundan ötrü mütaliə əsas şərtdir. Çox yox, 5-6 yüz sözün düzgün yazılışını bilmək, düzgün cümlə qurmaq yetər.
21 Mart 2025
20 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ