İnsanlara hürriyət, millətlərə istiqlal!

İmamoğluna prokurorluqdan 7 SUÇLAMA - Əkrəmi NƏ GÖZLƏYİR...

İstanbul Baş Prokurorluğu iki ayrı istintaq çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu da daxil olmaqla 106 nəfər barəsində həbs qərarı çıxarıb. Hazırda İmamoğlu da daxil olmaqla 87 nəfər həbsdədir.

Musavat.com "Hurriyet.com"a istinadən xəbər verir ki, Baş Prokurorluğun şübhəlilərə qarşı irəli sürdüyü ittihamlar aşağıdakılardır:

gozaltindaki-ekrem-imamoglu-na-7-1.jpg (43 KB)

İttihamlar:

Cinayət təşkilatının lideri və üzvü olmaq – Prokurorluq "Medya A.Ş."də həyata keçirilən qanunsuz əməliyyatların cinayətkar təşkilat tərəfindən idarə edildiyini bildirir. Təşkilatın liderinin Əkrəm İmamoğlu olduğu, Murat Ongun, Tuncay Yılmaz, Fatih Keleş və Ertan Yıldızın da rəhbər vəzifələrdə olduğu iddia edilir. Digər 95 nəfərin isə bu cinayətkar şəbəkənin üzvü olduğu bildirilir.

Rüşvət alma və vermə – "Medya A.Ş." istintaqı çərçivəsində şübhəlilərin bir çox sahibkardan rüşvət tələb etdiyi, imtina edənlərə isə bələdiyyə qərarları vasitəsilə təzyiq göstərildiyi iddia olunur. Qanunsuz yolla əldə edilən əmlakın bəzi iş adamları tərəfindən təşkilatın maliyyə resursu kimi istifadə olunduğu bildirilir.

Korrupsiya və mənimsəmə – Şübhəlilərin iş adamlarını qeyri-qanuni ödəmələr etməyə məcbur etdiyi, çirkli pulları müxtəlif vasitələrlə yuduqları və qanunsuz yollarla mənfəət əldə etdikləri iddia edilir.

Tender saxtakarlığı – İstanbul Böyükşəhər Bələdiyyəsi və ona bağlı şirkətlər tərəfindən açıq hava reklamları, xidmət satınalmaları və saxta müqavilələr vasitəsilə tenderlərin qanunsuz aparıldığı iddia olunur.

Dələduzluq və fırıldaqçılıq – Şübhəlilərin həm öz adlarına, həm də SGK sığortası ilə işçiləri adına qurduqları şirkətlər vasitəsilə İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı Media A.Ş. və Kültür A.Ş.-dən həddindən artıq yüksək qiymətə işlər aldıqları, bəzi layihələrin isə heç icra edilmədiyi bildirilir.

Şəxsi məlumatların qanunsuz əldə edilməsi – İstanbul sakinlərinin şəxsi məlumatlarının qanunsuz şəkildə toplanaraq təşkilatın məqsədləri üçün istifadə edildiyi iddia edilir.

PKK/KCK terror təşkilatına yardım – Şübhəlilərin "Şəhər Konsensusu" adlı fəaliyyətə bilərəkdən qoşulduğu, bu strukturun terror təşkilatına rəğbət bəsləyənlər üçün bir platforma olduğu iddia edilir.


bbxWj_1742397397_2736-2.jpg (79 KB)

İmamoğlunu gözləyən 4 ehtimal

İmamoğlu 20 mart səhər saat 06:30-da həbs olunub. 4 günlük saxlanma müddətini nəzərə alaraq, ən geci 23 mart bazar günü saat 06:30-da məhkəmə qarşısına çıxmalıdır. Onun qarşısında dörd mümkün ssenari var:

Sərbəst buraxılma – Əgər məhkəmə onun azad olunmasına qərar verərsə, İmamoğlu öz vəzifəsinə qayıdaraq İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri kimi fəaliyyətini davam etdirə bilər.

Vəzifədən uzaqlaşdırılma – Azadlığa buraxılsa belə, "terrorçuluq" ittihamı ilə istintaqa cəlb olunduğu üçün Daxili İşlər Nazirliyi onu vəzifədən uzaqlaşdırıb yerinə müvəqqəti rəhbər təyin edə bilər.

Həbs və bələdiyyəyə qəyyum təyin edilməsi – Əgər İmamoğlu “terror təşkilatına yardım” ittihamı ilə həbs olunarsa, Daxili İşlər Nazirliyi Esenyurt Bələdiyyəsində olduğu kimi İstanbul Böyükşəhər Bələdiyyəsinə qəyyum təyin edə bilər.

Bələdiyyə Məclisinin yeni rəhbər seçməsi – İmamoğlu "mütəşəkkil cinayət təşkilatı" ittihamı ilə həbs olunarsa, İstanbul Böyükşəhər Bələdiyyə Məclisi Beşiktaş Bələdiyyəsində olduğu kimi seçki keçirərək yeni rəhbər təyin edəcək.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Mart 2025

27 Mart 2025

BÜTÜN XƏBƏRLƏR