İnsanlara hürriyət, millətlərə istiqlal!

“İmmunitet sisteminin effektiv olması üçün bunu etmək lazımdır” - Həkim AÇIQLADI

“İmmunitet sisteminin effektiv olması üçün profilaktik müayinələrdən keçmək və sağlam həyat tərzinə riayət etmək lazımdır”.

Musavat.com xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib.

Musahibəni təqdim edirik:

- Günay xanım, ilk öncə bilmək istərdik ki, immunitet nədir?

- İmmunitet orqanizmdə qoruyucu funksiyanı yerinə yetirən sistemdir. O, xarici elementləri tanımaq və onları məhv etmək üçün məsuliyyət daşıyır. İnsanlar üçün təhlükə yaradan xarici amillər mikroorqanizmlər və onların metabolik məhsullarıdır (viruslar, bakteriyalar, göbələklər və onların toksinləri). Bədənin özündə mutasiyaya uğrayan hüceyrələrin məhvinə də immunitet sistemi cavabdehdir.

- İmmunitetin neçə növü var?

- İmmunitetin anadangəlmə və qazanılan növləri var. Onlar birlikdə potensial təhlükəli amillərə qarşı immun cavabı verirlər. Anadangəlmə (qeyri spesifik) immunitet irsi olaraq ötürülür, qazanılan isə xəstəlik və ya peyvənddən sonra yaranır.

- Anadangəlmə immunitetin xüsusiyyətləri hansılardır?

gunay_ismayilova.jpg (1004 KB)

- Anadangəlmə immunitet insanda doğulduğu andan mövcud olur. Dəri anadangəlmə immunitetin tərkib hissəsidir. O, xarici maddələrin orqanizmə daxil edilməsinə mane olur. Tər vəzilərinin ifrazı da qoruyucu xüsusiyyətlərə malikdir, çünkü turş mühit bəzi bakteriyalara zərərli təsir göstərir. İnsan tüpürcəyində də orqanizmi qoruyan fermentlər var.

- Anadangəlmə immunitetin növləri haqqında da məlumat verərdiniz...

- Anadangəlmə immunitet spesifik və ya fərdi ola bilər. Spesifik immunitet bir orqanizmin müəyyən patogenlərə qarşı toxunulmazlığı ilə xarakterizə olunur. Məsələn, insanlarda bəzi patologiyalara rast gəlinə bilir ki, heyvanlar onlarla xəstələnmir (vəba, qızılca və ya su çiçəyi). Eyni qayda da əks hallar olur: heyvanlarda aşkar edilən bəzi xəstəliklər (məsələn, it piroplazmozu) insanlar üçün təhlükəli deyil.

İndividual anadangəlmə immunitet insandan insana fərqlənir. Valideynlərdən uşağa genetik olaraq, həmçinin anadan uşağa bətndaxili ötürülür. Uşaq yad hüceyrələrlə mübarizə aparmağa kömək edən anticismlər alır.
Hüceyrə səviyyəsində immunitet müxtəlif növ "ağ" qan hüceyrələri ilə (monositlər, makrofaqlar, bazofillər, neytrofillər və eozinofillər) təmsil olunur. Bu hüceyrələrin hər birinin özünəməxsus funksiyası var. Molekulyar səviyyədə isə bəzi zülallar və fermentlər qoruyucu xüsusiyyətlərə malikdir.

- Bəs qazanılan immunitetin xüsusiyyətləri və növləri hansılardır?

- Qazanılan immunitet həyat boyu formalaşır və hər bir insan üçün unikaldır. Anadangəlmə immunitetdən fərqli olaraq, qazanılan immunitetin cavab reaksiyası üçün yad cismləri tanıması və yadda saxlamasına zaman lazımdır. Amma növbəti dəfə orqanizmin reaksiyası daha sürətli olur. Belə ki, immun hüceyrələri bu patogenlə artıq tanışdır və necə hərəkət edəcəyini bilirlər.

Qazanılan immunitet təbii və ya süni ola bilər. Təbii immunitet isə öz növbəsində aktiv və passiv növlərinə bölünür. Aktiv qazanılan immunitet xəstəlikdən sonra formalaşır. Passiv isə ana südü vasitəsilə əldə edilir. Ana südü ilə körpəyə ötürülən anticismlər onu təxminən altı ay qoruyur. Bundan sonra körpənin orqanizmi anticismləri öz-özünə sintez etməyə başlayır.

Süni immunitet peyvəndlər və ya zərdablar vasitəsilə əldə edilir. Peyvəndin tərkibində öldürülmüş və ya zəifləyən mikroorqanizmlər var. Peyvənd sağlam insanlara vurulur. Peyvənddən öncə yoluxucu xəstəliyi və ya peyvənd üçün hər hansı bir əks göstərişlərin istisna edilməsində həkim müayinəsi mütləqdir.

Peyvənddən fərqli olaraq, zərdabda hazır anticismlər mövcuddur. Zərdabın istifadəsindən sonra süni passiv immunitet yaranır. Bu qorunma qısa müddət ərzində davam edir. Zərdab müəyyən bir xəstəliyin qarşısının alınması üçün (məsələn, heyvan dişləməsi zamanı və s.) istifadə olunur.

- Peyvənd və zərdabın fərqi nədədir?

- Peyvənd və zərdab arasındakı əsas fərq tərkibindədir. Peyvəndin tərkibində antigen kimi fəaliyyət göstərən təsirsizləşdirilən və ya zəifləmiş mikroorqanizmlər var. Onlara cavab olaraq orqanizmdə anticismlər sintezə məruz qalır. Zərdabın tərkibində isə istifadə olunduğu gündən etibarən qorunmanı təmin edən hazır anticismlər var.

- İmmun sistemin zəif olmasının əlamətləri hansılardır?

- İmmun sistemin zəif olmasının əlamətlərinə tez-tez respirator virus infeksiyalarına, bakterial infeksiyalara, göbələk infeksiyalarına məruz qalma, uzun müddət sağalmayan yaraların olması aiddir.

- Yuxu immunitetə necə təsir edir?

- Yuxu rejimi güclü immunitetin əsas şərtlərindən biridir. O, gün ərzində alınan məlumatların emalı və orqanizmin hüceyrələrinin yenilənməsi üçün vacib bir prosesdir. Yuxunun olmaması ilə immunitet sistemi zəifləyir və orqanizmin xəstəliyin törədicinə reaksiya sürəti yavaşlayır. Yuxunun miqdarı ən az 7-8 saat olmalıdır. Düzgün yuxu rejiminin olmaması immun sistemini zəiflədən ən önəmli faktorlardan biridir.

- İmmun sistemin güclü olmasında qidalanmanın rolu haqqında məlumat verərdiniz...

- İmmun sisteminin adekvat işləməsi üçün düzgün qidalanma çox vacibdir. Gündəlik olaraq kifayət qədər tərəvəz və meyvə qəbul etmək məsləhətdir.

Sağlam immun sistemi üçün təbii şəraitdə yetişdirilən məhsullara üstünlük vermək lazımdır. Bundan əlavə, bütün orqanların tam işləməsi üçün gündə kifayət qədər maye içmək vacibdir.

- Stress immunitet sisteminə necə təsir edir?

- Emosional vəziyyət birbaşa immun sistemə təsir edir. Daimi stress, uzun müddət davam edən depressiya xroniki xəstəliklərin kəskinləşməsi və yeni xəstəliklərə tutulma riskinin artmasına səbəb olur. Əksinə, müsbət emosiyalar orqanizmə infeksiyaların öhdəsindən daha tez gəlməyə imkan verir.

- İmmuniteti artırmaq üçün nə etmək lazımdır?

- İnsanın immun sistemi mürəkkəbdir. Bu sistemin güclü qalması üçün müntəzəm olaraq sağlamlığınızın qayğısına qalmaq, profilaktik müayinələrdən keçmək, stressdən qaçmaq, daha çox hərəkət etmək, sağlam həyat tərzinin prinsiplərinə riayət etmək lazımdır. Bu təqdirdə immunitet sistemi öz funksiyalarını effektiv şəkildə yerinə yetirəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR