Onlayn ictimai-siyasi qəzet
"İtaliya prezidenti Sercio Mattarella ilə görüşmək şərəf olardı".
Musavat.com xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Mask X səhifəsində yazıb.
Bununla bağlı "Financial Times" qəzetində maraqlı məlumat dərc olunub.
Qəzetin məlumatına görə, məsələ İtaliyada 1,5 milyard dollar dəyərində "Starlink" müqaviləsinin bağlanmasının məqsədəuyğun olub-olmaması ilə bağlı yaranan şübhələrlə bağlıdır.
Qeyd edək ki, İtaliya diplomatlardan, hərbçilərdən və xaricdə çalışan digər dövlət qulluqçularından ibarət şəxslər üçün təhlükəsiz rabitə yaratmaq məqsədilə İlon Maskla 5 illik saziş bağlamağı planlaşdırırdı. Lakin ABŞ və Avropa arasında artan fikir ayrılığı səbəbindən bu müqavilə baş tutmaya bilər, məhz bu, Maskı İtaliya prezidenti ilə görüşməyə sövq edib. Bildirilir ki, məhz prezident bu müqavilənin bağlanmasına mane olur.
Sercio Mattarella "Starlink" barədə heç bir açıqlama verməyib. Lakin Mattarella əvvəllər İlon Maskı İtaliyanın daxili işlərinə qarışmaqda tənqid edib. Xüsusilə, Maskın İtaliya baş naziri Meloninin qeyri-leqal miqrantların qarşısını almaq təşəbbüsünə qarşı qərar çıxaran italyan hakimlərin vəzifədən kənarlaşdırılmasını tələb etməsi bu ölkədə qəzəb doğurub.
Bundan əlavə, İtaliyanın dünyanın ən böyük peyk operatorlarından biri olan "Eutelsat" şirkəti ilə danışıqlara başladığı qeyd olunur.
Musavat.com
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ